Abbas Abbasovun oğlunu deputat, onların oğlunu dustaq...

Şahvələd ÇOBANOĞLU

Abbas Abbasov iqtidardakıların dünənəcən əziz-xələfi idi. Bunların yanında hörməti, imkanları, vəzifəsi də öz yerində! Amma bir ilə qədər olar ki, onun adı gələndə göyə çıxırlar. Cəmiyyətə də bunu belə izah edirlər ki, bəs Abbasov Rusiyanın adamıdır. Guya, bunlar Qərbin və ya xalqın adamlarıdır. Əslində, hamı da kələfin ucunu tutub: gəzən söz-söhbətlər kifayət qədər əsaslı imiş, görünür, doğrudan da, çar Putin Abbas Abbasovu növbəti canişin görmək istəyib Azərbaycanda. Ona görə də, Abbas adı gələndə cin atına minirlər...

Yoxsa Rusiya ilə bağlı nə problemi var bunların? Rusiya az qala yeganə dövlətdir ki, Azərbaycandakı son prezident seçkilərini demokratik və legitim sayıb. Vaxt vardı, burada seçkilər Ruşaylonun nəzarəti altında keçirdi.

Vaxt dəyişibmi? Abbasovun Rusiyanın adamı olması bəllidir, fəqət, adam soruşa bilər ki, bəs siz kimsiniz, siz haranın adamısınız? Rüşvətiniz, talanınız, yalanınız sizi xalqın adamımı edir? Kimdir aranızdakı Azərbaycanın adamı?

Bu gün 3 ana aclıq aksiyası keçirir - həbsdə olan NIDA-çı gənclərin anaları. Yalnız bircə səbəbə görə - işıqlı oğullar böyütdükləri üçün. Siz deyirsiniz ki, Abbas Abbasova Rusiya dövlətinə bağlı olduğuna görə nifrət edirsiniz, amma niyyətiniz bu ölkəni düşünmək olsaydı, həmçinin xalqa və vətənə görə olsaydı bu nifrət, onda siz həmin anaların oğullarını həbs cəzasına yox, ən yüksək mükafatlara layiq görərdiniz. Onların övladları Azərbaycanın müstəqilliyi, azadlığı amalı ilə yaşadığı üçün həbsdədir. O gənclər olmasaydı, sizin zülmünüzlə müstəqilliyin peşmançılığı astanasına gələn Azərbaycan xalqının Rusiyaya münasibəti necə olardı? O gənclər, onlarla eyni əqidəni bölüşən digər insanlar, bizlər olmasaydıq, Azərbaycan xalqının gələcəyə ümidi tamam yox olar, çoxdan rus nostaljisinə qapılardı. O gənclərdir bu ölkədə müstəqilliyə, demokratik dəyərlərin gələcəyinə, Qərblə inteqrasiyaya ümidləri yaşadanlar. Sizə qalsa, sizin siyasətə, sizin zülmə qalsa, Azərbaycan xalqının ciddi bir qismi səmimi şəkildə Abbas Abbasovun qulluq etdiyi Şimala ümid bağlamışdı indi. Şimaldan gələn nağıllar da öz işini görmüşdü.

O siyasətdən söhbət gedir ki, siz Abbas Abbasovun heç kimin tanımadığı oğlunu deputat etdiniz, müstəqillik üçün canından keçməyə hazır olan cəsur gəncləri isə dustaq. Indi aclıq edən anaların oğullarını deyirəm. Əslində, oğullar da aclıq edir.

Bəlkə Abbas Abbasovun oğlunu doğrudan da xalq seçib? Bəlkə digərlərini də xalq seçib? Bunları düşünüb, özünüzə sual edin, kiminsə Kremlə işləməsi çox qorxulu deyil, çox qorxulu olan sizin elədiyinizdir. Bütöv bir ölkəni Kremlin əsarətinə sürükləyirsiniz.

...Anar Məmmədlinin məhkəməsi başladı dünən. Məhkəməyə zərərçəkən adı ilə gətirilən adamlar Anar bəyin müdafiəsinə qalxdı. Sifarişlə hökm oxuyacaq hakimin də gülməyi tuturdu. Zərərçəkənlər:

- Biz də Anarın vəkillərinin qaldırdığı vəsatətləri müdafiə edirik, - deyəndə hakim təəccübləndi.

- Siz də?

- Bəli! Qapını açıb buraxın onu!

Anar bu ölkədə Abbas Abbasovçuluğun qarşısını ala biləcək düşüncənin ən layiqli nümayəndəsidir. Anar azadlıq və demokratiyanı təmsil edir. Azərbaycanı gerçək müstəqilliyə və azadlığa aparacaq arzuları təmsil edir. Amma siz o qədər ziyalı, o qədər saf bir adamı şərləyib tutursunuz və sonra da xalqdan, vətəndən danışırsınız...(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar