Zakir Həsənov ordudakı intiharları niyə dayandıra bilmir? 

“Ordu sıralarında bu və buna oxsar hadisələrin qarşısını almaq üçün çox dərin işlər görülməlidir”

“Doğrusu, mənim son aylar bu intihar sözündən artıq zəhləm getməyə başlayıb. Elə bir gün, elə bir həftə olmur ki, Azərbaycanın hansısa nöqtəsində ölüm hadisəsi baş verməsin. Bu dəfə də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar etdi. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum olmasa da, bir fikri qəti əminliklə söyləmək istəyirəm ki, bu faciənin səbəbləri çoxdur. Ən əsası isə, özünə qəsd etmək istəyən hərbçi ilə yaxından maraqlanan və onun arzu və istəklərini öyrənib, onun dərdinə əlac qılan bir insan oğlunun yanında olmamasıdır."

Bunlarıhərbi-ekspert Üzeyir Cəfərli Milli Orduda artan intihar hadisələrini Azpolitika.info-ya şərh edərkən deyib. O, deyir ki, Müdafiə Nazirliyi üzərinə düşən işi görmür və hər dəfə intihar faktını təsdiqləməklə işini bitmiş hesab edir.

"Növbətçi cümlələr isə artıq həm övlad itkisi yaşayan valideynlərdə, həm də cəmiyyətdə qəzəb, qıcıq yaradır. "Araşdırma aparılır, günahkarlar olarsa cəzalandırılacaq" və bu kimi digər şablon cümlələr. Mənim düşüncəmə görə, ordu sıralarında bu və buna oxsar hadisələrin qarşısını almaq üçün çox dərin işlər görülməlidir. Qanunvericilik bazasının təkmilləşdirilməsindən tutmuş, kadr islahatlarına qədər. Həmçinin Azərbaycan ictimaiyyətinin aktiv iştrakı ilə ictimai nəzarəti həyata keçirməklə bu sahədə müəyyən dəyişikliklərə nail olmaq mümkündür. Ona görə də, istər indiki müdafiə naziri Zakir Həsənov olsun, ya da dünyanın ən güclü ordularından bir təcrübəli sərkərdəni gətirib Silahlı Qüvvələrə rəhbər təyin etsələr belə, yenə də əsgər ölümlərinin və digər qeyri-döyüş itkilərinin qarşısını ala bilməyəcəyik. Bunu tam şəkildə anlamaq gərəkdir”.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar