Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham edilir - ŞOK- YENİLƏNİB

Ehtimal var ki, Jurnalisti Ermənistana səfərlərinə görə suçlaya bilərlər

Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb. Bu barədə məlumatı Musavat.com-a vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, günün birinci yarısında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edib. Müstəntiq bildirib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib.

Vəkil sabah Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır.

Fuad Ağayev deyib ki, həbsi MTN həyata keçirib və Mirqədirov hazırda MTN-də saxlanılır. Jurnalist dövlət əleyhinə casusluqda şübhəli bilinir.

Cinayət Məcəlləsində 274-cü maddəyə görə (dövlətə xəyanət) 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Musavat.com Ankaradakı qaynaqlardan aydınlaşdırıb ki, R. Mirqədirov bir neçə ay öncə - bu ilin əvvəllərində Ermənistanda səfərdə olub. Qaynaq bildiri ki, bu, Rusiyanın hansısa fondunun təşkil etdiyi konfrans idi və Mirqədirov oraya Türkiyədən də bir heyət olmaqla, Gürcüstan üzərindən gedib. Onunla səfərdə AK Partiyə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi də iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb...

Ehtimal etmək olar ki, siyasi icmalçının ittihamında bu səfərin də "payı" var. Bilglərimizə görə, R. Mirqədirov ötən il də Ermənistan səfərində olub. Lakin Rauf Mirədirov həmin səfərlərə gizli getməyib, bu Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olub. Mirqədirovu yaxından tanıyan Ankarada yaşayan jurnalist Zaur Bayramlı da belə deyir: "Rauf Mirqədirovun Ermənistanda keçirilən beynəlxalq tədbirdə həm mütəxəssis, həm də jurnalist kimi iştirakı Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olmuşdur və o, hər dəfə səfərdən qayıtdıqdan sonra səfəri ilə bağlı geniş yazılar yazmışdır. Bunu "Ayna-Zerkalo" qezetinin redaktoru Elçin Şıxlı da təsdiq edə bilər. Mən Rauf Mirqədirovun Azərbaycanın və Türkiyənin mənafelərini hər hansı başqa bir dövlətin ayağına verməsinə əsla inanmıram". Zaur Bayramlı onu da dedi ki, R. Mirqədirov Türkiyədə daim maddi sıxıntılarla yaşayıb: "Bəzən maaşına qədər dostlardan borc alıb və onu maaşını alarkən geri qaytarıb. O, dövlətə xəyanət və xarici qüvvələrə işləməklə məşğul olsaydı, ən azından, minimal yaşam şərtlərini düzəldərdi".

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar