"Bir dəfə Cəmil müəllimlə üz-üzə gəlmişik..." - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə keçmiş namizəd Qüdrət Həsənquliyev sərt seçki debatlarından sonra Milli Şuranın keçmiş vahid namizədi Cəmil Həsənli ilə münasibətlərindən danışıb. Partiya sədri "Axar.az"-a müsahibəsində deyib ki, seçkidən sonra bir dəfə Cəmil Həısənli ilə görüşüb.

"Bir dəfə yas yerində üz-üzə gəlmişik. Fazil bəylə birgə yas mağarına girirdik. Cəmil müəllim də ordan çıxırdı, görüşdük. Mən Cəmil müəllimi bir alim kimi həmişə qiymətləndirmişəm. Debatlara diqqətlə qulaq asdınızsa, bir dəfə də onun şəxsiyyətinə toxunan söz demədim. Sadəcə olaraq biz orda rəqib idik, ona görə də müəyyən suallar ünvanlayırdıq. Çünki narazı elektoratın səsinə əsas iddiaçılardan biri də o idi. Cəmil müəllim həm İlham Əliyevin, həm də Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən yazıb. Mən sadəcə, bu sualları verdim. Cəmil müəllim də bunun qarşılığında siyasi fəaliyyətimlə bağlı iradları var idisə, bunu deyə bilərdi, ancaq o şəxsiyyətə hücum etdi, bu da xoşagəlməz hal idi. Cəmil müəllim düzgün taktika seçsəydi, o, Milli Şuranın namizədi kimi daha çox səs qazana bilərdi. Qalib gəlmək şansı yox idi. O zaman da demişdim ki, içi mən qarışıq heç kimin bu seçkidə iqtidarın nümayəndəsini udmaq şansı son dərəcə məhdud idi. Amma bir ziyalı kimi barışdırıcı mövqe qoysaydı, daha çox səs toplaya bilərdi. Cəmil müəllim isə daha radikal mövqe sərgilədi, özünü cəmiyyətə inqilabçı kimi təqdim etdi. İnsanlar artıq inqilablardan qorxurlar və görürlər ki, inqilablar xalqlara çox hallarda xoşbəxtlik yox, bədbəxtlik, parçalanma gətirir. Cəmil müəllim narazı elektoratın bir hissəsini də özünün yersiz radikallığı ilə bu iqtidara dəstək verməyə yönəltdi."

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar