Anar Məmmədlinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə SMDT-nin sədri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun təqsirləndirilməsinə dair məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri, yerli QHT, KİV nümayəndələri, ABŞ, Britaniya, Niderland, Almaniya höküməti, Avropa Birlyi, ATƏT təmsilçiləri iştirak edib.

Məhkəmə hazırlıq iclası zamanı vəkil Elçin Sadıqov Anar Məmmədlinin məhkəmə iclasları zamanı dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərinin yanında oturması ilə bağlı vəsatət verib. Hakim bu vəsatəti qəbul edib.

Sonra hər üç təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin başlanılması üçün əsaslar olmadığını bildiriblər və bu səbəbdən də cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət veriblər. Bundan əlavə, Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı və ya girov qətimkan tədbirinin seçilməsi, eyni zamanda müdafiə tərəfinin əlavə şahidlərinin dindirilməsi, cinayət işinin materialları ilə bağlı ekpert rəyi vermiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi əməkdaşının, həmçinin sənədlərin yoxlanılmasında iştirak etmiş Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşının məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı vəsatət verilib.

Müşavirədən sonra hakim vəsatətlərdən yalnız əlavə şahidlərin və ekspertlərin dindirilməsi ilə bağlı vəsatətlərin təmin edildiyini, digərlərinin isə əsassız olduğunu bildirərək məhkəmə baxışının 28 aprel saat 11:00-a təyin edilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü, Elnur Məmmədovun isə eyni maddələr və əlavə olaraq da 179-cu maddənin 3 bəndi üzrə, ümumilikdə 8 maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” elan edib. A.Məmmədlinin həbsinin əsl səbəbi 2013-cü il 9 oktyabrda keçirilmiş prezident seçkiləri zamanı seçkinin saxtakarlığı ilə bağlı hesabat yaymasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar