Rusiyadan Azərbaycana işğal hədəsi

Daha bir rusiyalı politoloq prezident Vladimir Putinin planlarında Ukraynadan sonra Azərbaycan və Dağlıq Qarabağın olduğunu dilə gətirib. Virtualaz.org saytı xəbər verir ki, tanınmış politoloq və siyasi ekspert Stanislav Belkovski deyib ki, Rusiya iqtisadi kollapsa doğru gedir və bu təhlükə ancaq bir halda neytrallaşdırıla bilərdi: xarici siyasətdə seriya səs-küylü qələbələrlə.

Ekspertin qənaətinə görə, yalnız bu qələbələr rusiyalılara iqtisadi kollapsı unutmağa və kəmərlərini daha da bərk sıxmağa kömək edə bilərdi: “Ancaq bunun üçün dayanmaq lazım deyil və qələbədən qələbəyə getmək lazımdır. Ona görə də mən hesab edirəm ki, Vladimir Vladimiroviç Krımda dayanmayacaq, o, hətta Donbasda və Luqanşinada da dayanmayacaq. Çünki o, heç olmasa bircə il dayansa, o zaman rus xalqının bu qələbələr nəticəsində yaranmış eyforiyası da sönəcək. Deməli, Vladimir Vladimiroviç daim xalqa narkotikin yeni dozasını vurmalıdır, narkotik isə xarici siyasətə növbəti qələbədir. Ona görə də Putin Ukraynanın məsələsini yoluna qoyan kimi belə görünür ki, Ermənistanın Gömrük İttifaqına daxil edilməsinin əvəzi olaraq Qarabağı tanıyacaq. Qarabağın müstəqilliyinin tanınması və ora hərbi kontingentin yeridilməsi hərbi planda elə də təhlükəli vəzifə deyil. Çünki aydındır ki, Rusiya Qarabağı tanıyacaqsa və orada hərbi kontingent yerləşdirəcəksə, nə Azərbaycan, nə Türkiyə Qarabağa görə vuruşmayacaq».

S.Belkovski hesab edir ki, Putin Qarabağla da dayanmayacaq və daha sonra Baltik dövlətlərinin zəif yerlərini axtarmağa başlayacaq.

Dövlət Duması sədrinin müavini, LDPR sədri Vladmir Jirinovskininnövbəti dəfə postsovet məkanının suveren dövlətlərini, xüssuilə Azərbaycanı hədələyən bəyanatı da bu qəbildəndir. Jirinovski bir daha separatçı bölgələrin, o cümlədən Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyindən və “üstünlükləri”ndən danışıb: “Biz parlamentdə yüz dəfələrlə Dnestryanı bölgənin müstəqilliyini tanımağı tələb eləmişik. Çünki oranın bütün xalqı bölgənin suverenliyinə və ardınca Rusiyaya birləşməsinə səs verib. Eləcə də Dağlıq Qarabağ. Eləcə də Abxaziya və Cənubi Osetiya. Cənubi Osetiya və Abxaziya məsələsi artıq həll edilib. Krım - həll edilib. Dağlıq Qarabağ - az sonra...”

Jirinovski əlavə edib ki, onun avantürist fikirləri həm də Rusiya prezidentinin mövqeyini ifadə elədiyini ortaya qoyub: “Mənimlə onun arasında yeganə fərq odur ki, Putin prezidentdir və hər şeyi deyə bilmir, mən isə söyləyə bilirəm. Onun dilə gətirə bilmədiyini mən bəyan edirəm...».

Azərbaycana yönələn hədələri Kremlə bağlı politoloq, prezident Vladimir Putinin “yeni SSRİ” adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqinlə qapayırıq. Duqin yenidən Azərbaycanın ünvanına təhdid mesajları ilə çıxış edib: «BMT Baş Assambleyasındakı səsvermədə Azərbaycan Ukraynanı müdafiə etmişdi. Mən deyirdim ki, Rusiya hər bir postsovet ölkəsinin ərazi bütövlüyünün qarantıdır. Ermənistanın və Azərbaycanın da ərazi bütövlüyünün qarantı Rusiyadır. Qarabağın qarantı da Rusiyadır. Əgər postsovet məkanında oturub antirusiya siyasəti aparsanız o zaman ərazi bütövlüyünüz də şübhə altına düşmüş olacaq. Bakının Rusiyaya qarşı çıxış etməsi göstərir ki, azərbaycanlılar Saakaşvili və Kiyev xuntası kimi bizə əlcək atır. Və biz bu siyasətin axırının necə olacağını bilirik. Azərbaycanda talış amili, ləzgi amili var. Bir çox digər amillər də var ki, Azərbaycan hələ onların ciddliyini dərk etmir. Rusiyanın əlində həm dialoq, dost dilində, həm düşmən dilində danışmaq üçün çox rıçaqlar var».

Yerli ekspertlər Rusiyadan gələn bu hədələri təsadüfi dəyərləndirmirlər. Onların fikrincə, Rusiya bu tip açıqlamalarla Azərbaycanı təxzribata çəkərək rəsmi Bakıya qarşı müvafiq «addımlar» atmaq üçün bəhanə əldə etməyə çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar