“AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Seymur və Murad Məmmədov qardaşlarının məhkəmə istintaqı başlayıb. Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı bugünkü prosesdə ittiham aktını elan edib.

İttihama görə, hadisə 2013-cü il, sentyabrın 2-də Keşlə qəsəbəsindəki M.Hilal küçəsində baş verib. Naməlum şəxslər qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elçin Fərəcova ov tüfəngindən atəş açaraq qətlə yetiriblər.

Hadisənin törədilməsində şübhəli bilinən Seymur Məmmədov yaxalanıb. İstintaq zamanı onun qardaşı Murad Məmmədovun barəsində də cinayət işi açılıb.

Məlum olub ki, cinayətin təməli hələ 2012-ci il, may ayının 30-da qoyulub. Belə ki, Məmmədov qardaşları ilə Elçin Fərəcov arasında mübahisə yaranıb. Mübahisə zamanı qardaşlar ikisi də bıçaq xəsarətləri alıblar.

Hadisədən uzun müddət sonra keçməsinə baxmayaraq S.Məmmədov E.Fərəcovla küçədə təsadüfən rastlaşarkən sonuncunun dost-tanış yanında ona kinayəli baxması, söyüş söyməsi ilə əlaqədar ondan qisas almaq istəyib. Bu məqsədlə 2 sentyabr, 2013-cü ildə saat 21:00 radələrində Keşlədəki məscidin yanına gələrək E.Fərəcovun evdən çıxmasının gözləyib. Elçinin evdən çıxıb ev-alqı satqısı ofisinin qarşısına gəldiyini görüncə onun arxasınca düşüb. Özü ilə gətirdiyi silahı çantadan çıxararaq yaxın məsafədən atəş açıb. Sonra isə hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Təsqirləndirilən şəxs qismində dindirilən Seymur Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

O, ifadəsində mərhumla aralarında əvvəllər münaqişə yarandığını, amma onu bağışladığını, bununla bağlı heç yerə şikayət etmədiyini göstərib: “Mübahisəmiz xırda bir şeyin üstündə olub. Dedim ki, biz də Keşlədə yaşayırıq, hamı tanıyır bizi, səni də tanıyıram, lazım gəlsə, axtarıb tapacam. Ağır söyüş işlətdi. İçkili idi. Söyüş söyməyinin səbəbini soruşdum. Cavab verdi ki, əcəb eləyirəm. Əlbəyaxa olduq. Qardaşım Murad da yanımda idi. Həmin vaxt qardaşım da, mən də ağır xəsarət almışıq. Elçin məni ürəyimdən vurmuşdu. Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunmuşam. Mərhumun anasını başa düşürəm. Xəstəxanaya polislər gələndə cinayəti gizlətdim, dedim məni vuranı tanımıram. Qardaşım da satmadı onu. 2012-ci ildə mənim bircə kəlmə sözümlə bu gün Elçin burada otura bilərdi. Amma mən bunu eləmədim. Biz iki qardaş o vaxt ölə də bilərdik, möcüzə oldu, sağ qaldıq.

2013-cü il avqust ayının axırı idi. Piyada məscidin yanına tərəf gedirdim. Bir də gördüm Elçin maşınla gəlir. Maşında üç nəfər var idi. Mənim yanından keçəndə qəhqəhə ilə gülməyə başladılar. Özümü təhqir olunmuş hiss etdim. Bundan başqa, bir neçə dəfə Muradın tay-tuşlarının yanında dəfələrlə “yaxşı elədim vurdum, pulumu verib qanlarını batırdım” demişdi.

Artıq dözə bilmirdim, mənəvi əzab çəkirdim, özümü alçalmış, təhqir olunmuş sayırdım. Tanımadığım bir nəfərdən aldığım ov tüfəngini gizlətdiyim yerdən çıxarıb çantaya qoydum. Taksiyə əyləşib məscidin qabağına gəldim. Elçinin uzaqdan gəldiyini görüb ona yaxınlaşdım. O, təsadüfən rastlaşdığımızı zənn etdi. Bir daha niyə mənim ünvanıma söyüş söyməsini, haqqımızda ağzına gələni danışdığını soruşdum. Mənə dedi ki, sən Keşləyə nə üzlə gəlirsən.

Yenə içkili idi, ayaq üstə dayana bilmirdi. Qundağı kəsilmiş ov tüfəngini çantadan çıxarmağımla atəş açmağım bir oldu. Atəş açandan sonra tələsik taksiyə minib getdim. Polis bölməsinə zəng vurub dedim ki, Azər müəllim, hadisəni mən törətmişəm, bir-iki nəfərlə halallaşmalıyam, gəlib təslim olacağam. Bu hadisənin bu yerə gəlib çatmasında rəhmətliyin özünün təqsiri olub. Özü istədi belə olmağını...”

Zərərçəkən Sahibə Fərəcova təsqirləndirilən şəxsin yalan danışdığını dedi: “Oğlum namaz qılan, oruc tutan olub, Həccə gedib. O dava vaxtı sən oğlumun üstünə 20 nəfərlə gəlmişdin. Elçin də qan içində idi. Gecə saat 3-də polislər gəlib apardı. Sizi də qurtardı o zaman, özünü də. Əgər oğlumu namus üstündə öldürsəydiniz, qanını sizə halal edərdim. Axı mənim oğlumu nə üstündə öldürmüsünüz?”

Məhkəmə prosesi mayın 5-də saat 15:00-da davam edəcək.

Qeyd edək ki, mərhum Elçin Fərəcov A.M.A.Y. ticarət mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan Abdulla Abdullayevin yaxın qohumu olub. Hazırda Abdulla Abdullayev özü də iqtisadi cinayətlər törətməsi ittihamı ilə həbsdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar