AXCP-nin QƏRARGAHI ƏTRAFINDA "FIRTINA" NECƏ QOPDU? - Pərdəarxası

“Fövqəladə Hallar Nazirliyinin ekspert araşdırması hələ davam edir. İşlər başa çatandan sonra Azər Əsgərovun əmlakı qanunvericiliyin tələblərinə uyğun dəyərləndiriləcək, onun adına bank hesabı açılacaq, pul köçürüləcək. Məbləğdən razı qalacaq, ya yox, bu, sonrakı prosesdir. Vətəndaşın bundan sonra məhkəmə orqanlarına və digər aidiyyəti təşkilatlara müraciət etmək hüququ var”.

Bunları Narimanov rayon İcra Hakimiyyətindən AXCP-nin bir qədər əvvələ qədər yerləşdiyi mülklə bağlı “Media forum”un sorğusuna cavab olaraq bildiriblər.

Xatırladaq ki, martın 3-də AXCP-nin Tələt Şıxəliyev küçəsi, 8-də yerləşən qərargahının zirzəmisində baş verən partlayışdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Binanın qəzalı vəziyyətdə olduğuna dair akt hazırlanıb və bina sökülüb.

Azər Əsgərov bu qərarla razılaşmır və müxtəlif vəzifəli şəxslərə, o cümlədən FHN rəhbərliyinə qarşı ittihamlar səsləndirir. Mülk sahibi deyir ki, hökumət onun sökülmüş mülkünə görə hər kvadrat metrə 1500 manat, ümumilikdə 480 min manat pul təklif edir. Lakin o, bu məbləğlə razılaşmır və hər kvadrat metrə görə 3000 manat tələb edir.

Azər Əsgərov “Azadliq”a bugünkü açıqlamasında son aylarda silsilə şəklini almış “sensasiyalı açıqlamalarından” növbətisini yayaraq deyib ki, onu öldürmək istəyirmişlər. “Məni öldürüb şəxsiyyəti məlum olmayan bir kişi meyidi kimi basdırmaq istəyirdilər. Çünki şəxsiyyətimin məlum olması onlara qarşı yönələ bilərdi. Ancaq bu baş tutmadı. Bu barədə öncədən xəbər tutdum”.

Bir neçə gün əvvəl isə o, bəyan etmişdi ki, Türkiyədə ailəsini ölümlə hədələyirlər.

Qeyd edək ki, A.Əsgərovun 1 milyon tələb etdiyi mülkünün real dəyəri 350-400 min dollar ətrafında qiymətləndirilir. Mülk şəhərin mərkəzinə yaxın yerləşsə də, əhalinin gur olduğu ərazidə olmadığından gəlirliliyi aşağıdır. Təsadüfi deyil ki, A.Əsgərov aylarla boş qalandan sonra binanı əvvəlcə 3000 dollara ACP-yə, daha sonra 2500 dollara AXCP-yə vermişdi.

Əslində isə ilk gündən onun məqsədi öz mülkünü müxalifət partiyalarına verməklə müəyyən fakir yaratmaq, müxtəlif vəzifəli şəxsləri, həmçinin FHN-də işləyən doğma qardaşlarını "fakt qarşısında" qoymaqla, əmlakını real dəyərindən dəfələrlə baha qiymətə satmağa nail olmaq idi. Təsadüfi deyil ki, Azərbaycanda mətbuat mülkünü ACP-yə verən şəxsin qardaşlarının FHN-də işlədiyini yazmağa başladıqdan sonra, o, qiyməti 500 min dollardan 4 milyon dollara qaldırmışdı. Məqsədinə nail olmayanda isə bu adam öz doğma qardaşının səsini gizli yazaraq, onu şantaj etməkdən belə çəkinməmişdi. Lakin qarşı tərəf bu şantaja boyun əymədiyindən iş binanın zirzəmisində müəmmalı partlayışa qədər gedib çıxdı…

A.Əsgərov indi də guya öldürüləcəyini bəyan etməklə vəziyyəti daha da dramatikləşdirmək istəyir ki,  sökülmüş mülkünə görə mümkün qədər çox kompensasiya alsın.

Bəli, hakimiyyətin AXCP-yə sərt münasibəti bəllidir. Lakin tam əminliklə deyirik ki, bu qalmaqalda əsas hədəf AXCP deyildi. Bu "fırtınanı" yaradan Azər Əsgərov özüdür və qeyd etdiyimiz kimi, onun məqsədi bəlli çevrəni fakt qarşısında qoyub, şantaj yolu ilə onları öz mülkünü real dəyərindən dəfələrlə baha qiymətə almağa məcbur etməkdir. İşin əsli-astarı bundan ibarətdir. 

Rasim ƏLİYEV

Azpolitika.info 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar