İQTİDARA AÇIQ MƏKTUB

Etibar EliyevEtibar Əliyev,

Fəlsəfə doktoru

Hörmətli iqtidar!

Nəzərinizə çatdırıram ki, mən siyasətlə məşğul olmuram. Özləri də bilmədən bu sahəyə gələnlər, lakin sonradan “ağzı yanan”lar siyasəti çirkin oyun hesab ediblər. Deyəsən bu bizdə belədir. Siyasətin necə gözəl peşə olduğunu bir misalla izah edim. Fransanın böyük dövlət xadimi Şarl de Qolun apardığı siyasətə qarşı çıxanlardan biri o zamanlar kiçik firqə rəhbəri olan Fransua Mitteran idi. Daxili işlər naziri Qola onun həbs olunmasını təklif edəndə, görün o böyük insan nə deyib: “Fransanın gələcək prezidenti ilə işiniz olmasın”. Mitteran bir müddətdən sonra prezident seçilir və 14 il bu vəzifəni daşıyır. Deməli de Qolun vahid namizədi Mitteran imiş.

Bizdə bir vaxtlar müxalifətin azı 6 adamı prezident olmaq istəyirdi. Ancaq heç biri olmadı. Güclü qalib gəldi. İndi siyasət adlı sənətin (Bismark siyasəti sənət adlandırıb) adı gələndə çoxları qulaqlarına pambıq tıxır. Məsələn, Etibar Məmmədov kimi.

İKT alətlərinin heç olmasa biri əlimizin altında olduğundan siyasi proseslərin özü bizi axtarıb tapır. Bu reallıqdır. Dünən təsadüfən internetdə Milli Şuranın keçirdiyi mitinqi izlədim. Bizdə mitinqdəki adamların sayını bilən Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, iştirakçıların sayı 2000 nəfər olub. Say məsələsi mənim üçün maraq kəsb etmir. Maraqlı olan o idi ki, mitinq təşkil olunmuşdu. Meydana toplaşanlar konstitusiyada dəyişikliklərlə bağlı referendumun keçirilməsinə etiraz edirdilər.

Hörmətli iqtidar!

Mitinqlərin referendumun keçirilməsinə təsiri olmayacağını məndən yaxşı bilirsiniz. Ancaq bunun antitezisi ondan ibarətdir ki, referendumun keçirilməsinə “hə” deyənlər də mitinqlər keçirməlidir. Söhbət Yeni Azərbaycan Partiyasından getmir. Bu partiyanın izdihamlı mitinq keçirməyə gücü çatar. Ancaq Sizin neçə illərdir bəslədiyiniz partiyalar niyə susurlar? Görün Siz neçə partiya rəhbərinin mandat almasına yardımçı olubsunuz? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət partiyasının sədri Tahir Kərimli, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Demokratik İslahtalar Partiyasının sədri Asim Mollazadə (və digərləri) deputatdır.

Bəs bunlar birləşib referendumu dəstəkləmək üçün niyə icazəli mitinq keçirmirlər? İndi hiss edirsinizmi ki, onlar sizi aldadıblar? Yaxşı, bunların hər birinə axırıncı deputat seçkilərində MSK 10 mindən çox səs yazıb. Bu rəqəmi qoyaq bir yana, yəni bunların hərəsi partiya üzvləri və seçiciləri ilə birgə meydana 100 adam çıxara bilməz? Çıxara bilsəydilər yəqin ki, mitinq keçirərdilər.

Siz Tahir Kərimlinin ötən əsrin 90-cı illərinin Milli Məclisində məşhur bağırtısının şahidi olubsunuz. Az qalırdı beyni dağılsın. O, mitinq təşkil edib, indi niyə bağırmır? Danışığı və tərbiyəsi ilə ikrah hissi doğuran Araz Əlizadə hansı üzlə mitinq keçirsin? Mən hələ də onun deputat olmasını təsəvvür edə bilmirəm. Mitinq 10 illərdir özlərini Sizə güclü müxalifətçi kimi təqdim edən (imitasiya edən) Qüdrət Həsənquliyev və Fəzail Ağamalının “Axilles dabanı”dır. Yaxşı, əli cibində 2 dəfə gəlib 31-ci dairədən mandant aparan Fərəc Quliyevin seçiciləri və partiya üzvləri harada qalıb? Axı o, 2010-cu ildə keçirilən deputat seçkilərində dünənki mitinqin əsas təşkilatçılarından biri olan Əli Kərimlini udmuşdu? Epitemey təfəkkürlü doktor Asim Mollazadə nə deyir bu işlərə? Nə bilmək olar, bəlkə də o, ürəyində keçmiş sədrini (vaxtilə Əli Kərimlinin müavini olub) alqışlayır?

Hörmətli iqtidar!

Siyasətdən başı çıxmayan bir adam kimi məni bir sual düşündürür: Bunlar sizin nəyinizə gərəkdir! Yastı-yastı danışmağın vaxtı keçib artıq. Onları nəzəriyyədən ayırıb praktikaya - mitinqlər keçirməyə vadar edin. Onda görəcəksiniz nəyə qadirdirlər.

P.S. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı yadımdan çıxdı. Buna görə üzr istəyirəm...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar