"TƏLƏBƏ YOLDAŞIM OLUB, ONA GÜVƏNİRDİM" - Hacıyev 60 milyonu verməsinin səbəbini açıqladı - Yenilənib

cahangirBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Cavadov prokurorun suallarını cavablandırıb.

O, C.Hacıyevlə tələbə yoldaşı olduğunu bildirib: "Cahangir müəllimin dəvəti ilə Fındıq Emalı Zavudunda əvvəl direktor müavini, 2002-ci ildə isə direktor kimi çalışmışam. Beynəlxalq Bankdan 5 milyon manat kredit götürülüb, girov olaraq müəssisə qoyulub. Bankdan götürülən kredit isə məndən əvvəl olub. Bununla bağlı məhkəməyə sənəd təqdim edə bilərəm".

A.Cavadov qeyd edib ki, daha əvvəl onun barəsində cinayət işi açılıb: "Həmin cinayət işi zavodda Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalara görə olub".

Prokuror A.Cavadova onun qayınının adına 816 min manat kredit olması barədə sual verib. A.Cavadov isə cavabında qeyd edib ki, həmin kredit vəkil Akif Məlikovun adına olub: "Daha sonra həmin krediti qayınanamın adına keçirdik".

A.Cavadov ittiham aktında onun barəsində qeyd edilən soyuq silahla bağlı sualla da cavb verib. O vurğulayıb ki, soyuq silah olan xəncər 10 il onun evində olub: "Həmin xəncəri mənə qaynım hədiyyə edib. Evimdə ikinci dəfə axtarış olanda həmin xəncəri götürdülər və ekspertin rəyinə əsasən, soyuq silah kimi ittiham aktında göstərildi".

Daha sonra A.Cavadov bildirib ki, Bakı Fındıq Emalı Zavoduna götürülən 60 milyon kredit müəssisənin genişləndirilməsinə xərlcənib: "Beynəlxalq Bank da pulların xərclənməsinə nəzarət edib. İttiham aktında göstərilib ki, həmin pullardan 6 milyon mənimsənilib. Burada heç bir mənimsəmədən söz belə gedə bilməz. Müəssisə sonradan "Aqrarkredit" QSC-nin nəzarətinə keçib".

Prokuror və A.Cavadov arasındakı dialoq:

Prokuror: Necə oldu ki, zavod bankın idarəetməsinə keçdi?

Azad Cavadov: "Beynəlxalq Bank"dan 5 milyon manat kredit götürülüb, girov olaraq isə müəssisə qoyulmuşdu. Bu kredit mən gəlmədən əvvəl götürülmüşdü.

Prokuror: Bununla bağlı bir sənəd təqdim  edə bilərsinizmi?

Azad Cavadov: Bəli, edə bilərəm.

 

Prokuror: İki gün ərzində 17 milyon kreditin götürülməsi kimin təşəbbüsü idi?

 

Azad Cavadov: Vergilər Nazirliyinin müstəntiqlərinin. Onlar dedilər ki, pullar ödənilməlidir. Müstəntiqlərə dedik ki, işçilərə ödənişlər paket şəklində edilib. Dövlət strukturlarına ödənişlər edilib. Onlar isə dedilər ki, Azərbaycanda  paket sistemi yoxdur, dövlət strukturlarına belə ödənişlər edilmir, rüşvət yoxdur. Bizim bu xərcləri qəbul etmədilər. Ona görə də həmin məbləğlərin ödənilməsi üçün əlavə kreditlər götürülməsini təklif etdilər. Bu barədə Cahangirə dedim.

Azad Cavadov ifadəsində bildirib ki, onun barəsində əvvəl cinayət işi açılıb. Həmin cinayət işi zavodda vergilər nazirliyi tərəfindən aparılan yoxlamalara görə olub. Bundan sonra ona cinayət işi açılıb. Azad Cavadov bankdan götürülən 17 milyon kreditlə həmin borcu ödəyib və bundan sonra cinayət işi açılıb.

Prokuror: Sizin qaynananızın adına 816 min manat kredit olub. Bu nə üçün verilib?

Azad Cavadov: Həmin kredit əvvəl vəkil Akif Məlikovun adına olub. Akif Məlikov bir gün dedi ki, kreditlə soyuducu almaq istəyən zaman ona bildiriblər ki, adına böyük məbləğdə kredit var. Sonra həmin krediti qaynanamın adına keçirdim.

C.Hacıyev A.Cavadovun dediklərini təsdiqləyib: "Azad mənim tələbə yoldaşım olub. Ona güvənirdim. Azadın fəaliyyəti dövründə müəssisənin banka olan kredit borclarının çox hissəsi ödənilib".

Bundan başqa, məhkəmə prosesində 14 şahid ifadə verib. Onlar "İnter Security" mühafizə şirkətinin işçiləri olduqlarını söyləyiblər. Həmin şəxslər bankdan götürülən kreditlərdən xəbərsiz olduğunu bildiriblər. Həmin şəxslər qeyd ediblər ki, rəhbərliyin göstərişi ilə banka gediblər, sənədlərə qol çəkiblər.

Günün ikinci yarısında məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.

Şahid qismində dindirilən Zaur Soltəliyev ifadəsində sürücü işlədiyi “İnter Security” şirkətinin rəhbərliyi tərəfindən çağırıldığını və Beynəlxalq Bankın Nərimanov rayon filialına gedərək sənədlərə qol çəkdiyini göstərib: “Qol çəkib getmişəm, nəyə qol çəkdiyimi bilmirəm”.

Şahid Namiq Quliyev ifadəsində Beynəlxalq Bankın Suraxanı rayon filiallına gedərək sənədlərə qol çəkdiyini, adına kredit götürülməsindən sonradan xəbər tutduğunu göstərib.

Şahid Zaur Xəlilov da analoji ifadə verib. O, rəhbərlik tərəfindən Beynəlxalq Bankın Nəqliyyat filialına çağırıldığını və sənədlərə qol çəkdiyini, kredit alınmasından xəbəri olmadığını deyib.

Daha sonra zərərçəkmiş şəxs qismində Beynəlxalq Bankın nümayəndəsi Ağalar Ağaşirinov məhkəməyə arayış təqdim edib. Arayışda göstərilir ki, ittiham aktında mənimsənildiyi qeyd edilən 211 milyon manat Cahangir Hacıyevlə yanaşı, digər təqsirləndirilən şəxslərlə müştərək mənimsənilib.

Prosesə sədrlik edən hakim Ə.Hacıyev arayışın cinayət işinin materiallarına əlavə edildiyini və bununla bağlı yaranan suallara növbəti prosesdə aydınlıq gətiriləcəyini bildirib.

Sonra “İnter Security”in əməkdaşı Rasim Fətullayev bildirib ki, Beynəlxalq Bankın Nərimanov filialına gedərək sənədlərə qol çəkib. O deyib ki, bunu şirkət rəhbərliyinin tapşırığı ilə edib: “Məni “bandotdel”ə çağırıb kağızları göstərəndə gördüm ki, adıma 505 min dollar kredit götürülüb”.

Şahid qismində dindirilən Nazim Zamanov , Telman Qurbanov, Rauf Şahbazov da eyni məzmunlu ifadə veriblər.

R.Şahbazov bildirib ki, təqsirləndirilən Azad Cavadovun işi ilə bağlı 10 nəfərin adına kredit götürülüb. Həmin şəxslər “İnter Security” şirkətinin işçiləri olub. Məbləğ Bakı Fındıq Emalı Zavadu üçün götürülüb”.

Dövlət ittihamçısı Fərid Nağıyev şahidə bildirib ki, hazırda onun adına bankda 107 min 800 manat pul var. Rauf Şahbazov isə nə bu puldan, nə də götürülən kreditdən xəbəri olmadığını bildirib.

Məhkəmədə ifadə verən şirkət nümayəndələrindən Ruslan Kərimov banka gedib sənədlərə qol çəkdiyini, lakin adına 450 min dollar kredit götürüldüyündən yalnız istintaqa ifadə verən zaman xəbər tutduğunu deyib.

Məhkəmə prosesi avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar