Zərdüşt Əlizadə qardaşının hakimiyyətə işlədiyini deyir

 "Onun çıxışlarında sosial-demokratizm yox, yalnız hakimiyyətin izlədiyi, güddüyü məqsədlərin gerçəkləşməsi vardı” 

İctimai Televiziyada prezidentliyə namizədlərin debatlarında baş verən qalmaqal günün aktual mövzuları sırasındadır. Debatlarda nümayiş etdirdiyi mövqe ilə ASDP sədri Araz Əlizadə də tamaşaçıların "diqqətini" çəkib. Sosial şəbəkələrdəki statuslardan belə görünür ki, hazırda narazı elektorat ən azı Hafiz Hacıyev qədər Araz Əlizadəyə də nifrətlə yanaşır. Bunun səbəbi odur ki, A.Əlizadənin səviyyəsiz, təhqirlərlə dolu çıxışları ikrah doğurur. 

Doğma qardaşı Zərdüşt Əlizadə də bunun fərqindədir. O, "Bizim Yol"a açıqlamasında bildirib ki,  İTV-dəki debatlarda hərə öz qabiliyyəti, funksiyası və bacarığı çərçivəsində çıxış edir:

“Oktyabr seçkilərində yalnız Cəmil Həsənli və İlham Əliyev arasında intriqa və rəqabət gedir. Başqa namizədləri də irəli veriblər, onlar da Cəmil müəllimə hücum edirlər. Bu adamların bəzilərinin birinci funksiyası Cəmil Həsənlini pisləmək, ikinci funksiyası isə demokratik seçki görüntüsü yaratmaqdır”. “Qardaşınız Araz Əlizadə də bu sıradadır” sualına politoloq belə cavab verib:

“Mən hamısını nəzərdə tuturam. Çünki Azərbaycan siyasi səhnəsi elə qurulub ki, hakimiyyətin istəmədiyi, icazə vermədiyi bir nəfər olsun belə seçkidə iştirak edə bilməz. Məsələn, İlqar Məmmədovun seçkidə iştirakını istəmədilər, şərləyib həbs etdilər. Yaxud Rüstəm İbrahimbəyovun seçkiyə qatılmasını istəmədilər, ölkəyə qayıtmasına imkan vermədilər. Cəmil Həsənli onlar üçün o qədər də təhlükəli deyil. Ancaq Cəmil müəllim ənənəvi müxalifətin bütün iradlarını qatılaşmış şəkildə birdən-birə ifadə etdi. Bu da hakimiyyəti çox qəzəbləndirdi, hazırda bütün imkanlardan istifadə edib onu susdurmaq istəyirlər. Təsəvvür edin ki, debat vaxtı kabel televiziyası bizim rayonda efiri dayandırdı. Bəli, Cəmil müəllim çıxışlarını davam etdirəcək, ancaq çifayda, seçki mühitinin olmaması səhrada dayanıb danışmağa bənzəyir”. Z.Əlizadə “qardaşınızın çıxışına münasibətinizi necədir” sualına belə cavab verib:

“Məni tanıyan adamlar necə münasibət göstərəcəyimi bilirlər. Mənim siyasi mövqeyim, baxışlarım hamıya bəllidir. Onun çıxışlarında sosial-demokratizm yox, yalnız hakimiyyətin izlədiyi, güddüyü məqsədlərin gerçəkləşməsi vardı”.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar