Azad Rəhimovu Ziya Məmmədov “vurur”?

Gənclər və idman naziri barədə korrupsiya faktları yaymağın pərdəarxası

Gənclər və idman naziri Azad Rəhimov rəhbərlik etdiyi qurumda korrupsiya hallarına yol verilməsi barədə məlumatlara münasibət bildirib. Qeyd edək ki, ANS Hesablama Palatasının hesabatına istinadən dövlət büdcəsindən Gənclər və Idman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi barədə məlumat yaymışdı.

Azad Rəhimov isə dünən keçirdiyi mətbuat konfransında iddia edib ki, rəhbərlik etdiyi qurumda nöqsanlar aşkar olunmayıb: “Gənclər və idman nazirliyində elə də böyük nöqsanlar aşkar olunmayıb”. Azad Rəhimov əlavə edib ki, Hesablama Palatası bütün Nazirliklərdə yoxlamalar aparır. Palata hazırladığı sənədi Milli Məclisə təqdim edir: “Bu hesabatda qeyd olunan məsələlərdə böyük nöqsanlar olmayıb. Aşkar olunan nöqsanlar isə həll olunub. Bütün komplekslərimiz fəaliyyətdədir. Inşa edən şirkətlərdə nöqsanlar yaranır. Biz də bu məsələyə nəzarət etmək üçün tikinti şirkətinin təxminən 5 faizlik bir vəsaitini saxlayırıq. 5-6 ay gözləyirik ki, sonradan problemlər yaranarsa həll etmək üçün bizim imkanımız olsun”.

Azad Rəhimov dəqiqləşdirilməmiş məlumat yaydığına görə ANS-i məhkəməyə verəcəyini bəyan edib. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov məsələyə münasibət bildirib. O, modern.az-a deyib: “Məhkəməyə verib, yaxşı edib. Neyləyək, gedib yalvaraq Azad Rəhimova ki, müraciətini geri götürsün?! Məhkəmə olar, məsələ aydınlaşar. Nəticəni də açıqlayarıq”.

Hesablama Palatası da baş verənlərlə bağlı mövqeyini açıqlayıb: “Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib. Audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb”.

“Azadlıq” hələ bir müddət əvvəl məlumat yaymışdı ki, nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovu gənclər və idman naziri, ən pis halda isə bu nazirlikdə müavin postuna təyin etdirmək istəyir. Anar Məmmədov Hesablama Palatasının keçmiş sədri, hazırda kənd təsərrüfatı naziri vəzifəsində çalışan Heydər Əsədovun kürəkənidir. Heydər Əsədov başqa bir qurumun rəhbərliyində çalışsa da, Hesablama Palatası onun nəzarətindədir. Ehtimal olunur ki, Gənclər və Idman Nazirliyi ilə bağlı hesabatın ictimailəşməsi məhz Anar Məmmədovla bağlı planların tərkib hissəsidir. Onsuz da Azad Rəhimov “nurçu qalmaqalı”nda adı hallanan əsas məmurlardan biridir. Onun da nurçularla əlaqəli olduğu barədə iddialar var. Belə bir vaxtda nazirə qarşı korrupsiya ittihamı onun vəzifədən çıxarılmasını daha sürətləndirə bilərdi. Istənilən halda ANS-in Hesablama Palatasının hesabatını təhrif etməsi inandırıcı görünmür. Elə Azad Rəhimovun da məsələyə aqressiv münasibət bildirməsi baş verənlərin kökündə nələrin dayandığı barədə məlumatlı olması ilə bağlı ola bilər.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar