"Cın-cındıra da Rusiyanın ehtiyacı yoxdur" - Vəfa Quluzadə

“Qarabağ ermənilərinə Azərbaycan pasportu paylanmalıdır”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyada imperialist gedişlər kimi dəyərləndirilən son qanun dəyişikliklərini Publika.Az -a müsahibəsində şərh edib. Müsahibəni təqdim edirik. 

- Rusiyada yeni qanun dəyişikliyinə görə rus dilini mükəmməl bilən keçmiş SSRİ ərazisi və bu ölkədə yaşayan hər kəs Rusiya vətəndaşlığını asanlıqla alacaq. Ukrayna böhranı fonunda Moskva bu gedişlə nəyə çalışır?

- Düşünürəm ki, bəlkə mən də imtahan verim. Rus dilini də, tarixini də gözəl bilirəm. Amma mənim elə həvəsim yoxdur. Mən bilmirəm ki, öz vətənində yaşayan kiminsə belə həvəsi olacaq. Yəni ləyaqətli insanların belə həvəsi olmayacaq. Cın-cındıra da Rusiyanın ehtiyacı yoxdur.

Təbii ki, bu siyasi gedişdir. Hazırda rus milləti SSRİ çökəndən sonra müxtəlif ölkələrə səpələnib, Rusiyada güman var ki, onlar geri qayıtsın. Əsas buna yönəlib. Amma mən inanmıram ki, Latviyada yaşayan ruslar Rusiyaya qayıtmaq istəsinlər. Onlar Avropa İttifaqında olmaq və Latviyanın gözəl qayda-qanunları ilə yaşamaq istəyirlər. Həmçinin Qazaxıstanda külli miqdarda ruslar var. Onlar yerli əhaliyə çevriliblər və heç yerə getmək istəmirlər. Rusiya bununla özünü imperiya dövləti olduğunu da sübut edir. İmperiyanın süqut etməməsi üçün müxtəlif fəndlərə əl atır. Müharibə etmək, münaqişələr yaratmaq və bununla da öz həyatını uzatmaq. Başqa heç nə deyil.

- Bununla paralel olaraq ermənilərin, xüsusilə də Dağlıq Qarabağ və Cavaxetiyadakı ermənilərin rus pasportu almağı asanlaşdırılır.

- Qarabağ ermənilərin Rusiyaya köçməsinin yolu bağlanıb. Həmçinin Cavaxetiyadakı ermənilər də eyni vəziyyətdədir. Kefləri istəyirsə, getsinlər. Amma bu gün bütün dünyaya nə qədər erməni köçür. Ermənilər hər ölkədə- Amerika, İngiltərədə, Fransada, Ərəb ölkələrində diasporada yaşayan millətdir. Onların bu imkanları həmişə var.

Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, hesab edirəm ki, Azərbaycan hakimiyyəti onlara Azərbaycan pasportu verməlidir. Çünki Qarabağ erməniləri faktiki olaraq Rusiyada yaşayırlar, amma pis yaşayırlar. Çünki Rusiya oraları işğal edərək özünə tabe edib. Ermənilərə də rus pasportu paylayıb. Onlara Azərbaycan pasportu paylamaq lazımdır ki, birdəfəlik canlarını qurtarıb gəlsinlər inkişaf edən, varlı ölkədə yaşasınlar.

- Vəfa müəllim, Dövlət Dumasına Rusiyada yaşayan miqrantların rus ordusuna hərbi xidmət keçməklə bu ölkənin vətəndaşlığını ala bilməsi haqda qanun layihəsi daxil olub. Belə bir qanunun qəbulu nəyə səbəb olacaq?

- Məsələ odur ki, Rusiyada əhali azalması var. Buna görə də Rusiya miqrantları öz içərisində əritmək üçün müxtəlif addımlar atır. Bu da belə addımlardan biridir. Əgər miqrant Rusiyada yaşayırsa, işləri yaxşıdırsa, evinə qayıtmaq fikri yoxdursa, buyursun rus ordusunda vuruşsun və vətəndaşlıq alsın. Miqrantların kütləvi şəkildə buna gedəcəyinə inanmıram. Amma inanıram ki, çox miqrantlar buna gedə bilərlər. Amma hər-halda Rusiyada tək Azərbaycanda yox, bütün keçmiş sovet ölkələrindən külli miqdarda miqrant var. Əgər həmin miqrantlar rus ordusunda xidmət edib vətəndaşlıq alsalar, Rusiya doğum problemini həll etmiş olar. Ümumiyyətlə Rusiya doğum problemini keçmiş sovet ölkələri hesabına uğurla həll edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar