Təhsilimizin donu açılmayan sahəsi

Və ya mübahisə və tərəddüdə nə vaxt son qoyulacaq?

Nadir İSRNadir İsrafilov

"İnsanın ömrünün yarısını mübahisələrdə

keçirəcək qədər zamanı yoxdur..."

Avraam Linkoln

Yeni dərs ili öncəsi Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfrasına mən də dəvətli idim. Konfransın işində Nazirdən tutmuş sıravi müəllimə qədər, təhsil işçilərindən ibarət böyük bir heyət təmsil olunurdu. İstər-istəməz diqqətimi bir məqam cəlb etdi. Nümayəndələr içərisində Bakı təhsilinin böyük bir strukturu olan Metodik Mərkəzin bir nümayəndəsi belə gözə dəymirdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin hesabat məruzəsində də bu qurumla bağlı bir kəlmə belə danışılmadı.

Səhəri gün nə baş verdiyini aydınlaşdırmaq üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzinin rəhbəri Vahid Qurbanovla əlaqə saxladım. Onlardan heç birinin konfransa dəvət almaması, ümumiyyətlə bu struktur bölməsinin bütün proseslərdən təcrid olunması aydınlaşdı.

Nə baş verir?

Deyəsən, biz iki qitənin qovşağında yerləşən bir ölkə kimi qərb və şərq sivilizasiyasının arasında qalmışıq. Qərbə inteqrasiya etməklə bərabər şərq psixologiyasından da imtina edə bilmirik. Təhsilimizdə fərdiyyətçilik meylləri getdikcə güclənir. Əksər dərsliklər kollektiv əməyin bəhrəsi kimi deyil, ayrı-ayrı qeyri-peşəkarlar tərəfindən yazılır, hər özəl məktəb tədris planı və proqramlarında ıstədiyi dəyişikliyi aparır, universitetlərimız korporativ maraqlarından çıxış edib, özlərinə sərf edən qaydalar tətbiq edir, uşaqlarımızın lazımı biliklərə yiyələnməsində daha çox fərdi müəllimlərə-repetitorlara bel bağlayırıq, buraxılış və qəbul imtahanları bir əldə cəmləşdirilib və s. Bu hal metodiki xidmətə münasibətdə özünü daha qabarıq göstərir. Metodistlərin xidmətindən yararlanmağa ehtiyac duymuruq, tez-tez fərdi standartların tətbiqindən danışırıq. Unuduruq ki, bir vaxtlar sivilizasiyanın beşıyi olan şərqdə elm və təhsilin getdikcə tənəzzülə uğramasının bir və ən başlıca səbəbı də məhz ifrat fərdiçiliyə qapanmaq olub.

Başqa sözlə, təhsilimiz mübahisəli fikirlərdən, ziddiyyətli yanaşmalardan heç cür azad ola bilmir ki, bilmir. Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edir. Uğurlarımızı qəbul edənlər də var, etməyənlər də. Uğursuzluqlarımızda səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırırıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabardırıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən də təhsil verənləri hədəfə alırıq, təhsildə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlir. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən qərb təhsilinə inteqrasiya etməyi inkişafın əsas amili hesab edir.

Son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı çaşıb qalmışıq. Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil, əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil, sərbəst təhsil, valeoqolik təhsil - bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunması, əllə yazının ləğv edilməsi, ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması, qəbul planının ləğv edilməsi, təhsilin əlçatan edilməsi, hər istəyənə ali təhsil almaq hüququ verilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı, nə də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın filan ölkəsində belə bir şey var.

İndi də təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəb müşavirləri xidməti” pilot layihəsi üzrə qeydiyyata başlamışıq. Deyilənlərə və yazılanlara görə məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.

Nə isə... Yaşayarıq, bunun da müsbətini-mənfisini görərik. Keçək mətləbə.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.05.2010-cu il tarixli, 717 nömrəli qərarına əsasən Respublikanın 70-dən artıq şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərib. Bu metodik kabinetlər və Metodik Mərkəzdə 700-dən artıq metodist və 100-dən artıq texniki işçi calışıb.

«Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında” kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrində isə deyilib ki, hazırda təhsil sahəsində köklü şəkildə islahatların aparıldığını, xüsusilə məzmun islahatının keçirildiyini nəzərə alaraq, ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin müasir pedaqoji texnologiyalara, tədris resurslarına ehtiyacını ödəmək üçün rayon (şəhər) təhsil şöbələrinin nəzdindəki metodik kabinetlərin (mərkəzin) gələcəkdə resurs mərkəzlərinə çevrilməsi və bu sahədə fəaliyyəti tənzimləyən nümunəvi Əsasnamənin işlənib hazırlanması məqsədəmüvafiq hesab edilsin. Rayon (şəhər) təhsil şöbələri (idarələri) metodik kabinetlərinin resurs mərkəzlərinə çevrilməsinin zəruriliyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılsın.

Qərarın nəticəsi nə oldu? Bir vaxtlar “öyrədənlər” adlandırılan metodistlərin birdə-birə tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyəti məhdudlaşdırıldı, “inspektor”lar “məsləhətçi”yə çevrilərək, məsləhət verməli olanlar məsləhət vermək hüququndan məhrum edildilər. Məktəblər metodistlərin üzünə qapadıldı. 116 nəfərlik ştat vahidi 70-ə endirildi.

Halbuki, xüsusilə müəllim peşəsi üçün son dərəcə zəruri olan metodik xidmətin təşkili sahəsində mövcud təcrübəyə əsaslanaraq zamanın tələblərinə cavab verə biləcək, nisbətən məqbul variantı müəyyənləşdirmək,metodik xidmətin səmərəli təşkili üçün yeni mexanizmlər işləyib hazırlamaq, metodik xidmət sahəsinin normativ-hüquqi bazasını yaratmaq, bu qurumları ixtisaslı, yaradıcı, peşəkar kadrlarla möhkəmləndirmək, metodiki sahəyə diqqət və qayğını gücləndirmək olardı.

Əgər, dünya təcrübəsinə istinad edirdiksə, metodiki xidmət bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir. Deyək ki, məsələn, ABŞ və Avstraliyada Kurikulum Departamentləri, Hollandiyada Qiymətləndirmə Mərkəzləri, qonşu Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri və s. bilavasitə ölkə və şəhər səviyyəsində metodiki xidmətin təmin olunmasına yönəlmişdir.

Təkzibolunmaz faktdır ki, müəllimin hazırlıq səviyyəsi onun simasını müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri müqabilində qiymət verilməlidir. İstəyiriksə bunu metodiki xidmət adlandıraq, istəyiriksə mentorluq xidmətı və ya resurs mərkəzi. Adın nə fərqi var ki...

Bəlkə hesab edirik ki, heç bu quruma elə də ehtiyac yoxdur? Nə də olmasa kompüter əsrində yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq, təlimlərə, kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Elə isə, təhsilin idarəetmə sistemində xüsusi çəkiyə malik olan bu strukturu niyə saxlayırıq, dövlətin milyonlarını niyə havaya sovururuq? Suallar çoxdur, cavab verən isə hələ ki yox.

Ancaq bir şeyi unuduruq ki, metodika mahiyyət etibarı ilə fəaliyyətin həyata keçirilməsinin müəyyənləşdirilmış bir üsuludur. Metodika qabaqcadan nəzərdə tutulmuş nəticələrə nail olmağa yönəldilmış praktiki fəaliyyət üsullarının məcmusudur. Metodika illər boyunca formalaşan səmərəli nəticələrin əldə edilməsi vasitəsinə çevrilən və nəsildən-nəsilə ötürülən ənənədir. Qabaqcıl metodikaya yiyələnməyən müəllilim heç vaxt yaxşı müəllim ola bilməz. Metodika zaman keçdikcə təkmilləşməyə, yeniləşməyə məruz qala bilər, ancaq bir tədris üsulu kimi mahiyətini və rolunu itirə bilməz.

Təhsil dövlətin prioritet sayılan sahəsidir. Bu mənada təhsil idarə olunmalıdr. Məhz, buna görə də “Təhsil haqqında Qanun”da və təhsilə dair digər normativ-hüquqi sənədlərdə təhsildə idarəetmənin planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət funksiyaları ilə yanaşı əlaqələndirmə və tənzimləmə funksiyaları da müəyyənləşdirilib. Bu funksiyalar isə öz-özlüyünə həyata keçirilə bilməz. Əgər hər hansı bir müəllim və ya müəllim qrupu dərs prosesinə öz metodu ilə, öz adekvat standartları ilə müstəqil yanaşacaqdısa belə bir xidmətn saxlanılmasına, təhsilin dövlət standartlarının hazırlanmasına, əsasnamələrə, nizamnamələrə, təlimatlara, qaydalara, nə ehtiyac var idi?

Azərbaycanda “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasın”da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub. Bununla belə müəllimin ən böyük problemi öz müəllimlik nüfuzunu və səriştəsini qoruyub saxlamaq üçün qabaqcıl və səmərəli metodikalara yiyələnmək və bu məqsədə çatmaqda metodik dəstəyə böyük ehtiyacının olmasdır.

Müasirləşmək, yeniləşmək heç də o anlama gəlmir ki, uzun illərdən bəri qazanılmış təcrübədən, toplanmış potensialdan imtina edilsin, və ya qərbə üz döndərib şərqə arxa çevrilsin, yaxud əksinə. Hər iki sistemin məqbulunu təqdir, məchulundan imtina etməliyik.

Nə qədər düşünüb-daşınsaq belə, son nəticədə müəllim hazırlığının aşağı səviyyədə olmasının, peşəkar müəllim defisitinin səbəblərindən biri hər şeydən əvvəl məhz tədris metodikasına biganəliyimizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar