ABŞ ÜÇÜN ƏN QORXULU SSENARİ - Rusiya və Çinlə eyni zamanda müharibə...

“Keçən on illiyin sonlarında ABŞ eyni vaxtda iki regionda müharibə aparmaq üçün lazımı təchizatla təmin olunmaq məqsədilə, etalon sxem kimi hazırlanmış özünün “iki müharibə” doktrinasından imtina edib. Sovet təhlükəsi keçmişdə qaldığından, ABŞ-ın İran və ya İraqla müharibəyə cəlb olunduğu vaxt, Şimali Koreyanın Amerika ilə müharibəyə girişməsini önləməyə istiqamətlənmiş həmin bu strategiya, arxa cəbhənin təmin olunması üçün ABŞ Müdafiə Nazirliyinin planlarına yardım göstərirdi”. AzPolitika.info-nun məlumatına görə, bu fikirlər ABŞ-ın “The National İnterest” jurnalında dərc olunan məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: “Hazırda beynəlxalq vəziyyətin dəyişilməsini - Çinin artan gücünü və yüksək effektli terror şəbəkəsinin yayıldığını nəzərə alaraq, ABŞ bu doktrinadan imtina edib. Bəs, əgər ABŞ bu gün, Şimali Koreya və İran kimi dövlətlərlə deyil, digər güclərlə iki istiqamətdə müharibə apararsa, onda nə olacaq?

Əgər Çin və Rusiya öz hərbi fəaliyyətlərini Sakit okeanda və Avropada kifayət dərəcədə koordinasiya etsələr, onda nə baş verər?

Qarşılıqlı siyasi fəaliyyət

Pekin və Moskva öz aralarındakı problemləri yoluna qoyub, cavab tədbiri kimi ABŞ-ı iki regionda hərbi addımlar atmağa məcbur edə bilərlərmi? Bəlkə də. Ancaq hazırda bu mümkünsüz görünür.

Bu iki ölkənin öz məqsədləri var və onların da hər biri öz planları əsasında hərəkət edirlər. Ancaq bu ölkələrdən biri, mövcud böhrandan yararlanaraq, öz xeyri naminə regional iddialarını təmin etmək üçün rasional addımlar atmağa üstünlük verə bilər. Məsələn, əgər ABŞ Cənubi Çin dənizində ciddi toqquşmaya cəlb olunarsa, onda Moskva Baltik ölkələrinə hücum etmək qərarına gələr.

İstənilən anda müharibə ya Moskvanın, ya da ki, Pekinin təşəbbüsü ilə başlaya bilər. Çünki Birləşmiş Ştatlar hər iki regiondakı mövcud vəziyyətin bütün üstünlüklərindən istifadə edir və öz siyasi məqsədlərinə nail olmaq üçün əsasən diplomatik, iqtisadi vasitələrə üstünlük verir.

Operativlik və yüksək manevr qabiliyyəti

Buradakı müsbət hal ondan ibarətdir ki, Avropada və Şakit okean regionunda müharibə aparılması üçün vacib şərtlərin yalnız bəziləri mövcuddur.

Əgər müharibə başlayarsa, İkinci Dünya Müharibəsində olduğu kimi, Avropanın qorunması üçün lazımı bütün ağırlığı ABŞ quru qoşunları öz üzərinə götürməli olcaq. Hərbi Dəniz Donanması öz fəaliyyətlərini Sakit okeanda cəmləşdirəcək. ABŞ Hərbi Hava Qüvvələri isə hər iki hərbi qarşıdurmada köməkçi rolunu oynayacaq.

Rusiyanın NATO ilə Şimali Atlantikada döyüşmək imkanı yoxdur. Yəqin ki, onlar siyasi baxımdan bunda maraqlı da deyillər. Bu isə o deməkdir ki, ABŞ Hərbi Dəniz Donanması öz gücünü əsasən Sakit okeanda cəmləşdirəcək.

Əlbəttə, ABŞ və onun NATO üzrə müttəfiqləri, Rusiyanın dəniz məkanında təhlükə yaratmasını önləmək üçün müəyyən resurslar ayıracaq. Həmçinin, münaqişə yaranarsa, ABŞ Avropadakı istənilən ciddi döyüş fəaliyyətləri üçün operativ şəkildə xeyli sayda güc yollaya bilər.

Amerikanın aviadaşıyanlarının, sualtı qayıqlarının və hərbi gəmilərinın əsas hissəsi isə Sakit və Hind okeanında cəmləşdirilər. Bu silahlar isə Çinin texniki təchizat sistemlərinə zərbələr endirər və onun dəniz tranzit yollarını bağlayar. Radarlara yaxalanmayan –“görünməz” bombardmançılar və Hərbi Hava Qüvvələrinin analoji döyüş vasitələri daxil olmaqla, uzaq aviasiya lazımı anda hər iki döyüş meydanında iştirak edə bilər.

Qısa müddətdə heç olmazsa, hərbi döyüş meydanlarından birində qalib gəlmək üçün, ABŞ silahlı qüvvələri çox gərgin şəraitdə fəaliyyət göstərmək məcburiyyətində qalacaq. Ona görə də, ola bilər ki, ABŞ özünün hərbi-hava birliklərinin, kosmik güclərinin və həmçinin də kiber silahlarının əhəmiyyətli hissəsini, strateji və siyasi qələbə qazanmaq hesabi ilə bir istiqamətə yönəltsin. Nəzər alsaq ki, ABŞ-ın müttəfiqlərinin əsas gücü Avropadadır, onda Amerikanın ilk növbədə diqqətini Sakit okean regionundakı münaqişəyə yönəldəcəyini gözləmək olar.

Alyansın strukturu

ABŞ-ın Sakit okean regionundakı alyansının strukturu, onun Avropadakı strukturundan kəskin fərqlənir. Belə ki, ABŞ-ın Avropadakı bəzi müttəfiqləri öz öhdəliyini yerinə yetirməyə hazır vəziyyətdə olmasa da, Vaşinqtonun Rusiya ilə NATO-nun vahid strukturundan kənarda vuruşmasına heç bir səbəb yoxdur. Əgər ABŞ müharibə aparacaqsa, onda onları Almaniya, Fransa, Polşa və Böyük Britaniya dəstəkləyəcək.

Bu zaman Rusiyanın qismən Baltik ölkələrini işğal etməsi istisna deyil. Lakin ruslar NATO Hərbi Hava Qüvvələrinin vurduğu zərbələr sayəsində ciddi itkilərə məruz qalacaqlar və çox güman ki, işğal etdikləri əraziləri uzun müddət saxlaya bilməyəcəklər. Əgər Rusiya taktiki və strateji nüvə silahından istifadə etmək qərarına gələrsə, onda ABŞ-ın nüvə gücləri lazımı müdafiəni təmin edəcəklər.

Sakit okean regionunda ABŞ-ın daha ciddi çətinlikləri var. Ola bilər ki, Yaponiya və ya Hindistanın Sakit okeanda maraqları var. Amma çətin ki, onlar müharibədə iştirak etsin.

Hər bir konkret münaqişədəki alyansın strukturu, həmin münaqişənin xüsusiyyətindən asılıdır. Çinın hücum edə biləcəyi əsas obyekt Fillipin, Vyetnam, Cənubi Koreya, Yaponiya və ya Tayvan kimi istənilən ölkələrdən biri ola bilər. Əgər Amerikanın təzyiqini hesaba almasaq, bəlkə də digərləri kənardan izləməyə üstünlük verərlər. Bu isə Sakit okeanın Qərb hissəsində hökmranlığını yalnız öz gücü ilə təmin edəcək Amerikaya əlavə təzyiq ola bilər.

Yekun nəticə...

Amma hər halda ABŞ eyni zamanda iki irimiqyaslı müharibə aparıb, qalib gələ bilər. Ən azından bu müharibələrdə elə bir vəziyyət yarada bilər ki, nə Rusiyanın, nə də Çinin üstünlük əldə etməsinə heç bir şansları qalmaz. Buna ABŞ-ın dünyadakı ən qüdrətli orduya malik olması təminat verir. Elə bu səbəbdən də Amerika çox böyük hərbi alyansa rəhbərlik edir.

Bundan başqa, ABŞ ordusu Rusiya və Çinlə qarşıdurmada, bir-birindən tamamilə fərqli hərbi tapşırıqlar yerinə yetirə bilər. Bu da Amerikanın hər bir ölkə ilə müharibə zamanı öz güc və vəsaitini ayrı-ayrılıqda paylamağa imkan verir. Lakin qeyd etmək lazımdır ki, bu cür vəziyyət əbədi davam etməyəcək. Yəni, Birləşmiş Ştatlar sonsuzluğa qədər öz üstünlüyünü bu səviyyədə saxlaya bilməz. Uzunmüddətli perspektivdə onlar öz üzərlərinə hansı öhdəlikləri götürəcəklərini diqqətlə düşünməlidirlər. Hazırda ABŞ dünyanın inkişaf etmiş bir çox ölkəsinin maraqlarına cavab verən dünya nizamı yaradıb və müəyyən bir vaxta kimi həmin ölkələrin dəstəyinə güvənə bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar