Rauf Mirqədirovun təyyarədən son zəngi – “bazarlıq qurbanı oldum...”

Xəbər verildiyi kimi, “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsi barədə qərar çıxarılıb. Ailəsi və işlədiyi media quruluşunun rəhbərliyi məlumat yayıb ki, artıq jurnalist polisin müşayiəti ilə Ankara-Bakı təyyarəsinə mindirilib və onun az sonra Bakıda olacaq.

Rauf Mirqədirov özü təyyarədə olarkən Ankarada yaşayan jurnalist Zaur Bayramlıya telefon açıb.

Z. Bayramlı müsavat.com-a deyib ki, Mirqədirov başqasını telefonu ilə zəng edib. R. Mirqədirov deyib ki, onun problemləri baş nazir Ərdoğan Bakıdan dönən kimi başlayıb: “8 apreldə akkreditasiyam heç bir əsas olmadan ləğv olundu. Dərhal da ölkəni tərk etmək tələbi qoyuldu”. “Ayna”- “Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi həmkarına deyib ki, o, “iki ölkə rəhbərlərinin bazarlaşmasının” qurbanı olub. Mirqədirov şübhələnir ki, Ərdoğan rəsmi Bakıya Azərbaycanda sıxışdırılacaq türkiyəlilərin siyahısını verib. Rəsmi Bakı da Ərdoğana qarşılıqlı bir siyahı təqdim edib.

Mirqədirov şübhələnir ki, həmin siyahıda onun da adı var və onu Türkiyədən Azərbaycan hökumətinin tələbi ilə çıxarırlar: “Mən Türkiyə hökumətini qəzəbləndirəcək, deportasiyama səbəb olacaq heç nə yazmamışam”, deyə, jurnalist fikirlərini arqumentləşdirib.

Rauf Mirqədirov Zaur Bayramlıya deyib ki, əgər onu Azərbaycandan verilən təlimatla deportasiya edirlərsə, o zaman onu Bakı hava limanında həbs edə bilərlər: “Buna görə də xahiş etdi ki, hava limanına mümkün qədər çox jurnalist gəlsin” .

XİN-in mətbuat katibi Elman Abdullayev müsavat.com-a deyib ki, R.Mirqədirovun akkreditasiyası dayandırılıbsa, bu, həmin ölkənin səlahiyyətidir: “Hər bir ölkənin özünün müstəqil akkreditasiya siyasəti var”.

Məsələ ilə bağlı araşdırma apararkən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunla əlaqə saxlayıb, jurnalistlə bağlı baş redaktor Elçin Şıxlının səfirliyə ünvanladığı sorğusuna münasibət öyrənmək istədik.

Səfir dedi ki, o, hazırda Türkiyədə olduğundan bu məsələdən xəbərsizdir: “Əgər belə bir qərar verilibsə, demək səbəbsiz deyil. Mənim bu barədə bir söz deməyim düzgün olmaz”.

Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov bildirdi ki, bu barədə ancaq mətbuatdan oxuyub və detallı məlumatı yoxdur.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov dedi ki, bununla bağlı mətbuat katibinə müraciət etmək lazımdır.

Səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirdi ki, R.Mirqədirovun deportasiyasının Azərbaycanla bağlılığı yoxdur: “Bu, Türkiyə tərəfinin qərarıdır”.

Mətbuat katibi səfirliyin Türkiyə XİN-ə sorğu göndərmədiyini vurğuladı: “Türkiyənin suveren hüququdur ki, öz ərazisində istənilən jurnalistin çalışmasına izn verməsin və bunun da səbəbini açıqlamaq məcburiyyətində deyil”.

R.Mirqədirovun vəkillə təmin olunub-olunmadığına gəldikdə, mətbuat katibi “bu haqda bizdə məlumat yoxdur” deməklə kifayətləndi. Əlavə etdi ki, akkreditasiyası ləğv edilən jurnalist yaxın zamanda ölkəni tərk etməlidir.

(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar