Gəncə Universitetinin müəllimi həbs təhlükəsi ilə üzləşib

Qarabağ müharibəsi veteranı, Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev “Media forum” saytına məktubunda həbs olunmaq təhlükəsi ilə üzləşdiyini yazır.

2011-ci il dekabrın 20-də Fikrət Hacıyevin Gəncə Dövlət Universiteti ilə əmək müqaviləsi ləğv edilib. Universitetdən qanunsuz çıxarıldığını iddia edən Fikrət Hacıyev iki uzunmüddətli aclıq aksiyası keçirib və işə bərpa tələbi ilə məhkəmə çəkişmələri aparıb. 2013-cü il mayın 23-də Ali Məhkəmə onun işə bərpa olunması haqda qərar çıxarıb.

Fikrət Hacıyev “Media forum” saytına məktubunda xatırladır ki, 2012-ci ildə Gəncə Dövlət Universiteti onu məhkəməyə verib: “Universitet şikayət ərizəmdə yazdığım sözlərə görə işgüzar nüfuzun müdafiəsi iddiası qaldırıb. Mən işə bərpa tələbi ilə məhkəmə çəkişməsi apararkən apellyasiya şikayətində yazmışdım ki, tələbələr dərsə gəlmir, ancaq rüşvət alıb uşaqları dərsə buraxırlar. Əgər mən bu ifadələri mətbuatda yazsaydım, onda məni məhkəməyə verə bilərdilər. Ancaq yazdıqlarım kütləvi auditoriyaya yayılmayıb, şikayət ərizəsində yer alıb. Həm Göygöl Rayon Məhkəməsi, həm Gəncə Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə iddianı təmin edib. İddiaya əsasən, gərək təkzib yazam, 150 manat ekspertiza xərci ödəyəm.

İndi Göygöldə məhkəmə icraçıları xəbərdarlıq edib ki, sentyabrın 27-nə qədər təkzib yazmasam, məhkəmə qərarını yerinə yetirmədiyimə görə İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsi ilə 500-1000 manat cərimələnə və ya 30 sutka inzibati həbs cəzası ala bilərəm. Pulu ödəməyə imkanım olmadığından yəqin ki, həbs olunacam. Kafedra müdirimin dediyinə görə, həbs olunsam, işdən qovulacam. Bütün bunları nəzərə alıb bildirirəm ki, həbs olunsam, yeni aclıq aksiyasına başlayacam”.

Prezident İlham Əliyevə də səslənən müəllim yazır: “Bu iş Avropa İnsan Hüquqları Məhkəməsinə gedib çata bilər. Niyə Gəncə Dövlət Universiteti məmurlarının cinayətlərinə Azərbaycan cavab versin? Niyə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən bir şəxsin adı məhkəmədə Azərbaycana qarşı çəkilsin? Cənab prezident! Xahiş edirəm məhkəmə qərarının ləğv olunmasının hüquqi yollarının araşdırılması üçün müvafiq orqanlara sərəncam verəsiniz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar