“Mayda əfv və ya amnistiya olacaq”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu prezidentin gələn ayın 10-u, ya da 28-i əfv fərmanı imzalayacağını deyir

Son günlər yazın vaxtlarda əfv olacağı haqda xəbərlər yayılıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu mayda Azərbaycan Avropa Şurasına sədrlik edəcək deyə ya əfv, ya da amnistiya olacağını ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. O, artıq siyasi məhbusların azadlığa çıxması üçün prezidentə müraciət məktubu göndərdiklərini deyib: “Mayın 10-u, yaxud da 28-i ya amnistiya, ya əfv olacaq. Biz bir neçə hüquq müdafiəçiləri prezidentə əfv olunacaq məhbusların adlarını yazıb göndərmişik və xahiş etmişik ki, həmin insanlar azadlığa çıxsınlar. Təbii ki, həmin siyahıda NİDA-çıların, İlqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqlının, habelə həbsdəki jurnalistlərin adları var.”

N.Cəfəroğlu OMON-çuların da adının həmin siyahıda yer aldığını dedi: “OMON-çulara verilən 25 il cəza artıq bitmək üzrədir, 5 illəri qalıb. Biz prezidentə onların da azadlığa çıxmasını xahiş etmişik”.

Hüquq müdafiəçisi həbsdə olan islamçılardan da danışdı: “Baxmayaraq ki, biz islamçıları siyasi məhbus hesab etmirik, ancaq onların da adını ayrıca bir qrup şəklində yazıb, prezidentə müraciət etmişik. Çünki onların məhkəmə prosesində qanun pozuntuları olub”.

Digər hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva mayın 28-ə kimi əfv olacağını dedi: “Mayın 14-dən Azərbaycanın Avropa Şurasında sədrlik dönəmi başlayır. Yəqin mayın 28-ə kimi prezident əfv fərmanı imzalayar. Biz prezidentə bundan bir müddət öncə müraciət göndərmişik, birini də bu yaxınlarda göndərəcəyik. Biz hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Rəsul Cəfəroğlu və digərləri ilə danışdıq ki, prezidentə yeni bir məktub göndərək”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar