48 milyonluq yeyintidə Elman Rüstəmovun da adı keçir

Arif Əsgərovun köməkçisi İlqar Məmmədovun və “DəmirBank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanovun şübhəli əməliyyatda əsas oyunçulardan biri olduqları deyilir: “Qaranlıq əməliyyatların ssenarisi Müşfiq Tükanovun “Mərkəz” filialındakı xidməti otağında cızılıb”

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs etməsi diqqəti bu QSC sədrinin üzərinə yönəldib.

Yayılan məlumatlara görə, R.Hüseynov 48 milyon manatı mənimsəməkdə ittiham olunur. Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb. Hazırda onun Moskvada olduğu və müntəzəm olaraq zərərçəkmişlərlə əlaqə saxladığı bildirilir. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır. Zərərçəkənlər bildiriblər ki, əslində bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu Elnar Əsgərov gəlir və bütün pullar ona çatırmış. Saxlanılan R.Hüseynov Arif Əsgərovun baldızı oğludur.

Qafqaznews.az saytı faktla bağlı araşdırma aparıb və maraqlı detalları, 48 milyon yeyinti qalmaqalında yeni oyunçuları üzə çıxarıb. Azərbaycan Dövlət Dəmir Yolları QSC-dəki etibarlı mənbənin məlumatına görə, Əsgərovlar və onların yaxın qohumları ilə əlaqədar gedən yazılarda bəzi oyunçular diqqətdən kənarda qalıblar. Qaynaq Rahib Hüseynova yaxından dəstək verən iki nəfərin adını açıqlayıb. Bu şəxslər “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və “DəmirBank” ASC-nin “Mərkəz” filialının müdiri Müşfiq Tükanovdur.

Mənbənin məlumatına görə, Müşfiq Tükanovdan əvvəl həmən filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. İ.Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu M.Tükanov əvəz edib. M.Tükanovun “Mərkəz” filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi cızılıb. Bu otağa Elnar Əsgərov, Rahib və qardaşı Emin Hüseynov yığışaraq yeyintilərin ssenarisini cızıblar. Onları da Müşfiq Tükanovla tanış edən İ.Məmmədov olub. Mənbənin bildirdiyinə görə, vaxtı ilə belə bir şəraiti öz otağında A.Əsgərov üçün də İ.Məmmədov yaradıb.

Mövzu ilə bağlı “Yeni Müsavat”a yeni və maraqlı məlumatlar daxil olub. Bank sektorundakı mənbələrdən redaksiyamıza verilən məlumata görə, M.Tükanov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun ən yaxın adamlarından biridir: “Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə ”DəmirBank"ın “Mərkəz” filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Belə əməliyyatlardan əldə edilən “gəlir” isə oyunçular arasında bölüşdürülür. Bu baxımdan 48 milyonluq yeyinti qalmaqalında E.Rüstəmovun adının yer alması tam başadüşüləndir.

Məsələnin başqa bir maraqlı nüansı “DəmirBank”ın özü ilə bağlıdır. 1989-cu ildə yaradılmış, “Azərdəmiryolbank” adı ilə fəaliyyət göstərən bank, adından da göründüyü kimi, dəmiryolçulara xidmət edir. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini "DəmirBank" adı ilə həyata keçirir və biznes mühitində “nəqliyyat naziri Ziya Məmmədovun bankı” kimi tanınır. Z.Məmmədovun özü də Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi işləyib. Nazir dəmir yoluna başçılıq etdiyi dönəmdə bankı özününküləşdirə bilib. Bankın saytında səhmdarları ilə bağlı yarımçıq məlumatlar verilib. Saytda yalnız xarici səhmdarların adı göstərilib. Saytda səhmlərin 25 faizinin Avropa Yenidənqurma və İnkişaf Bankına, 10 faizinin isə Hollandiya İnkişaf Maliyyə Şirkətinə məxsus olması göstərilir. Səhmlərin 65 faizinin sahibi olan yerli səhmdarın (və ya səhmdarların) adı isə gizli saxlanılır (bu yaxınlarda qanunvericiliyə edilmiş dəyişikliyə görə, təsisçi və ya səhmdarların adı gizli saxlanıla bilər). Ancaq ən müxtəlif qaynaqlar bankın Z.Məmmədova məxsus olduğunu bildirir.

Beləliklə, burada maraqlı korrupsiya üçbucağı alınır: Ziya Məmmədov-Arif Əsgərov-Elman Rüstəmov. Böyük ehtimalla dairə burada qapanmır. Ötən saylarımızda qeyd etmişdik ki, mütəşəkkil qrupa adları bizə bəlli olmayan başqa şəxslər də daxil ola bilər. Çünki 48 milyon manat yetərincə böyük vəsaitdir və bu məbləği bir neçə şəxs öz arasında mənimsəyə bilməz. Yeni məlumatlar qənaətimizi bir daha təsdiqləyir.

Yazıda adıçəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar