MAHMUDOVUN GƏLİNİ İSTİNTAQDAN YAYINIB - Hacıyevin qızına və sürücüsünə milyonlarla kredit verilib - YENİLƏNİB

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Beynəlxalq Bankın sabiq prezidenti Cahagnir Hacıyev bir sıra sensasiya doğuracaq bəyanatlar səsləndirməkdədir. Cahangir Hacıyev sonuncu prosesdə sabiq MTN rəhbəri Eldar Mahmudovun gəlini olan qızı Leyla Mahmudovanın adına külli miqdarda kredit borcu yazılması barədə danışıb.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Beynəlxalq Bank işi” ilə bağlı araşdırmalar başlayanda Eldar Mahmudovun oğlu Anar Mahmudovun həyat yoldaşı Leyla Mahmudova da “Bandotdel” çağrılıb. Ancaq Böyük Britaniyada olan Leyla Mahmudova bu dəvəti qəbul etməyib və bir daha Azərbaycana gəlməkdən imtina edib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, Leyla Mahmudova barəsində Dövlət Sərhəd Xidmətinə ölkəyə gələcəyi təqdirdə “Dayandırılsın” əmri verilib.

cahangir_haciyev-bankQeyd edək ki, avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə də onun ailə üzvlərinə kredit verməsindən danışılıb. Musavat.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verib.

Xatırladaq  ki, ötən məhkəmə prosesində Cahangir Hacıyev özü ifadə vermişdi.Prosesin əvvəlində Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxışında məhkəmə proseslərinin tez-tez keçirilməsinə etiraz edib. O, bildirib ki, həftədə 3 dəfə məhkəmənin keçirilməsi, müvəkkilləri ilə görüşmələrinə problem yaradır.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin dindirilməsi başa çatana qədər məhkəmə bu şəkildə davam edəcək. Şahidlərin dindirilməsi zamanı isə vəkillərin bu vəsatətinə baxılacaq.

F.Mehdiyev digər təqsirləndirilən şəxslərin vəkillərinin Cahangir Hacıyevə ittiham edici suallar verməməsini istəyib və deyib ki, bu, vəkil etikasına sığmır.

Prosesin davamında təqsirləndirilən Anar Sultanovun ifadə verib. O, 1997-ci ildən 2004-cü ilə qədər Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışdığını, 2004-2010-cu illər arasında isə Mərkəz filialının rəhbəri olduğunu deyib. Bildirib ki, qaydalara görə, baş idarənin göstərişi olmadan filialın təminatsız 2 min, təminatlı olaraq isə 5 min manat kredit vermək səlahiyyəti olub: “Bundan yuxarı kreditlər kredit komitəsi, idarə heyəti kimi qurumların qərarı ilə ayrılırdı. İstintaqdakı ifadəmi təsdiqləyirəm. Baş idarə qərar verəndən sonra kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı. İdarə heyətinin qərarlarının icrası mənim üçün məcburi idi”.

A.Sultanov daha sonra prokurorun suallarını cavablandırıb.

Prokuror: 

- Cahangir Hacıyevə və yaxınlarına plastik kartlarla kredit verilibmi?

 

A.Sultanov: 

- Banka müştərilər göndərilirdi. İdarə heyəti qərar verirdi, biz də onu icra edirdik.

Prokuror: 

- Cahangir Haycıyev də daxil olmaqla, onun yaxınlarının adına kredit verilməsi ilə bağlı göstəriş kim tərəfindən verilib?

 

A.Sultanov: 

- Cahangir Hacıyev tərəfindən.

Prokuror: 

- Siz Cahangir Hacıyevə kredit verəndə onunla bağlı sənədləri yoxlandınızmı?

 

A.Sultanov: 

- Mən ondan bu sənədləri tələb edə bilməzdim. Bizim bu işdə sırf texniki rolumuz olub.

Prokuror:

- Siz bilirdinizmi ki, banka aid olan şəxslərə kredit ayrılması üçün Müşahidə Şurasının qərarı olmalıdır?

A.Sultanov: 

- Bizə idarə heyətinin qərarları çıxarış formasında gəlirdi.

Daha sonra A.Sultanov C.Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı sualları cavablandırıb.

O, deyib ki, idarə heyətinin 57 nömrəli qərarı ilə Aydın Mehdiyevə kredit verilib: “İttiham aktında yazılıb ki, guya mən onun imzasını saxtalaşdırmışam. Mən heç nəyi saxtalaşdırmamışam. Buna ehtiyac da yox idi. Aydın Mehdiyev Cahangir müəllimin sürücüsü idi. İşdə olurdu, başı qarışıq idi. Ona görə sənədləri imzalanması üçün baş idarəyə göndərmişəm. Oradan imzalanıb gələndən sonra kredit verilib. Həmin kredit 2009-cu ilin avqustunda bağlanıb”.

Prokuror: 

- Cahangir Hacıyevin sürücüsünün adına 9 milyon kredit verilməsi nə dərəcə doğru idi?

A.Sultanov: 

- İdarə heyətinin qərarının icrası mənim üçün məcburi idi. Mən 2010-cu ilə qədər işləmişəm və işlədiyim müddətdə heç bir dəstədə olmamışam. Mənimsəməyə yol verməmişəm. Vəzifə səlahiyyətlərini yerinə yetirmişəm.

Prokuror Mərkəz filialından Cahangir Hacıyevin qızının, xanımının adına plastik kartlar verildiyini açıqlayıb. Məlum olub ki, Mərkəz filialından Cahangir Hacıyev də daxil olmaqla ümumilikdə 9 nəfərin adına kredit kartı açılıb. 

Prosesin davamında Anar Sultanov Cahangir Hacıyevin suallarını cavablandırıb.

Cahangir Hacıyev: 

- Adları çəkilən 9 nəfər şəxs hansı filialın müştərisi idi?

 

Anar Sulatanov: 

- Mərkəz filialının müştəriləri idilər. İmza nümunələri də orada idi.

C.Hacıyev: 

- İlkin sənədləri toplamaq kimin səlahiyyətində idi?

A.Sultanov: 

- Filialın.

C.Hacıyev: 

- Mənim tərəfimdən sizə göstəriş olmuşdu ki, qanunları pozun, sənədləri toplamayın?

A.Sultanov: 

- Xeyir, olmamışdı.

C.Hacıyev: 

- Çıxarılan vəsait kimə verilmişdi? Mənə, yoxsa, burada oturanlara?

A.Sultanov: 

- Xeyir.

C.Hacıyev: 

- Mənə və ailə üzvlərimə verilən kartlardan Azərbaycan daxilində çıxarışlar olubmu?

A.Sultanov:

- Bəli.

C.Hacıyev: 

- Bəzilərində aminiziya olur. Yəqin ki, digərlərində də olacaq.

Məhkəmənin davamında təqsirləndirilən İlqar Abdullayev ifadə verib.

O, deyib ki, 2004-cü ildən Beynəlxalq Bankda işləyib. 2006-cı ildən filial müdirinin müavini olub. 2014-2015-ci illər ərzində filial müdiri vəzifəsini icra edib.

“Cahangir Hacıyevi bircə dəfə görmüşəm. Onu da idarə heyətinin iclasında təyinat alanda. Ona görə də mütəşəkkil dəstə mümkün olan iş deyil. Mən nə dəstə üzvü olmuşam, nə də mənimsəmədə iştirak etmişəm. Sadəcə vəzifəmdən irəli gələn işləri görmüşəm. İdarə heyətinin sədrlərinin müavinlərinin qərarlarını əsas götürmüşəm” - deyə İ.Abdullayev qeyd edib.

O, prokurorun suallarını cavablandıraraq deyib ki, özünün ittiham aktında yer alan 3 kredit müqaviləsində imzası var. Həmin vaxt isə filialın müdiri Yusif Ələkbərov işdə olmadığından o imzalayıb.

Prokuror: 

- Müqavilələrin üçünün də eyni vaxtda imzalanması təsadüfdürmü?

 

İ.Abdullayev: 

- Fikir versəniz, həmin kreditlərlə bağlı qərarlar müxtəlif vaxtlarda verilib.

“Sürücüsü zəng edib tapşırırdı ki, kredit ayrılmalıdı”

“Beynəlxalq Bank işi”nə görə təqsirləndirilənlərin məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Fasilədən sonra məhkəmədə təqsirləndirilən şəxslər ifadə verib. Musavat.com xəbər verir ki, təqsirləndirilənlərdən İlqar Abdullayev dövlət ittihamçısının suallarını cavablandırıb.

O, heç bir vəsaitin mənimsənilməsində iştirak etmədiyini, pulların necə xərcləndiyini bilmədiyini deyib. Cahangir Hacıyevin özü ilə birbaşa ünsiyyəti olmasa da, onun adından verilən qərarları yerinə yetirdiyini söyləyib.

İfadə vermək növbəsi Yusif Ələkbərova çatıb. O, 2001-2012-ci illər arasında bankda işlədiyini deyib.

Filial rəhbəri olduğunu deyən Y.Ələkbərov heç bir mütəşəkkil dəstənin üzvü olmadığını bildirib: “Mənim əvvəlki işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi. Ona görə məhkumluq həyatı yaşamışam. Bank rəhbərliyi o zaman məni həbs etdirmişdi. Ona görə də mütəşəkkil dəstə və məminsəmə ittihamı mənə gülməli gəlir. Mən bu sualları müstəntiqə də verdim. Onu da deyim ki, kredit rəsmiləşdirildikdən sonra pullar baş ofisdən götürülürdü. Necə və kim tərəfindən götürüldüyünü isə bilmirəm”.

Təqsirləndirilən Kənan Orucov da ifadə verib. Hazırda ev dustaqlığında olan Kənan Orucov ifadəsində bank yaranan gündən etibarən orada işlədiyini, 2003-cü ildən 2015-ci ilə qədər nəqliyyat filialının müdiri olduğunu, sonradan öz ərizəsi ilə işdən çıxdığını bildirib.

“Bizə dedilər ki, “İnter Security” şirkətinin 18 əməkdaşının adına 16 milyondan çox kredit ayrılmalıdır. Bizə belə bir göstəriş gəlmişdi. Ancaq bizim filialda o qədər pul yox idi. Biz sadəcə olaraq rəsmiləşdirməni həyata keçirmişdik, pulu isə baş idarədən götürdülər. Bizim korporativ müştərilərimiz olurdu. Əsasən büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı Cahangir Hacıyev mənə göstəriş verirdi.

Ümumiyyətlə bizə göstəriş verilirdi ki, kreditlər ayrılsın. Mən o kreditlərin hara xərcləndiyini bilmirdim” - deyə təqsirləndirilən şəxs ifadəsində qeyd edib.

Hazırda ev dustaqlığında olan təqsirləndirilənlərdən Məmməd Cahangirov isə ifadəsində bildirib ki, 2001-ci ildən 2011-ci ilə qədər Beynəlxalq Bankın Nərimanov filialının, 2011-ci ildən sonra isə sənaye filialının müdiri olub.

O, bu müddət ərzində baş idarənin göstərişinə əsasən kredit verdiyini deyib:  “Baş idarənin qərarları əsasında böyük kreditləri vermişəm. Aydın Mehdiyevin adına verilmiş kredit Ukrayna və Albaniyada metal biznesinə yönəlmişdi. Aydın Mehdiyev (Cahangir Hacıyevin sürücüsü - red.) mənə zəng edirdi və deyirdi ki, bu qədər kredit ayrılmalıdır. Mən də baş idarə ilə danışırdım. Orada olan Akif Əliyev bunun əleyhinə idi. Digər tərəfdən də Aydın Mehdiyev zəng edirdi. Mən də məcbur olub Arif Əliyevin yanına gedib dedim ki, Aydın Mehdiyev zəng  vurub kredit ayrılmasını istəyir. Onun otağında olanda Arif Əliyev Cahangir Hacıyevlə əlaqə saxladı. Cahangir müəllim isə Akifə dedi ki, krediti verin. Bundan sonra kredit ayrıldı.

Kredit komitəsinin bu cür kreditlərlə bağlı qərarı sənədlər yığılmamışdan əvvəl gəlirdi. Adam gəlirdi, sonra sənədlər yığılırdı. Mən, ümumiyyətlə, həmişə çalışırdım ki, qanuna əməl edək. Deyirdim ki, adamlar özləri gəlsin, imza çəksin, kredit verilsin. Ayrılan pulun hara getməsindən, necə xərclənməsindən xəbərim olmayıb.

Biz nə edə bilərdik ki? Biz sadəcə memorandum yaza bilərdik ki, bu cür kreditlərin ayrılması təhlükəlidir. Ancaq bu o demək idi ki, biz öz hökmümüzü çıxarırıq. Həm də ki, bir məsələ var ki, kimin gəlib imza atmasından asılı olmayaraq, əgər pul oradan çıxarılmalı idisə, çıxarılacaqdı”.

Cahangir Hacıyev isə çıxış edərək bu vəsaitin Ukrayna və Albaniyada armatur biznesinə ayrıldığını, sürücüsü Aydın Mehdiyevlə Məmməd Cahangirovun şərikli iş gördüklərinin  deyib.

Məmməd Cahangirov isə Cahangir Hacıyevin bu çıxışına qəzəbli cavab verib: “Cahangir müəllim, Allahınız olsun, niyə yalan danışırsınız? Mənim bu biznesə aidiyyatım olmayıb. Mənim iş yerimin dəyişdirilməsi də rotasiya qaydasında olub”.

C.Hacıyev: “Mən yalan danışmıram. Mən olanı deyirəm. Və əlavə olaraq qeyd edirəm ki, ittiham aktında göstərilən kreditlərin Məmməd Cahangirova aidiyyatı olmayıb”.

M.Cahangirov: “Adlarına kredit rəsmiləşdirilmiş şəxslərin “İnter Secrutiy” şirkətinin əməkdaşları olduğunu sonradan bildim”.

Məhkəmədə “İnter Security” şirkətinin rəhbəri İbrahim Hüseynov da ifadə verib. Qeyd edək ki, İ.Hüseynov hazırda həbsdədir.

O deyib ki, işçilərini kredit götürməsi üçün bankda özü göndərib. Bu işdə heç bir marağı da olmayıb.  “Biz Beynəlxalq Bankın baş idarəsini yox, digər strukturlarının mühafizəsini təşkil edirdik. Başqa müəssisələrlə, fiziki şəxslərlə müqavilə imzalamırdıq.

Aydın Mehdiyev zəng edirdi ki, etibarlı müştərilərdən göndər və bu qədər kredit almaq lazımdır. Mən də işçilərimdən göndərirdim”- deyə İ.Hüseynov bildirib.

Prokuror Fərid Nağıyev İ.Hüseynovdan bu göstərişi kimdən aldığını soruşub.

İbrahim Hüseynov bu tapşırığı rəhbərlikdən aldığını deyib.

İfadə sual-cavab şəklində davam edib.

Prokuror: “Sənin işçilərin bilirdilər ki, kreditləri niyə alırlar?”

İ.Hüseynov: “Bir çox hallarda mən özüm də bilmirdim. Biz nə qrup olmuşuq, nə də cinayətkar”.

C.Hacıyevin vəkili: “Sizi nə vadar edirdi ki, kredit götürəsiniz?”.

İ.Hüseynov: “Heç nə vadar etmirdi. Sadəcə bir etibarlı adam kimi mənə deyirdilər, mən də edirdim. İşçilərin də mənə hörməti var idi. Bilirdilər ki, bu işin arxasında mən dayanıram. Bu gün də mən ona görə buradayam ki, onlar məsuliyyətə cəlb olunmasın”.

Məmməd Cahangirov ifadə verən İbrahim Hüseynova sual verib: “Səni işçilərinin adına kredit götürülüb. Mənim Aydın Mehdiyevlə biznes işində əlaqəm var idimi?”

İbrahim Hüsenov: “Mən bildiyim qədər yox idi”.

Məmməd Cahangirov çıxış edərək götürülən kreditlərin bağlanmasını tələb etdiyini söyləyib. “Mən tələb edirdim ki, o kreditlər bağlansın. Aydın Mehdiyev mənə deyirdi ki, kreditlər Dünyamin tərəfindən bağlanmalıdır”.

Hazırda həbsdə olan Bakı Fındıq Emalı Zavodunun rəhbəri Azad Cavadov ifadə verib.

O, 2002-2012-ci ilə qədər çalışdığı zavodun inkişaf etdirməyə çalışdığını deyib. O, ifadəsinə bunları əlavə edib: “Məni çağırıb dedilər ki, yeni iş yerləri yaradılmalıdır. Kənd təsərrüfatında çalışan adam kimi regionlarda iş yerləri yaradılması üçün konsepsiya hazırlamağımı istədilər. Mən də dedim ki, ancaq bu işi bacarıram. Bunun üçün maliyyənin lazım olduğunu bildirdim. Dedilər ki, problem yoxdur. Maliyyə ayrıldı və 2 min hektara qədər torpaq sahəsi aldıq.

2010-cu ildə vergidən gəlib yoxladılar. Mən də götürülmüş pulların hara xərcləndiyini dedim. Ancaq başa düşmək istəmirdilər. Cahangir müəllimin Allah balasını saxlasın. 10 milyonu ödədi. 7 milyonun da hara xərcləndiyi bəlli idi. Xaçmazda 300, Oğuzda 100, Balakəndə 100 hektar və digər yerlərdə fındıq sahələri alınmışdı. Özləri də getdilər baxdılar ki, həqiqətən bu yerlər var. Ancaq onlar bunu qəbul etmək istəmirdilər. Çox mübahisə etdik. Həmin əraziləri də aldılar, ardınca da pulu tələb etdilər. Axırda bizə dedilər ki, yeganə çıxış yolu budur ki, gedin şefinizlə danışın, kredit ayrılsın və borcları bağlayın. Bağları da götürdülər, pulları da aldılar. Kredit rəsmiləşdirildi. Borcu ödədim. İndi də o bağlardan fındıq yığılır.

Mən müstəntiqdən soruşdum ki, bu nə olan məsələdir ki, biz həm pulu ödəyirik, həm də torpağımızı alırlar?”.

Məhkəmə avqustun 29-da davam etdiriləcək.

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham ediliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar