"SƏFƏR ƏBİYEVİ ÇEXİYA MƏŞĞUL EDİB..." -  "Orada çox fırıldaqlar olub"

1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri işləmiş Səfər Əbiyevlə bağlı müəmmalar davam edir. 18 il nazir vəzifəsində çalışan S. Əbiyev bu günə qədər bir dəfə də olsun ortalıqda görünməyib. Hətta aprel döyüşləri vaxtı ən çox danışmalı şəxslərdən olan Əbiyev  yenə üzə çıxmadı.

Onunla bağlı gəzib-dolaşan şayiələr isə daima artır. Sabiq nazirin gah Çexiyada, gah da Azərbaycanda olduğu deyilir. Təsadüfi deyil ki, Əbiyevin həbsdə olan keçmiş müavini Mehman Səlimovun keçirilən məhkəmə prosesi vaxtı adı birbaşa hallanmasına baxmayaraq, bir dəfə də olsun ki, məhkəməyə gəlib ifadə vermədi.

Keçmiş müavini isə onun ünvanına məhkəmədə ciddi ittihamlar səsləndirdi. Bu ittihamlardan sonra sabiq müdafiə nazirinin prosesə gələcəyinə ehtiyac yaransa da, məhkəmə bunun üzərindən sükutla keçdi. Bu isə ciddi iddialara yol açdı. Əbiyevlə bağlı əsas iddialardan biri odur ki, onu hakimiyyət daxilində qoruyan qrup var. Məhz bu qrupun  təsiri ilə sabiq nazir məhkəməyə ifadə verməyə gəlmədi, barəsində səslənən ittihamlarla bağlı istintaqa belə cəlb olunmadı.

S.Əbiyevin fonunda bir məsələ də diqqət çəkir. Belə ki, Azərbaycanın bəzi orqanlarında belə hadisələr yaşananda rəhbər şəxs cinayət məsuliyyətinə cəlb olunmur, onun daha çox ətrafı həbsə atılır. Bunu S.Əbiyevdən sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində gördük. Əksər rəhbər şəxslər həbs edildilər, yalnız əsas fiqur olan nazir Eldar Mahmudovdan başqa…

Strateq.az xəbər verir ki, sabiq MTN polkovniki, politoloq İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında sabiq nazirlə bağlı şok faktlar açıqlayıb:

sefer-ebiyev-mans

“Səfər Əbiyev Azərbaycan idarəetmə sisteminin bir tərkib hissəsidir. İstənilən nazirliyi qaldırıb, məsələləri dərindən araşdırmaq mümkün olsa, bu və ya digər şəkildə Səfər Əbiyev və Eldar Mahmudovun təkrarı olacaqlar. Əbiyev bir ada deyil ki, Azərbaycanda hər şey qaydasında olsun, o işləri təkbaşına görsün. O, uzun müddət nazir olub. Əgər deyildiyi kimi yeyintilər, korrupsiya varsa- inanıram ki, var- bunların hamısını təkbaşına edə bilməzdi.

Görünür, Səfər Əbiyevin himayədarı da var, bölüşdüyü də. Çünki Müdafiə Nazirliyi büdcədən ən çox maliyyə ayrılan sistem olub. Həmin nazirlikdə baş verənlər sistemin tərkib hissəsi idi. Orada ərzaq təminatından tutmuş silah alverinə qədər çox fırıldaqlar olub. Bunlar zaman-zaman üzə çıxıb, amma heç kəs cəzalanmayıb. İkinci, üçüncü dərəcəli şəxslərin məsuliyyətə cəlb olunması, görüntü yaradılması Əbiyev üçün heç nə olmayacaq. Ona da, Eldar Mahmudova da heç nə olmayacaq. Səhəri gün digər nazirliklərdə belə hadisələr baş verərsə, birinci şəxslər toxunulmaz olacaqlar.

Çox təəssüf ki, bunlar belədir. Bütün bunların baş verməsi üçün ciddi islahatlar lazımdır. Bunlar olmasa, Səfər Əbiyev, Eldar Mahmudov və digərləri indiki situasiyanı davam etdirəcəklər.

Onu da qeyd edim ki, bir şəxs hansı vəzifədə olmasından asılı olmayaraq, postunu itirdikdən sonra onun ölkədən çıxışına məhdudiyyət qoyula bilməz. Əksinə, hər kəs o tipli vəzifələrdən çıxarkən, qol çəkirlər, iltizam verirlər ki, mənə məlum olan sirləri hər hansı bir şəkildə açıqlasam, qanunvericiliklə məsuliyyət daşıyıram.

Bu baxımdan, Əbiyevin heç yerə buraxılmaması mümkün deyil. Amma müəyyən mənada həmin şəxsə nəzarət oluna bilər ki, hansısa bir informasiya çıxıbsa, bunun yeganə daşıyıcısı keçmiş müdafiə naziridirsə, o zaman onu dəqiqləşdirmək lazımdır”. Yoxsa hərbi sirləri bilirsən deyə, ölkədən çıxa bilməmək kimi hal mövcud deyil. Sadəcə, verdiyi iltizama görə məsuliyyəti var. Səfər Əbiyevi Azərbaycanın müdafiəsi deyil, Çexiya məşğul edib. Hamısı var-dövlət qurmaq həvəsi ilə çalışıblar. Ona görə də Qarabağda torpaqları geriyə qaytara bilməmişik".

İ.İsmayıl Azərbaycanın bəzi orqanlarında baş verən həbslərin rəhbər şəxslərə də şamil olunmamasına aydınlıq gətirib:

“Çünki hüquq-mühafizə orqanlarına daha yuxarı instansiyalardan elə sifarişlər gəlir ki, onlar o qanunsuz sifarişləri yerinə yetirərkən əlbir olurlar. Ona görə də həmin rəhbər şəxslərə cəza vermək istəyənlər onların qarşısında gözükölgəli olurlar.

Əks halda, Eldar Mahmudov və Səfər Əbiyev çoxdan tutulardı. Amma görünür, hüquq-mühafizə orqanlarının əli ilə çoxsaylı qurama işlər görülüb. Ona görə də həmin şəxslərə işdən çıxarmaqla da təsir edə bilmirlər. Bütün bunların hamısı Azərbaycanın normal inkişafını əngəlləyən məsələlərdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar