Uçqun təhlükəsi qarşısında olan Xətai sakinləri aksiya keçiriblər - (FOTOLAR)

Bakının Xətai rayonunda qəzalı vəziyyətdə olan yataqxananın sakinləri bu gün etiraz aksiyası keçiriblər. Qeyd edək ki, binada əsasən Tağıyev adına kombinatın işçiləri yaşayır. Sakinlər bildirirlər ki, illərdir hər an uçma təhlükəsi olan bu binada yaşayırlar. Döymədikləri qapı qalmasa da, aidiyyəti qurumlar onların vəziyyətinə laqeyd yanaşırlar: “Hər yerə müraciət etmişik, şikayətimizə baxan yoxdur.

Bina faktiki olaraq uçur, hər gün uçma təhlükəsi realdır. Ancaq bizi düşünən yoxdur. Günün birində binanın altında qalacağıq, bundan sonra qurumlar hərəkətə keçəcək. Hərəsi bir kostyumda çıxıb televiziyada başqağlığı verəcəklər”.

Bir neçə gün əvvəl bina sakinlərinin şikayəti əsasında ərazidə olan əməkdaşımız şahidi olmuşdu ki, həqiqətən də yataqxanada vəziyyət açınacaqlıdır. Xətai rayonu, Cavanşir küçəsi, 8 ünvanda yerləşən 1 saylı yataqxananın qəzalı vəziyyətdə olması kənardan baxanda aydın olur. Sakinlər deyirlər ki, illərdir binanın bir tərəfi çökməkdədir, panellər aralanıb, divarlar və əksər mənzillər su içindədir, su içində olan divarlarda elektrik gərginliyi var: “Əlimizi divara vura bilmirik, hamamın, mətbəxin divarları tok keçirir. Su içindədir hər yer, beton plitələr qopub tökülür. Sanitar qovşaqlardan istifadə edə bilmirik. Bütün bina su içindədir, evlərin divarlarından su tökülür. Uşaqlarımız xəstəlik içindədirlər. Burada insan yaşamaz. Amma bizə yaşamağı rəva görürlər”.

Sakinlər deyir ki, binanın yaşayış üçün təhlükəli olduğunu Fövqəladə Hallar Nazirliyi (FHN) də təsdiqləyib və rəy verib. Ancaq aidiyyəti qurumlar həmin rəyə heç baxmaq da istəmirlər.

Bu günlərdə Baş nazirin müavini Abid Şərifov çoxsaylı cəhdlərdən sonra şikayətçilərdən 2 nəfəri qəbul etsə də, ilin sonunu gözləməyi məsləhət görüb. Deyib ki, hazırda pul yoxdur. A.Şərifovun bu cavabı isə hər an uğqun təhlükəsi altında yaşayan sakinləri daha da qəzəbləndirib. Şikayətçilər deyirlər ki, davamlı etiraz aksiyaları keçirmək niyyətindədirlər.

Bu günkü aksiyanı və binanın acınacaqlı vəziyyətini əks etdirən fotoları təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar