İsveçdə NİDA-çı gənclərə dəstək aksiyası keçiriləcək

İsveçdə yaşayan azərbaycanlı mühacirlər aprelin aonlarında aksiya keçirməyi planlaşdırırlar

NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 gənc üzvünün və onların valideynlərinin keçirdiyi aclıq aksiyasına cəmiyyətimizin ciddi dəstək verdiyini qeyd etmişdik. Artıq bu aksiyaya Avropada yaşayan azərbaycanlı mühacirlər də dəstək verməyə başlayıblar.

Bu barədə musavat.com-a İsveçdə fəaliyyət göstərən Gənc Azərbaycan Evinin Mətbuat Xidmətinin rəhbəri Tusi Kərimli məlumat verib. Onun sözlərinə görə, aprelin sonlarında NİDA-çılara və onların valideynlərinə dəstək olaraq, İsveç Parlamentinin və Azərbaycan səfirliyinin qarşısında piket təşkil ediləcək.

Tusi Kərimli piket barədə bunları deyib: “Biz azərbaycanlılar ölkəmizdə baş verən siyasi proseslərə biganə qala bilmərik. Xüsusilə də, Azərbaycan hakimiyyəti tərəfindən gəncliyimizə qarşı başlayan intensiv hücumlarla bağlı gənclərimizin yanındayıq. Son günlərdə NİDA-çı qardaşlarımız və onların valideynlərinin keçirdikləri aclıq aksiyasını ürəkağrısı ilə qarşılayırıq. Bütün bunlara bir azərbaycanlı kimi biganə qala bilmərik. Ona görə də, aprelin sonlarında Azərbaycan səfirliyinin və İsveç Parlamentinin qarşısında piket keçirməyi planlaşdırırıq. Artıq bununla bağlı hazırlıqlara start vermişik. Azərbaycan hökumətindən gənclərimizi qısa zamanda azad etməyi tələb edirik”.

Tusi Kərimli aprelin 14-də İsveçin Göteborq şəhərində keçirdikləri aksiyadan sonra onların Bakıda yaşayan yaxınlarına qarşı təzyiqlər edilməsindən və 2 gənc üzvlərinin polislər tərəfindən axtarılmasından da söz açdı: “Bildiyiniz kimi, aprelin 14-də Azərbaycanda baş verən haqsızlıqlarla, dustaqların sayının günü-gündən artması ilə bağlı aksiya keçirmişdik. Aksiyada fəal iştirak edən gənclərimizin şəkilləri Azərbaycan səfirliyi və polislər tərəfindən götürülərək, onların kimliyi müəyyən edilib. Onların Bakıda yaşayan ailələrinə qarşı artıq təzyiqlər başlayıb. Onlardan Ələsgərov Fuad və Məmmədov Aydın haqqında axtarış verilib. Bütün bunlara baxmayaraq, biz sona qədər ölkəmizdə baş verən hər bir prosesin içərisində olacağıq. Belə təzyiqlər bizləri qorxutmur, əksinə gücləndirir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar