QƏRB, ƏRDOĞAN VƏ PUTİNİN DƏYANƏTİ İLƏ TOQQUŞDU! – Rusiya, İran və Türkiyə necə müttəfiq oldular?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 18 avqust tarixində söyləyib ki, Suriya məsələsinin həll edilməsi və terrorizmlə mübarizə aparılmasında, Ankara həm Tehran, həm də Moskva ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Bundan bir qədər öncə isə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov bildirib ki, Suriyada antiterror əməliyyatları həyata keçirilməsi üçün Türkiyə, Rusiya Hərbi Hava Qüvvələrlərinə “İncirlik” aviabazasından iştifadəyə imkan verə bilər.

Bu arada isə 16 avqustda Rusiya bombardmançıları İranın Həmədan aeroportundan uçuş həyata keçirərək, Suriya ərazisindəki İŞİD mövqelərini bombalayıb. İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, İran xarici ölkə təyyarələrinə öz ərazisindən hərbi məqsəd üçün istifadə etməyə izin verib.

Yaxın Şərqdə strateji təsir uğrunda rəqabət aparan bu üç əsas oyunçu - Rusiya, İran və Türkiyə, nə üçün birdən-birə enerjili şəkildə hərbi əməkdaşlığı inkişaf etdirməyə başlayıblar? Bundan əlavə onlar siyasi alyans formalaşdırmağa da imkan əldə ediblər.

Keçən ilin noyabrında Türkiyə HHQ Rusiyanın “Su-24” bombardmançısını vurduqdan sonra, Qərb KİV-lərinın gözlədikləri kimi, Rusiya və Türkiyə arasında dramatik toqquşma baş vermədi, əksinə, iki dövlət rəhbərinin 9 avqust görüşündən sonra, onlar Rusiya-Türkiyə münasibətləri tarixində yeni səhifə açaraq, düşməndən dosta çevrildilər.

Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım bildirib ki, Suriya məsələsində Moskva və Ankara arasındakı məsləhətləşmələr daimi xarakter alacaq. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü İqor Morozov deyib: ”Türkiyə Suriyada Rusiya ilə birlikdə antiterror əməliyyatı həyata keçirməyə hazırdır”.

Lakin Türkiyə tərəfinin inkişaf etdirmək istədiyi əməkdaşlıq, Suriya məsələsi çərçivəsindən kənara çıxır. Türkiyə Rusiya ilə hərbi-texniki əməkdaşlıq ehtimalını istisna etmir. Mövlud Çavuşoğlunun sözlərinə görə, Türkiyə özünün milli müdafiə sənayesini inkişaf etdirmək niyyətindədir. Çavuşoğlu deyib ki, əgər Rusiya bunda maraqlıdırsa, onda biz bu sahə üzrə əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırıq. Rusiya ilə əməkdaşlığın axtarılması səbəbini soruşduqda, Çavuşoğlu kifayət qədər narazı şəkildə qeyd edib ki, NATO ölkələri bu sahədə Ankara ilə qarşılıqlı fəaliyyət göstərməkdən yayınırlar.

Türkiyə 1952-ci ildə NATO-ya qoşulub və Avrasiya qitəsində yerləşməsinə baxmayaraq, bu ölkə Avropanın “cənub qapısı”nda özünün strateji vəziyyətini saxlayır. Bəlkə də, NATO-nun kilid ölkələri ilə hərbi sferada və digər əsas sahələrdə əməkdaşlığın aparılmasında etibar qazana bilməməsinin səbəbi, Türkiyənin islam ölkəsi olmasıdır. Ona görə də, Çavuşoğlu deyib: ”Əgər kimsə Ankara ilə bu məsələdə əməkdaşlıq etmək istəmirsə, onda onun digər ölkələrlə qarşılıqlı fəaliyyətlərinə mane olmasın. Bu başlıca məsələdir. Biz öz müdafiə sənayemizin möhkəmləndirilməsinə göstərdiyimiz səyləri əsas prinsip kimi rəhbər tuturuq”.

Məhz Suriyadakı İŞİD-lə mübarizəyə yanaşmada NATO ilə yaşanan fikir ayrılığı və baş tutmayan çevriliş, Ankaranı Rusiyaya tərəf üz tutmağa məcbur etdi. Əldə olunan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş cəhdini, Moskvanın ona verdiyi kəşfiyyat xəbərlərinə görə yatırda bilib. Avropanın ən qüdrətli hərbi-strateji bloku olan NATO-nun çevriliş qabağı Türkiyədəki qeyri-adi hərbi səfərbərlik haqqında məlumatsız olması mümkün deyil. Amma göründüyü kimi, onlar bu haqda Ərdoğana xəbər verməyiblər. Rusiya isə əlverişli şəraitdən anında istifadə etdi və Ərdoğan “kimin dost, kimin düşmən” olduğunu anladı. Bundan sonra o, Rusiyaya tərəf çevrildi və hətta NATO-dan çıxacağı ilə hədələdi.

Çavuşoğlu Qərb barəsində bunları söyləyib: “Onlar Ərdoğan və Putinin düzgünlüyü və dəyanəti ilə toqquşduqları üçün böyük təhlükə və həyacan hiss edirlər. Qərb liderləri başa düşməlidirlər ki, nə vaxta qədər ki, onlar öz siyasətlərini dəyişməyəcəklər, deməli daima həyacan içərisində qalacaqlar”.

Türkiyə kimi İran da çarəsizlikdən Rusiyanı seçdi. İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, xarici ölkə İran ərazisində hərbi fəaliyyət həyata keçirib. Tamamilə təəccüblü deyil ki, ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar altındakı Rusiya İranla hərbi əməkdaşlıq qurur.

İran öz hava sahəsini açdıqdan sonra, həmçinin İraq da Rusiya üçün müəyyən dəhliz açdığını elan edib. Əgər Suriyanın “Himeymim” və Türkiyənin “İncirlik” bazalarını hesaba alasaq, onda Rusiya bombardmançıları Yaxın Şərqin dörd ölkəsinə uça bilər. Dörd dövlət arasındakı hərbi və kəşfiyyat sferasındakı əməkdaşlığı nəzərə alsaq, strateji baxımdan Yaxın Şərqdə əhəmiyyətli dəyişikliyin olmasını söyləmək mümkündür.

Amma Rusiya tərəfi, böyük əhəmiyyəti təkcə döyüş qabiliyyətindəki dəyişikliyə vermir. Geosiyasi problemlər akademiyasının prezidenti Konstantin Sivkovun fikrinə görə, İran və Rusiyanın hərbi-siyasi planda yaxınlaşması göz qabağındadır. Bunu Rusiya və İran arasında yaradılacaq siyasi ittifaqın ilk addımı kimi də qəbul etmək olar. Yəni, İran Rusiyanı İŞİD-ə qarşı müharibədə öz müttəfiqi elan edir.

O ki qaldı rusiyalı hərbçilərin İran aviabazasından istifadə etməsinə, bunu Rusiya KİV-lərində Putinin Yaxın Şərqdəki daha bir qələbəsi adlandırıblar. Görünür ki, bu ildən başlayaraq, Rusiya prezidenti terrorizmlə mübarizədə təşəbbüsü öz əlinə alıb. Bəlkə də rəqabət aparan regional dövlətlər arasında hərbi-siyasi ittifaq, özünə qarşı xüsusi diqqət cəlb edir. İndiki mövcud şəraiti və vəziyyəti nəzərə alsaq, bunun üçün üç əsas prinsip var.

Birincisi - “İttifaq”ın köməyi ilə İŞİD-ə zərbə vurmaq və ABŞ, Avropa və Yaxın Şərq ölkələrinə birbaşa bəyan etmək: Rusiya, Türkiyə və İran Suriya arenasında başlıca oyunçulardır. Bu ölkələrdən yan keçməklə böhranın istənilən siyasi, iqtisadi və hərbi yolla həllinə cəhd uğursuzluğa məhkumdur.

İkincisi - Fürsətdən istifadə edərək, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi Səudiyyə Ərəbistanını sıxışdırmaq. Əvvəllər Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki dostları Suriya böhranından istifadə edərək, İranın daxilindəki vəziyyəti pozmağa cəhd göstəriblər. İndi isə Rusiya və Türkiyə ilə əməkdaşlıq sayəsində İran Səudiyyə Ərəbistanına ciddi siqnal göndərir: əgər İrana qarşı düşüncəsiz şəkildə qarşıdurmaya cəhd göstərilərsə, onda yəqin ki, iğtişaşlar İranda deyil, Səudiyyə Ərəbistanın özündə başlayacaq.

Üçüncüsü - ABŞ, Avropa və NATO-nu Yaxın Şərq strategiyasında düzəlişlər aparmağa məcbur etmək. Türkiyə əvvəl ABŞ-ın və Avropanın NATO üzrə müttəfiqi olub. ABŞ və Avropa var gücləri ilə İranla münasibətləri yoluna qoymağa səy göstəriblər və hətta bəzi güzəştlərə də gediblər. Lakin bu gün aydın olur ki, bu cür strateji əhval-ruhiyyə Türkiyə və İranın xoşuna gəlmir. Özlərinin əsas tələblərinə hansı reaksiyanın gələcəyini gözləmədən, onlar yeni qaydalar axtarmağa başlayıblar ki, bu da tamamilə əsaslıdır. Ancaq hələlik, ABŞ və Avropanın, Türkiyə və İranın Rusiyaya tərəf çevrilmələri ilə nə qədər barışdığı məlum deyil.

(“Çjunqo çinnyan bao” - Çin)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar