"Bu təxribat savadsız sovet milisinin əməllərinə bənzəyir” -  Sülhəddin Əkbər

"Yayılan audioyazıdan belə çıxır ki, mən heç nə danışmamışam, susmuşam. Bu necə ola bilər?"

Xəbər verdiyimiz kimi, dünən internetdə ACP lideri Rəsul Quliyevlə bu partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının audioyazısı yayılıb. 2 dəqiqə 7 saniyəlik danışıqda R.Quliyev Milli Şuranın 22 sentyabr mitinqi, Eldar Namazov və Cəmil Həsənli barəsində təhqiramiz fikirlər işlədir. R.Quliyev isə audioyazının montaj olduğunu bəyan edib.

ACP sədri Sülhəddin Əkbər də bu barədə açıqlama verib. O da  “Azadlıq”a açıqlamasında baş verənləri təxribat kimi qiymətləndirib. Bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarının effekt verdiyi, AXCP sədri Əli Kərimlinin oğlunun faktiki girov götürüldüyü, Oqtay Gülalıyevin oğlunun bıçaqlandığı bir ərəfədə gündəmi dəyişmək üçün bu cür üsullara əl atırlar. ACP sədrinin sözlərinə görə, yayılan audioyazı montaj olunub və qətiyyən həqiqəti əks etdirmir: “Bunu yaymaqda məqsədlərdən biri Milli Şuraya daxil olan partiyalar arasında konflikt yaratmaqdır. Ona görə də Rəsul Quliyevin adından onun demədiyi ifadələr montaj olunub. Bizim telefon söhbətimiz olub, həm də mitinq barədə. Amma söhbətin məzmunu bu cür olmayıb. Yayılan audioyazıdan belə çıxır ki, mən heç nə danışmamışam, susmuşam. Bu necə ola bilər?

Ümumiyyətlə, telefonların dinlənilməsi və danışıqların yayılması cinayətdir. Amma o da məlumdur ki, bu hakimiyyət qanunsuz topladığı sərvətləri itirməmək üçün istənilən cinayətə əl atır. Arsenallarında olan kompleks metodlardan istifadə edirlər".

Sülhəddin Əkbər onu da əlavə edib ki, Rəsul Quliyevlə Cəmil Həsənli arasında telefon danışığından az sonra sözügedən audioyazı yayılıb: “Görünür, heç 24 saat dözə bilməyiblər. Hakimiyyət Milli Şurada münasibətlərin normal olmasını həzm edə bilmir. Bu təxribat savadsız sovet milisinin əməllərinə bənzəyir”.

Qeyd edək ki, audioyazıda S.Əkbər həqiqətən də danışmır və bir neçə dəfə "hə" deməklə kifayətlənir.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar