OLİQARXLARIN SOYĞUNÇULUĞU FAKTLARLA - Su qiymətinə gətirib, od qiymətinə satırlar

Ölkəyə idxal olunan əsas ərzaq məhsullarının gömrükdə qeydə alınan dəyərini, onların istehlakçıya çatdırılma qiymətini, yeri məhsullarla müqayisəsini aparmışıq. İdxal, satış, yerli istehsal məhsullarının qiymətləri arasında dərin bir uçurum var.

İdxal olunan ətin kilosu bazardan dəfələrlə ucuzdur

Ölkəyə ən çox idxal edilənlərlə, yerli istehsal olan, gömrük rüsumu ödəməyə məruz qalmayan məhsulların qiymətinin müqayisəli təhlil maraqlı mənzərə ortaya çıxarır. Belə ki, bu il ölkəyə 820 647,83 min dollarlıq yeyinti məhsulları gətirilib. Keçən ilin eyni dövründə idxal olunan yeyinti məhsullarının həcmi bundan az – 666 829,01 min dollar təşkil edib. Bunlardan dəyəri 20 375,73 min dollar olan 16 898,38 ton ətin 1 tona görə orta qiyməti 1 205 780 dollar, 1 kq. üçün 1.20 dollar təşkil edib. Söhbət yəqin mal ətindən gedir, çünki qoyun və quş əti əsasən daxili istehsaldır. Bazarda ət ən yaxşı halda 8-10 manatdır. Yəni, idxal olunandan 4-5 dəfə baha. Əvvəlki ilin müvafiq dövründə bundan iki dəfəyə yaxın az – 11 976,97 min dollarlıq 8 470,60 ton məhsul gətirilib. Keçən il ətin tonu 1 413 945, kiloqramı 1.41 dollara idxal edilib. Demək ötən ildən bəri xaricdə hər kiloqrama 21 sentlik bir ucuzlaşma var. Başqa ölkələrdə qiymətlər enir, bizdə isə durmadan üzüyuxarı qalxır.

Süd də “su qiyməti”nə gətirilir

Bu dövrdə 3 478,58 dollar dəyərində 5 193,17 min ton süd idxal edilib. Südün bir tonu orta hesabla 669 837 dollar, litri 67 sent olub. Keçən ilin müvafiq dövründə 3 851,09 min dollar dəyərində 5 572,47 ton süd idxal edilib. Bir ton 691 092 dollar, bir litri 69 sentə daxil olub. Yerli südlə idxal olunan arasında ət qədər prinsipial fərq olmasa da yenə xaricdən gətirilən bizdəkindən 50-60 qəpik ucuzdur.

1.86 dollarlıq kərə yağını istehlakçı 10-12 manata alır

Ölkəyə gətirilən 9 718,91 ton kərə yağı və süddən hazırlanmış digər yağların ümumi dəyəri 33 358,86 min dollar təşkil edir. Bu isə 1 ton məhsul üçün 3 432 366, 1 kiloqrama 3,43 dollar deməkdir. Bu, orta qiymətdir. Yerli marektlərdə normal kərə yağlarının qiyməti 9-12 manatdan başlayır. Buraya həm yerli, həm də idxal məhsulları daxildir. Keçən il 14 282,48 min dollarlıq 7 676,76 ton belə məhsullar gətirilib. Kərə yağının tonu orta hesabla 1 860 482, kiloqramı 1,86 dollar olub. Həcmdə çox dəyişiklik olmasa da müqayisədə bu il qiymət artımı az qala iki dəfədir, halbuki xarici ölkələrdə bu qədər artım müşahidə edilməyib. Digər məhsulların qiyməti də deməyə əsas verir ki, əksinə, iki il arasında bir xeyli ucuzlaşma var. Kiloqram üçün 1,86 dollar alıcıya əlçatan rəqəmdir, amma təəssüf ki, biz keçən il də bu ucuzluqdan faydalana bilməmişik. Sahibkarlar yenə də xərclədiklərindən bir neçə dəfə artıq qazanmağa üstünlük veriblər.

Sitrus meyvələri 26 sentə gətirilib, 3-5 manata satılır

85 650,40 min dollar dəyərində 203 941,55 ton meyvə-tərəvəzin qiymətindəki fərq də təəccüb doğurur. Dəyəri həcmə böldükdə meyvə-tərəvəzin bir tonu 419 975 dollar, kiloqramı isə 42 sentə başa gəlir. Bazarlarda 3-5 manatdan aşağı “xarici” meyvə yoxdur. O da baxır mövsümə. Qalan vaxtlar bundan da bahadır. Hələ təzə çıxan meyvələri demirik, tropik ölkələrdə bizdəkindən tez yetişən nübar meyvələri 15-20 manata satılır. Burada qiymət fərqini dəqiq demək çətindir. Orta hesabla ən az 5-6 dəfə fərq var. Keçən il 40 900,48 min dollarlıq 155 365,20 ton meyvə-tərəvəzin tonu 263 253 dollara, kiloqramı 26 sentə daxil olub. Bizim bundan da xəbərimiz olmayıb, çünki, o qiymətə heç yerli meyvə satılmır.

Kilosu 2.21 dollara çay idxal olunub

Bu ilin yanvar-avqust aylarında ölkəyə 26 687,85 min dollar dəyərində 7 886,51 ton çay gətirilib. Tonu 3 383 987, kilosu 3.38 dollardan düşür. “Azersun” istehsalı olan yerli çaylar bundan bahadır.

Keçən il də 9 356,66 min dollarlıq 4 228,66 ton çay idxal olunub ki, bunun da tonu 2 212 67, kilosu 2.21 dollara gətirilib. Göründüyü kimi, ötən illə müqayisədə 1.17 dolarlıq fərq yaranıb.

Buğda 19 sentə gəlir

Dəyəri 178 980,97 min dollar olan 953 597,42 ton buğdanın tonu 187 690 dollar, kilosu 19 sentə başa gəlib. 216 262,44 min dollarlıq 936 359,55 ton buğdanın tonu isə keçən il 230 360 dollar, kiloqramı 24 sent olub. Dövlət Material Ehtiyatları Agentliyi bu il iyun ayının 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 270 manat qiymət qoyulub. Yəni kiloqrama 27 qəpik. Digər məhsullarla müqayisədə yerli və idxal məhsulu arasında qiymət fərqi prinsipial deyil.

64 sentlik bitki yağı 90 sent olub, amma yenə ucuzdur

Bitki yağlarının idxal qiymətləri istehlakçı üçün maraqlıdır, çünki son vaxtlar yerli istehsal olan bitki yağları heç bir səbəb olmadan bahalanıb. Araşdırmalarımız da göstərdi ki, xaricdə bitki yağlarının qiyməti “Azersun”-un istehsalı olan yağlardan xeyli ucuzdur. Bunu idxal məhsullarının gömrük qiyməti də bir daha təsdiqləyir. Bu ilin 8 ayında idxal olunan 82 809,98 min dollar dəyərində 91 190,60 ton bitki və heyvan mənşəli piylər və yağların tonu 908 097 dollar, litri (və ya kilosu) 90 sent təşkil edib. Ötən il 53 950,51 min dollarlıq 84 302,18 ton bitki yağı isə tonu 639 965 dollara, litri 64 sentə başa gəlib. “Azersun”-n qarğıdalı yağı artıq 3,67 manat olub. Qiymətdə heç olmasa 4-5 dəfə fərq var.

Şəkər xaricdə ucuzlaşır, bəs bizdə onun qiymətini artıran nədir?

Bu il hələlik 105 289,73 min dollar dəyərində 255 349,92 ton şəkər gətirilib. Şəkərin tonu 412 335 dollar, kilosu 41 sentdir. Ötən il gətirilən 81 096,87 min dollarlıq 183 471,33 ton şəkərin tonu 442 013 dollar, kilosu isə 44 sentə idxal olunub. Bizdə bildiyiniz kimi bir aydan artıqdır “Azersun Holding” gömrük rüsumu, daşınma pulu ödəmədiyi şəkərin pərakəndə satış qiymətini 1.22-1.25 manat edib. Amma fərq təkcə yerli və xarici istehsalın qiymətləri arasında deyil, həmçinin idxal olunan məhsulun bu il ucuzlaşmasındadır. Belə ki, indi şəkər 3 sent də aşağı qiymətə gətirilib. Xaricdə ərzaq məhsullarında ucuzlaşma gedir, bizdə əksinə, bahalaşma.

Dərman idxalı iki dəfə azalsa da qiyməti qalxıb

derman-2Dərmanın qiymətində də maraqlı “dəyişikliklər” müşahidə olunur. 8 ayda ölkəyə 117 568,15 min dollar dəyərində 5 421,15 ton həcmdə əczaçılıq məhsulları gətirlib. Bunun kilosunumu hesablayaq, yoxsa ədəd olaraq, bilmədik. Amma gömrükdə tonla göstərilir, “ştuçnıy” deyil. O zaman dərmanın tonu 21 686 939, “kilosu” da 21,68 dollara başa gəlib. Bizdə “ortabab” dərmanın qiyməti elə belədir, buna baxanda kilo ilə gətirilənin qiyməti o qədər baha deyilmiş. Ötən ilin müvafiq dövründə 185 025,49 min dollarlıq 10 117,18 ton əczaçılıq məhsulunun tonu 18 288 247, yenə “kilosu” 18,28 dollar olub. Keçən illə müqayisədə bu il ölkəyə dərman iki dəfəyə yaxın az gətirilib, amma Tarif Şurasının qiymət tənzimləməsinə baxmayaraq əvvəlkilərdən baha qeydə alınıb. Araşdırmalarımızda ölkədə faktiki dərman satışının qiymət tənzimləməsindən sonrakı müqayisəli təhlilindən ortaya çıxartmışdıq ki, əksər preparatlar dəyərindən 10 dəfə baha təklif olunur. Bu isə o deməkdir ki, dərmanın kilosunu 18 dollara gətirib, bizə 180 dollara satırlar.

Xarici sement 0,045 dollar, yerli sement 0,14 manat

Sement idxalı ötən illə müqayisədə aşağı düşüb. Bu, ölkədə tikinti bumunun səngiməsi ilə xeyli dərəcədə bağlıdır. Bu dövrdə 14 663,64 min dollarlıq 322 790,01 ton, keçən ilin eyni dövründə 22 426,74 min dollarlıq 386 169,56 ton sement idxal olunub. Bu il gətirilən sementin hər tonunun orta qiyməti 45 427, kilosu 0,045 dollar, keçən il uyğun olaraq 58 074 və 0,058 dollar təşkil edib. Nə qədər ucuz! Bu ilin yanvarın 1-nə olan məlumata “Qaradağ Sement” Zavodunun 40 kiloqramlıq məhsulu 5.50 manat olub ki, bu da hər kiloqram üçün təxminən 14 qəpiyə bərabərdir. Nəzərə alaq ki, yenə bu məhsul üçün nə gömrük rüsumu ödənir, nə də beynəlxalq daşınma xərci, amma qiymətləri xarici məhsulun xeyrinə bir “0” da ayırır.(bizimyol)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar