Akif Muradverdiyevdən də dəstək məktubu aldılar

İlham Əliyevin prezidentliyi dövrü 2-ci dəfə həbs edilən Muradverdiyev onu dəstəklədiyin bildirib

Kim bilir, bəkə onu elə bunun ücün tutublarmış

Prezidentin sabiq işlər müdiri, hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan, Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə barəsində cinayət işi başlanmış Akif Muradverdiyev ölkə vətəndaşlarına müraciət edib.

Onun müraciətini “Media forum” saytına vəkili Rəşad Mirmehdizadə təqdim edib. Müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq:

“Əziz həmvətənlərim!

Son dövrlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin regionlara etdiyi səfərləri diqqətlə izlədiyimdən bu müraciəti yazmaq qərarına gəldim.

Yaşadığım illərdə respublikamızın bütün rayonlarında dəfələrlə olmuşam. Hər regionun öz coğrafiyasına uyğun insanı valeh edən gözəllikləri vardır. Təbiət öz ecazkar gözəlliklərini səxavətlə xalqımıza ərməğan edib. Azərbaycana gələn hər bir qonaq bu gözəlliklərə valeh olur. Ancaq bu gözəllikləri tamamlaya bilən müasir təhsil müəssisələrinin, sosial obyektlərin, mədəniyyət ocaqlarının, idman komplekslərinin, beynəlxalq standartlara cavab verə bilən yolların olmaması bir vətənpərvər kimi məni həmişə qayğılandırıb.

Doğrudur, sovet dönəmində rayonlarımızın iqtisadi inkişafı, tikinti və abadlıq işləri yönündə ümummilli lider Heydər Əliyev xeyli işlər görmüşdü.

XX əsrin son 30 ilini respublikaya rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev iqtisadi baxımdan geri qalmış Azərbaycanı SSRİ-də üç qabaqcıl respublikadan birinə çevirmişdi.

Xatırladığınız kimi, ümummilli lider Heydər Əliyev 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına təbrik müraciətində demişdi: “Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Sevindirici haldır ki, bu arzuları prezident İlham Əliyev uğurla, ardıcıllıqla həyata keçirməyə müvəffəq ola bilmişdir. Respublikanın bugünkü uğurları və inkişaf perspektivləri bir daha sübut edir ki, XX əsrdə qazanılmış nailiyyətləri İlham Əliyev XXI əsrdə də yaşadacaqdır.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasından əldə olunan maliyyə vəsaitlərinin məqsədyönlü xərclənməsi nəticəsində son illər respublikamızda əhalinin həyat səviyyəsi sürətlə dəyişir. Şəhərlərimiz, rayonlarımız, hətta kəndlərimizin sosial-iqtisadi inkişaf problemləri diqqətəlayiq tərzdə öz həllini tapır. Qısa müddət ərzində xeyli sayda yeni sənaye müəssisələrinin, nəhəng infrastrukturların, sosial obyektlərin istifadəyə verilməsi müstəqil Azərbaycanın getdikcə artan qüdrətinin bariz nümunəsinə çevrilir. Gələcək nəslin intellektual inkişafını təmin etmək məqsədilə respublikada tikilən və bərpa edilən təhsil müəssisələri, idman kompleksləri əldə oluna biləcək uğurların təməlidir.

Görülən işlərin səmərəli şəkildə təşkili iqtisadi imkanların ölkənin uzunmüddətli inkişafına hədəflənməsi, iqtisadiyyatın innovativ əsasda qurulması və sosial tərəqqinin sürətlənməsinə imkan yaratmışdır. Bunun nəticəsi olaraq müstəqil Azərbaycan dövləti müasir dünyada qəbul olunmuş dövlət idarəetmə sisteminə uyğun islahatlar apararaq milli dövlət quruculuğu işini uğurla davam etdirir. Azərbaycanın bu gün MDB dövlətləri arasında sosial-iqtisadi inkişaf səviyyəsinə görə ən yüksək yerdə durmasını birbaşa prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirmək olar.

Qeyd etdiklərim prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin yalnız bir qismidir. Bütün bunlar Azərbaycan xalqının gələcək xoşbəxtliyinin və firavanlığının əsas istiqamətlərini müəyyən edir.

Ona görə də Azərbaycanın şəhər və rayonlarında tanıdığım və hörmət bəslədiyim minlərlə insana 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkisində İlham Əliyevə səs vermələri üçün müraciət edirəm. Şübhə etmirəm ki, sizlərin müdrikliyi sayəsində üçüncü dəfə Azərbaycan prezidenti kimi İlham Əliyevi təbrik edəcəyik.

Ən xoş arzularla, Akif Muradverdiyev”.

Qeyd edək ki, Akif Muradverdiyev şərlənərək tutulduğunu bəyan edib. Bu onun İlham Əliyevin prezidentliyi dövrü 2-ci dəfə həbs edilməsidir. Hər ikisində də özünün dediyinə görə, qeyri-qanuni, siyasi mtivlərlə həbs olunub. Akif Muradverdiyev elə bir vəzifə tutub ki, bu həbslərin ölkə rəhbərliyindən icazəsiz aparılması inandırıcı görünmür. Bunu Akif Muradverdiyev də bilməmiş deyil. Odur ki, onun belə bir məktub yazması təəccüblü olsa da, təsadüfü deyil. Kim bilir, bəkə onu elə bunun ücün tutublarmış. Allah qapısını açsın.

Vaqif

AzPoliktika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar