MALALA OBAMAYA NECƏ DƏRS KEÇDİ...

Etibar EliyevEtibar Əliyev

Nobel mükafatlarının verilmə tarixinə diqqət etdikdə maraqlı məqamlara rast gəlirik. Ən çox suallar Ədəbiyyat və Sülh sahələrində ortaya çıxır.

Məsələn, Qorbaçov 1990-cı ildə Bakıda törədilən qırğına əmr verdiyi ildə mükafata layiq görüldü. Ancaq hamıya bəllidir ki, Nobel mükafatının əsas vəsaiti Bakı neftinin hesabına formalaşıb. 2001-ci ildə Sülh üzrə Nobel mükafatı Kofi Annana “bütün dünyada sülhün möhkəmlənməsindəki fəaliyyətinə görə” verildi. Bütün dünya dedikdə Annanın fəaliyyət dairəsinə Qarabağ münaqişəsi daxil olmadı. Daxil olsaydı, nəticə olardı. Ermənistan Annanın rəhbərlik etdiyi təşkilatın 4 qətnaməsinə əməl etmir. O isə səhv etmirəmsə, bir dəfə də olsun, bunu dilinə gətirmədi.

Barak Obamanın 2009-cu ildə “beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın möhkəmlənməsində göstərdiyi ekstraordinar (qeyri-adi) səylərinə görə” Sülh üzrə Nobel mükafatına layiq görülməsi birmənalı qarşılanmadı. Siyasi ekspertlərin bir qismi hesab edirdilər ki, həqiqətən onun bu tarixə qədər sülh sahəsində diqqətçəkən elə bir işi olmayıb. Deyəsən, Norveç Stortinqi mükafatı verərkən onun üzərinə daha böyük məsuliyyət qoymuşdu. Ancaq Barak Obama Nobel Sülh mükafatını doğrultdumu? Dünyanın indiki durumu göstərir ki, yox…

2014-cü ildə Sülh üzrə Nobel mükafatı “uşaqların və gənclərin təhdid edilməsinə qarşı və bütün uşaqların təhsil hüquqlarına dair apardığı mübarizəyə görə” 17 yaşlı Malala Yusufzaya verildi. Yaş məsələsinə görə bu, mükafatın verilmə tarixində yenilik idi. Malala 15 yaşında hüquq müdafiəçisi fəaliyyətinə görə terrora məruz qalmış və ağır yaralanmışdı. Nobeldən əvvəl “Tayms” jurnalı onu 2013-cü ildə dünyanın 16 nüfuzlu yeniyetmələri sırasına daxil etmişdi. Onun Kristina Lemlə birgə 2013-cü ildə yazdığı “Mən-Malalayam” (I am Malala) kitabı bestsellerdir.

Obamadan söhbət düşmüşkən, kitabda Malalanın onunla görüşü barədə yazdığı hissə çox maraqlıdır. “Biz Barak Obama ilə görüşmək üçün Ağ evə gəldik. Ağ evdə bizi pətəkdə bal yeməyə qonaq etdilər. Sonra biz Obama ilə onun çox da böyük olmayan kabinetində görüşdük. Ağ evdə görüşdən qabaq biz 2 şərt irəli sürmüşdük: birincisi, yalnız fotosessiya xatirinə görüşmək istəmirik. İkincisi, Obama bizim qəlbimizdə olanları dinləyəcəksə, görüşməyə hazırıq. Onlar bizə çox tez cavab verdilər ki, istənilən mövzuda danışa bilərsiniz. Görüş kifayət qədər ciddi xarakter daşıdı. Görüşdə təhsilin vacibliyindən danışdıq. Biz ABŞ-ın diktatura rejimlərini dəstəkləməsini və Pakistana pilotsuz təyyarələrin hücumunu müzakirə etdik. Mən Obamaya dedim ki, terrorizmin müharibə vasitəsilə məhv edilməsi əvəzinə onun təhsilin hesabına kökünün kəsilməsinə diqqəti cəmləmək daha vacibdir”. Göründüyü kimi Malala məsələsində Nobel Komitəsi səhvə yol verməyib.

Oliver Stoun və Piter Kuznikin qələmə aldıqları “Amerikanın deyilməyən tarixi” kitabı həddindən artıq maraqlıdır. Həmin kitabda yazılır: “PEW sosioloji sorğu mərkəzinin apardığı sorğunun nəticələrinə görə 97 faiz pakistanlı Amerikanın pilotsuz təyyarələrinin zərbələrinə mənfi münasibət göstəriblər. 2009-cu ildə Amerikanı düşmən hesab edənlər 64 faiz, 2012-ci ildə isə 74 faiz olmuşdur. 2012-ci ilin payızında isə Obamaya rəğbət bəsləyənlər 7 faizi ötməmişdir”.

Barak Obamanın bu etirafı maraqlıdır: “Mən əvvəllər də demişəm ki, beynəlxalq koalisiyanın tərkibində Liviyaya müdaxilə edilməsini özümün ən böyük xarici siyasət səhvim hesab edirəm”. Ağ evin rəhbəri etiraf edib ki, Liviya rəhbəri Muammar Gaddafi rejimi devrilməsindən sonra Şimail Atlantika Alyansı (NATO) orada siyasi sabitliyi təmin edə bilməyib və ölkədə yeni hökumətin formalaşmasına kömək edə bilməyib. “Bu ərəb ölkəsində xaos hökm sürür”.

Malalanın görüşdə onu pis vəziyyətdə qoyması göstərir ki, Obama təkcə Liviya məsələsində səhv etməyib. Pilotsuz təyyarələri idarə edənlərin birindən məhkəmdə bu təyyarələrin günahsız uşaqları, qadınları və qocaları məhv etdiyi soruşulanda onun cavabı belə olmuşdu: “Amerika pilotsuzları günahsız uşaqları, qadınları görmür, onlar heç nəyi görmürlər. Və hamını öldürürlər”.

9 oktyabr 2012-ci ildə Malala məktəb avtobusunda dərsdən qayıdarkən avtobus maskalı silahlılar tərəfindən saxlanılıb və terroçulardan biri avtobusa daxil olaraq uşqalardan Malalanın kim olduğunu soruşub. Onun şəxsiyyəti məlum olduqdan sonra talib onun başından atəş açmışdır. Uzun müddət komada qalan Malalanın həyatını Birmingem xəstəxanasının həkimləri xilas etmişlər.

Bir tərəfdə talibanların, digər tərəfdə isə Amerika pilotsuzlarının vəhşiliyi. Bunların fərqi nədədir? Məncə kəmiyyət fərqi var. Pilotsuzlar daha çox öldürüblər.

Malala məhz bunu həmkarı Obamaya Ağ evdə demək üçün gəlmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar