Türkiyədən Azərbaycana qaz təzyiqi

Yaxud “Cənub axını” TANAP-la necə toqquşacaq

Türkiyə Ukrayna ilə Rusiya arasında yaranmış münaqişədən öz maraqları üçün istifadə etməyə çalışır. Virtualaz.org saytı xəbər verir ki, “Kommersant” qəzeti bu haqda yazıb. Belə ki, Ərdoğan hökuməti Rusiyanın “Cənub axını” qaz kəmərinin marşrutunun dəyişdirilməsini və onun Türkiyə ərazisindən keçməsini təklif edib. Məsələ gələn həftə “Qazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedyevin Ankaraya səfəri zamanı müzakirə olunacaq.

Ankara üçün “Cənub axını”nın marşrutunun dəyişdirilməsi və kəmərin Türkiyə ərazisindən keçməsi ölkənin qazla təchizatı üçün əlverişli olardı.

Digər tərəfdən, Türkiyə Rusiya qazının Avropaya nəqlində tranzit ölkəyə çevrilərdi. Ancaq “Qazprom”dakı mənbə bildirib ki, kəmərin marşrutunun dəyişdirilməsi ehtimalı azdır.

“Cənub axını” kəmərinin Türkiyə ərazisindən keçməsinə dair məsələnin müzakirə olunduğunu enerji naziri Taner Yıldız deyib. O bildirib ki, Rusiya hələ bu məsələ ilə bağlı müraciət etməyib, ancaq danışıqlar gedir.

Hazırda “Cənub axını” kəmərinin ancaq Türkiyənin ərazi sularından keçməsi nəzərdə tutulur. Bununla belə Rusiyanın enerji nazirinin müavini Anatoli Yanovski deyib ki, o, kəmərin marşrutun dəyişdirilməsi ilə bağlı hər hansı kağız görməyib.

“Qazprom”da isə məsələni şərh etməkdən imtina ediblər. Bununla belə kəmərin marşrutunun dəyişdiriləcəyinə şübhə etdiklərini deyiblər. Mənbə deyib ki, artıq kəmərin tikintisinin layihələndirilməsi başa çatıb, Bolqarıstanda kəmərin keçəcəyi ərazilərin alınmasına icazə verilib.

Enerji məsələləri üzrə rusiyalı təhlilçi Aleksey Qrivaç isə hesab edir ki, Taner Yıldızın açıqlaması Türkiyənin digər qaz təchizatçıları-Azərbaycanla və İranla danışıqlarda təzyiq cəhdi kimi istifadə oluna bilər.

Əgər kəmər Türkiyənin quru ərazisindən keçsəydi, o zaman Azərbaycan qazının Avropaya nəqli üçün müəyyən edilmiş marşrutun - TANAP və TAP kəmərlərinin strateji əhəmiyyəti də azalardı.

Rusiya “Cənub axını” layihəsini vaxtilə “Nabucco” layihəsinə alternativ kimi irəli sürmüşdü. Sonradan “Nabucco” baş tutmasa da Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün TANAP və TAP kəmərlərinin çəkilməsi qərarlaşdırıldı. Yəni söhbət yenə də Rusiyadan yan keçən dəhlizdən gedir.

İndi “Cənub axını”nın Türkiyə ərazisindən keçməsi ideyası baş tutası olsa, o zaman Ankara Azərbaycan qazının tranziti məsləsində əlavə təzyiq rıçaqları əldə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar