"ELÇİBƏYİN DEVRİLDİYİ QİYAMI BP və ABŞ KƏŞFİYYATI TƏŞKİL EDİB" - Sensasion araşdırma

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Birləşmiş Ştatlara sərf etməyən rejimləri necə devirdiyi və onların yerinə öz adamlarını gətirdiyi barədə dünya mediasında çox bəhs olunub.

Ancaq Britaniyanın “Channel 4” telekanalının araşdırması göstərir ki, dünyada arzuolunmaz hökumətləri devirməklə təkcə ABŞ kəşfiyyatı məşğul olmur, qlobal neft-qaz nəhəngi BP də ona sərf etməyən prezidentləri devirmək üçün kifayət qədər rıçaqlara malikdir.

Virtualaz.org saytı Qərb mənbələrinə istinadən xəbər verir ki, “Channel 4” kanalı BP-nin 4 il əvvəl - 2010-cu ilin aprelində ABŞ-ın Meksika körfəzindəki platforması “Deepwater Horizon”da baş vermiş dəhşətli qəzanın səbəblərini araşdırmağı məşhur tədqiqatçı-jurnalist Qreq Palasa və onun çəkiliş qrupuna tapşırıb.

Jurnalist bir neçə illik araşdırmadan sonra BP-nin qaranlıq əməlləri barədə sensasion sənədli film çəkib.

Qreq Palas bildirir ki, o, BP-nin Meksika körfəzindəki platformasında baş vermiş qəzanın səbəblərini... Azərbaycanda, neft şəhəri Bakıda tapıb.

***

Qreq Palas deyir: “BP icraçısı mənə danışırdı ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Mİ-6 və “British Petroleum” xalq tərəfindən seçilmiş prezidenti “BP-yə sərf etmədiyi üçün” dövlət çevrilişi təşkil edərək necə hakimiyyətdən uzaqlaşdırmışdı. Söhbət korporasiyanın keçmiş vitse-prezidenti Lesli Abrahamsdan gedir.

Lesli Abrahams BP-nin Azərbaycanda, Bakıdakı ofisinin qarşısında əlində AK-47 avtomatı tutaraq

çəkdirdiyi şəkli də var.

Mənim söhbətləşdiyim digər BP rəhbərləri kimi o da fəxrlə bildirirdi ki, BP-də işləsə də Britaniya kəşfiyyatı Mİ-6-ya da xidmət edirdi”.

***

Jurnalist bildirir ki, onun Lesli Abrahamsla bu söhbəti 2010-cu ildə, “Deepwater Horizon” platformasında baş vermiş qəzanı araşdırmaq üçün dünyanın dörd qitəsində araşdırmalara başlamazdan əvvəl etmişdi.

2010-cu il, aprelin 20-da “Deepwater Horizon” platformasında qaz sızmasından baş vermiş partlayış və yanğın nəticəsində BP-nin 11 neftçisi yanaraq həlak olub. Körfəzdə nəhəng neft sızması baş verib və böyük ekoloji fəlakət yaranıb. BP dəyən ziyanı ödəmək üçün milyardlarla dollar ödəməli olub.

Nəhayət, ötən ay Obama administrasiyası BP-yə Meksika körfəzində qazma işlərinə yenidən başlamağa icazə verib. Qazma işləri “Deepwater Horizon” platformasının yerləşdiyi rayonun yaxınlığında aparılacaq. Həmin qəzaya görə BP-nin yüksək vəzifəli şəxslərindən təkcə Devid Reyni məhkəmə qarşısında dayanıb.

“Meksika körfəzində əslində nə baş verdiyini və BP-nin dünyanın hər yerində qanunların fövqündə dayanmağı necə bacardığını araşdırmaq üçün Britaniya telekanalı “Channel 4” məni rüşvət, göbək rəqsləri, WikiLeaks, dövlət çevrilişi, həbslər və neft-dövlət terroru labirintində araşdırma aparmağa göndərdi.

Mən “Deepwater Horizon” fəlakətinin səbəblərini Meksika körfəzindən 7000 mil məsafədə, Böyük İpək Yolunun Mərkəzi Asiyadakı dayanacağı olan qədim Bakı şəhərində tapdım” - deyə jurnalist bildirir.

***

1991-ci ilə qədər sovet hakimiyyətinin mövcud olduğu Bakı 3 min ildir ki, neft ixrac edir. Sovet İttifaqı dağılan kimi BP bu şəhərə kurs götürdü. O, indi də yeni Azərbaycan dövlətinin dünyanın ən iri neft yataqlarından birinin yerləşdiyi Xəzər dənizinin sahilində yerləşən paytaxtındadır.

BP çevrilişi və Elçibəyə verilən 30 milyon dollar...

1992-ci ildə gənc dövlət özünün ilk prezidentini - Əbülfəz Elçibəyi seçəndən az sonra BP-nin o vaxtkı prezidenti lord Braun Bakıya uçdu. Böyük Britaniyanın o vaxtkı baş naziri, “Dəmir ledi” Marqaret Tetçer də ona qoşuldu. Korporasiya Tetçer üçün xüsusi təyyarə ayırmışdı.

Bakıda qonaqlar üçün təşkil edilmiş rəsmi şam yeməyi zamanı lrod Braun Lesli Abrahamsa, BP-nin o vaxtkı vitse-prezidentinə portfel verdi və onun içində 30 milyon dollarlıq qəbz olduğunu bildirdi. Braun sonra bu qəbzi Azərbaycanın prezidenti Əbülfəz Elçibəyə verdi.

Bununla belə, yeni prezident BP-nin Xəzər nefti üzərində nəzarəti ələ almaq planları baxımından “sərfəli” olmadı və Mİ-6, MKİ və korporasiya döyüşə girdilər.

Qreq Palas deyir ki, Azərbaycanda 1993-cü ildə Elçibəyin devrildiyi qiyamı BP, Amerika və Britaniya kəşfiyyatı təşkil etdi.

***

Jurnalist deyir ki, Elçibəyin devrilməsindən sonra hakimiyyətə gələn Heydər Əliyev cəmi dörd ay sonra tender elan etmədən BP ilə Xəzərdəki iri neft yatağının işlənməsinə dair müqavilə bağladı.

Mİ-6-nın adamı olan Abrahams deyir ki, ona azərbaycanlı məmurları göbək rəqsləri və digər əyləncələr üçün lord Braunun təyyarəsində Londona aparmaq tapşırılmışdı. Abrahamsın özünün hesablamalarına görə, o, BP-nin Azərbaycanda əlavə heç bir problem yaşamaması üçün azərbaycanlı məmurlara 3 milyon dollar pul da paylamışdı.

Qeyd etmək lazımdır ki, Abrahams heç bir qanunu pozmamışdı: o vaxt Britaniya vətəndaşlarının xaricdə rüşvət verməsi qanunsuz deyildi. Mən onlara bu barədə birbaşa sual verəndə BP rəhbərləri Azərbaycanda rüşvət verdiklərini inkar etmirdilər. Mİ-6 zabitləri isə fəxrlə deyirdilər ki, Azərbaycandakı çevrilişin məqsədi BP üçün offşor sövdələşmənin yolunu açmaq idi.

Bəs Azərbaycandakı 1993-cü il çevrilişinin “Deepwater Horizon” platformasındakı qəza ilə nə bağlılığı var?

Qreq Palas deyir ki, hazırda bu qəzanın səbəbləri dəqiq müəyyən edilib. Məlum olub ki, BP-nin istifadə etdiyi sement qarışığı metan qazının püskürməsinə və partlayışa səbəb olub, nəticədə platforma suya batan alov kürəsinə çevrilib.

Lakin bu, BP-nin ilk uğursuz sementləmə işi və ilk qaz sızması deyildi. Bu fəlakətdən cəmi 17 ay əvvəl Xəzər dənizində BP-nin platformasında da buna bənzər hadisə baş vermişdi.

Hər iki qaz sızmasının səbəbləri eynidir. BP quyuya vurulan sementi qaz şəklində azotla qarışdırır. Azot qabarcıqları sement qarışığının sürətlə qurumasına imkan yaradır, nəticədə BP qazma qurğusunun icarə müddətini azaldaraq gündə milyonlarla dollar qazana bilir. Lakin offşor zonalarda yüksək təzyiq, azot qabarcıqları və sement uğursuzluğa da səbəb ola bilər. Və səbəb oldu, özü də iki dəfə...

BP-nin təhlükəli sementinin sirri...

Bəs nəyə görə BP-də dünyada dəhşətli dərəcədə təhlükəli “sürətlə quruyan” sement qarışığından istifadə etməyə imkan verilir? Özü də Xəzərdəki qaz sızmasından az sonra?

Qreq Palasın sözlərinə görə, cavab sadədir: hədə və təhdid, döyülmə, həbslər, rüşvət, yalançı şahidlik və ABŞ Dövlət Departamentinin vasitəçiliyi.

“Mən Xəzərdəki qaz sızması barədə cəmi bir şahiddən şifrəli mesaj almışdım. Sübutlar əldə etmək üçün Bakıya uçdum və daha çox şahidlər tapa bilmək üçün çox uzun yol keçməli oldum” - deyə Q.Palas bildirir.

Jurnalist daha sonra əlavə edir: “Lakin bizi tutdular. Mən və çəkiliş qrupun Azərbaycanın məxfi polisi tərəfindən həbs olunduq. Zabitlər bizdən çəkdiklərimiz kadrları istədilər, hərçənd ki, əlimdəki qələmi almadılar. Həmin qələmdə gizli kamera yerləşdirilmişdi və mən baş verənləri onun vasitəsilə çəkə bildim”.

Həbsi aparan polislərdən biri Q.Palasın və heyətinin Azərbaycana BP-nin Xəzərdəki platformasında baş vermiş güclü qaz sızmasını araşdırmaq üçün gəldiklərini biləndə qəzəblənib: “BP bu ölkəni idarə edir. Siz buna necə cəsarət edə bilərsiniz?”

Mirvari Qəhrəmanlı Qreq Palasa nə danışdı...

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı jurnalistə deyib ki, o, qaldırdığı suallara görə polis tərəfindən döyülüb. Daha sonra məni inandırmaq üçün onlarla polisin onu sürüyərək necə apardığını göstərən fotoşəkli göstərdi.

“Daha da betəri bu oldu ki, bizi ölkədən çölə atandan sonra (görünür, xarici telejurnalisti həbsxanaya salmaq pis görünə bilərdi) mənim şahidlərim də yoxa çıxdılar” - deyə Q.Palas bildirir.

Reyninin dəhşətli yalanı...

Deepwater Horizon” platformasında baş vermiş partlayışdan cəmi beş ay əvvəl BP-nin vitse-prezidenti Reyni ABŞ Konqresi qarşısında ifadə verərək deyirdi ki, korporasiya son 50 ildə dəniz şelfində qazma işlərini təhlükəsiz və ətraf mühitə zərər vurmadan həyata keçirə bilib. Ancaq BP rəhbərinin ifadəsi yalan idi. Cəmi bir il əvvəl BP-nin Xəzərdəki platformasında güclü qaz sızması baş vermişdi.

Bu məlumatın Konqresdən gizlədilməsinin özü ağır cinayət idi. Reyninin ifadəsinin əsasında qanunvericilər ABŞ Daxili İşlər Nazirliyinə təzyiq göstərərək onu Meksika körfəzinin dərin sularında qazma işlərinə qarşı çıxmamağa məcbur etdilər.

Doğrudur, Reyninin Konqresdən BP-nin Xəzərdəki platformada baş vermiş qaz sızmasını gizlətməsi ağır cinayət idi. Lakin Reyninin özünü müdafiə etmək üçün çox güclü arqumenti var: bu işdə o, tək olmayıb və ABŞ Dövlət Departamenti də qaz sızması barədə informasiyanın gizlədilməsində iştirak edib.

Xəzərdəki BP platformasındakı qorxunc sızma və WikiLeaks...

Qreq Palas deyir ki, əlbəttə, Reyninin və Dövlət Departamentinin bu informasiyanı Konqresdən gizlətməsi üzə çıxmazdı - əgər ABŞ ordusunun İraqda xidmət edən serjantı Bredli Menninq yüz minlərlə Amerika məxfi diplomatik teleqramını ələ keçirib onları WikiLeaks saytına ötürməsəydi...

Həmin teleqramlar arasında Xəzərdəki qaz sızması barədə ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin Vaşinqtona göndərdiyi teleqramlar da var. Teleqramların birində səfirin BP-nin Xəzərdəki əməliyyatlar üzrə rəhbəri ilə məxfi görüşündən söhbət gedir.

BP-nin Azərbaycandakı amerikalı ortaqları “Chevron” və “Exxon” şirkətləri də bu barədə Dövlət Departamentinə şikayət etməmişdilər. Əks halda onlar Xəzərdəki neft “piroqundan” öz paylarını ala bilməzdilər (Yada salaq ki, ABŞ-ın o vaxtkı dövlət katibi Kondoliza Rays “Chevron” şirkətinin Direktorlar Şurasının üzvü olmuşdu).

Səfir Enn Dersinin Vaşinqtona göndərdiyi həmin məxfi teleqramda bəhs olunurdu ki, Xəzərdəki platformada güclü qaz sızması BP-nin təhlükəli sementləmə işləri üzündən baş verib. Buna baxmayaraq həmin sızmadan bir il sonra Konqres qarşısında verdikləri ifadələrdə “Chevron” və “Exxon” rəhbərləri də BP-yə qoşulub onların dənzi şelflərində qazma texnologiyasının şaşki oyunu kimi təhlükəsiz olduğuna əmin edirdilər.

Dövlət Departamenti də yalana ortaqdır

Sonradan Reyniyə qarşı irəli sürülən ittihamların arasında Xəzərdəki sızma barədə məlumatların Konqresdən gizlədilməsi ittihamı yox idi. Çünki bu işdə ona Dövlət Departamenti də ortaq olmuşdu.

BP-nin Meksika körfəzindəki əməliyyatlarının rəhbərini “Deepwater Horizon”da baş vermiş partlayış nəticəsində dənizə sızan neftin həcmini az göstərməkdə ittiham etdilər.

Və görünür, buna görə yenidən Meksika körfəzində BP-nin qarşısına qırmızı xalça sərdilər. ABŞ hökumətinin başqa ölkələrdə korrupsiyada iştirak etdiyi, kommersiya sövdələşmələrindən fayda götürə bimək üçün polis dövləti taktikasını dəstəklədiyi bir vaxtda bunun günahlarını millətin üzərinə atırlar.

Narahat olmayın, “Deepwater Horizon” fəlakətinə görə heç Reynini də cəzalandırmadılar. Onun məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb, üstəlik irəli sürülmüş ittiham üzrə Reynini cəmi 2 il həbs gözləyir. BP isə iddia edir ki, Meksika körfəzinə dağılmış neft təmizlənib və su tər-təmizdir.

Ancaq Missisipi yaxınlığına getsəniz, hələ də suyun üzərinin neftlə örtülü olduğunu görərsiniz. Biloqlar deyirlər ki, bu neftin təmizlənməsi üçün azı 40 il lazımdır...

***

Qeyd: Qreq Palasın “Deepwater Horizon” platformasındakı qəza ilə bağlı Azərbaycanı da əhatə edən araşdırmasından bəhs edən film sabah aprelin 20-də “Free Speech TV” internet televiziyasında nümayiş etdiriləcək.(Virtualaz.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar