YARAMAMAĞIN FACİƏSİ

Qulu mQulu MƏHƏRRƏMLİ

Əslində sərlövhəni “yaramazlığın faciəsi” də qoymaq olardı. Fəqət “yaramazlıq” sözü AzTV sədrini diksindirdiyindən ehtiyatlanıram ki, bunu təhqir sayıb yenə bir çətən işçini kamera qabağına yığıb təzə “ifşa” serialı çəkdirsin, düşük saytlarda qəşəng nağıllar yazdırsın, sonra da məni məhkəməyə çəksin. Təbii ki, ən aşağısı qarşıdan gələn refendum səbəbindən mən bunu istəmirəm. O boyda TV-mizin “intellektual” və “peşəkar” sədrinin başını çox qatmaq olmaz.

Mən rəhbər üçün vacib olan iki keyfiyyəti əbəs yerə dırnaqda yazmıram: neçə ay əvvəl dediyim fikri təkrarlamağa məcburam ki, televiziya sədri kimi A.Alışanov intellektual cəhətdən dayaz, tutduğu vəzifəyə uyğunluq baxımından qeyri-peşəkar və yararsızdır. Yaradıcı işdən uzaq olması səbəbindən də bu adam dövlətin hər il milyonlarla vəsait ayırdığı telekanalın inkişafinın qarşısına feodal zənciri çəkib.

Mən fevraldakı müsahibəmdə bunları demişəm, rəhbərinin qeyri-peşəkar olmasını AzTV-nin ciddi problemlərindən biri kimi göstərib A.Alışanovun sədrliyə yaramayan keyfiyyətlərini tənqid etmişəm. O da problemi şəxsi müstəviyə çəkərək öz əxlaqına uyğun davranışlarla yanaşı, məhkəmədə mənə cinayət işinin açılmasına (bunun tam əsassızlığı barədə ayrıca məqalə ilə çıxış edəcəm) nail olub ki, guya bu vücudu təhqir eləmişəm… Əlbəttə, məhkəmə mənə cəza verə bilər, amma onun qərarı nə AzTV sədri haqqında ictimai fikri dəyişəcək, nə onu peşəkar edəcək, nə verilişlərin səviyyəsini yüksəldəcək, nə də TV-də sıxılan peşəkarlara yaradıcılıq meydanı açacaq. Burada məsələ başqa şeydədir…

* * *

Ha deyirəm ki, bu barədə danışmayım, amma məhkəmə söhbəti imkan vermir. Anlatmağa məcburam ki, müsahibəmdə təhqir yoxdur, yalnız tənqid var və bu tənqidin də canı odur ki, 60 illik tarixi və bəlli yaradıcılıq ənənələri olan bir televiziya niyə bu qədər axsayır. Yalançı yubiley yazılarını və şit tərifləri bir yana qoyun, reallıq başqadır: bu gün AzTV baxılmır, çünki verilişlərin əksəriyyəti auditoriyanı maraqlandırmır, bəsit, quru və cansıxıcıdır. Televiziyanın ölçüləri kiçilir, yaradıcılıq miqyası daralır, verilişlərdə sxematiklik artır, dilin süniləşməsi gedir, proqramlar və sədr lağ obyektinə çevrilir. Dövlətin hər il 50 milyon manata yaxın pul ayırdığı telekanal bir ortabab sayt qədər auditoriya toplaya bilmir. Əlbəttə, bu pula yaxşı texnika da almaq, əla dekorasiya da qurmaq mümkündür. Amma həmin texnikaya ruh verən, dekorasiyaya məna gətirən yaradıcı insandır, AzTV-də, məhz yaradıcı insan, yaradıcılıq enerjisini məharətlə yönəldən prodüser və menecer çatmır. Əsas səbəb sədr A.Alışanovun yaradıcı havanı duymaması, onu lazımınca yönəldə bilməməsidir.

Adını peşəkar qoyub AzTV-nin uğuru kimi “Səs Azərbaycan”ı nümunə gətirmək biabırçılıqdır. Axı bu beynəlxalq layihədə yaradıcılıq adına nə var ki? İngilis və ya holland formanı, italyan rejissuranı, ukraynalı operator işini tənzimləyir. Bəyəm biz o günə qalmışıq ki, texniki icra ilə öyünək?! İkincisi, dövlətdən maliyyələşən heç bir telekanal, məsələn, TRT, yaxud RTR kimi kanallar ömründə belə layihələrə məhəl qoymaz, pul xərcləməz. Yalnız bəsit təfəkkürlü adamlar dövlətin pulunu havaya sovurması ilə öyünə bilər.

Əlbəttə, mən AzTV şəraitində siyasi proqramlar hazırlamağın çətinliklərini, belə proqramlara verilən tələbləri, bunun üçün hansı yüksək hazırlığın olmasını anlayıram. Bəs maraqlı elm, tədris proqamlarına, öyrədici verilişlərə nə söz? Cəmiyyəti düşündürən problemlərə dair söhbətlər, diskussiyalar niyə hazırlanmasın? Niyə telekanala həmişə uğur gətirmiş teletamaşalar yoxa çıxsın? Hələ yaxşı ki, “Məclisi-üns” kimi nümunə var və bu veriliş ona görə yaxşı izlənir ki, ideyası, forması, rejissurası, xüsusən aparıcısı və dəvət olunan qonaqları maraqlıdır. Bir az milli “hayd park”a oxşasa da, veriliş özünün xoş aurası, yaradıcı enerjisi ilə tamaşaçını cəlb edir. Bütövlükdə AzTV ekranında, məhz bu təbiilik və yaradıcı enerji çatmır. Bu səbəbdən də bəzi istisnalarla telekanalda yaradıcı həyat ölü gündədir. Gözə dəyən verilişlərin əksəriyyətini prodakşn studiyalar hazırlayıb verir. Yaxşı, adamdan soruşmazlar ki, bəs dövlət milyonları sizə nə üçün ayırır və o pullar verilişlərə xərclənmirsə, hara gedir?

Mən Alışanovu bu deyilən nöqsanlara görə tənqid etmişəm, o da özünü elə aparır ki, guya belə sərt tənqidləri birinci dəfədir eşidir, heç adı uzun illər müxtəlif qəzetləri bəzəməyib, bu ad qalmaqallarda, istintaq və yoxlama materiallarında hallanmayıb. Halbuki Alışanovun sədrliyə gəlişi (baxmayaraq ki, içi mən qarışıq AzTV-də çoxları buna ümidlə baxırdı) elə ilk gündən ölkənin yaradıcı adamları arasında rişxəndlə qarşılanmışdı. Çoxları hələ o vaxt “buxalter hara, TV sədrliyi hara” kimi ironik suallar verirdilər. O, özü də bunu bilirdi və ilk dövrlərdə (elə indi də) geniş ünsiyyətdən, xüsusən ziyalılarla, yaradıcı adamlarla üz-üzə gəlməkdən çəkinirdi, tənələrdən, iradlardan qorxurdu. Sanki ürəyinin dərinliyində tutduğu vəzifəyə yaramamasının əzabını yaşayırdı, axı bəzən bu yaramazlığını onun üzünə deyənlər də tapılırdı. Bircə epizodu Alışanovun yadına salmaq istəyirəm, kinli olduğu üçün əminəm ki, unutmayıb…

* * *

2007-ci il aprelin əvvəlləri idi. Görkəmli söz ustası, “müsibət oluruq biz, səhv düşəndə yerimiz” kimi ölməz şeirlər yaratmış mərhum şairimiz Qabilin hüzr məclisinə AzTV sədri ilə getmişdik. Təbii ki, vəzifəsinə görə adamı yuxarı başa keçirdilər. Yuxarı başda isə biz sözü adamın üzünə şax deməkdən çəkinməyən görkəmli bəstəkarlarımızdan biri ilə üzbəüz oturduq. Maestro əl uzadıb mənimlə görüşdü, Alışanova əhəmiyyət vermədi. Mən dərhal onu təqdim etdim ki, AzTV-nin sədridir, xasiyyətinə yaxşı bələd olduğum üçün, hər ehtimala qarşı, əlavə etdim ki, dostumuzdur. Adam heç dost-zad nəzərə alan deyilmiş, halını pozmadan dedi ki, “qardaşı tanıyıram də, sizdə buxalteriyada işləyirdi”. Alışanov tutuldu, rəng verib-rəng aldı, əslində mən də belə sərt yanaşma gözləmədiyim üçün pərt oldum. Sən demə, maestronun əsas sözü geridə imiş. Dedi ki, “Arif müəllim, inciməyin, sədrlik sizin yeriniz deyil, orda milləti, mədəniyyəti təmsil edə bilən yaradıcı adam oturmalıdır”… Sonra da həmin vəzifəyə layiq bildiyi 2-3 adamın adını çəkdi. Onda Alışanov düz və sərt sözü həzm edə bilirdi, çünki ayağı torpaqda idi… Amma deyəsən, indi adam özünü “peşəkar” olduğuna inandırıb.

* * *

Yaradıcı qabiliyyət və istedad məsələsi Allah vergisidir, kimdəsə az, kimdəsə bir az çox ola bilər. Bir də var heç olmasın! Əslində Alışanovun yaradıcı olmaması da problem deyil, problem adamın olmayan bu səviyyə ilə televiziya kimi mürəkkəb sahəyə rəhbərlik etməsidir, peşəkar jurnalistlərə, studiyalarda saç ağartmış rejissorlara ağıl öyrətməsi, yaradıcılıq işinə yersiz müdaxiləsidir. Adamın faciəsi, həm də özünü kənardan görə bilməməsidir.

Əlbəttə, Alışanov istedadsız da deyil, istedadsız olsaydı, bu qədər pul qazanmaz, saysız-hesabsız yoxlamalardan, istintaqlardan quru çıxıb, bu imic və bioqrafiya ilə sədr ola bilməzdi. Adamlara tələ qurmaq, tabeliyindəkiləri bir parça çörəyə görə rəzil etmək, onları daim qorxu içində saxlamaq, şəxsiyyəti olanları alçaltmağa çalışmaq – bunlar Alışanov istedadının cüzi bir hissəsidir. Özü də onun “qəhrəmanlıqları” təkcə bu günə aid deyil. Bu günlərdə mənə iki qovluq qəzet veriblər, 90-cı illərdən bu yana ana TV haqqında nə yazılıbsa hamısı burada səliqə ilə toplanıb. Vərəqləyib heyrətə gəlirəm: son 20 ildə ayrı-ayrı ciddi qəzetlər (reket saytlar yox, ha!) Alışanovdan nələr yazmayıblar, onu hansı ifadələrlə “yağlamayıblar”?! Mən bu yazıların bir qismini seçib məhkəməyə təqdim etmişəm ki, onlar da şərəf-ləyaqət davası aparan bu “məsum” adamın kim olduğunu bilsinlər, zatən bilirlər də…

* * *

Dünya köhnə dünyadır, min illərdir ki, nəfsinə hakim ola bilməyənlər, həyatlarının məqsədini pul yığmaqda görənlər Şərin itaətkar nökərinə çevrilirlər. Zaman keçər, nökərlərin xisləti dəyişməz. Belədə biz özümüzü həm də vaxt oğrusu olan bu nökərlərdən qorumalıyıq, çünki vaxt köhnə dəyirman kimi günləri üyüdür, insan ömrü günbəgün əriyib gedir, təknədə qalan ömür payı azalır, adamın qalan vaxtına və enerjisinə heyfi gəlir. O səbəbdən də bu yazıya da sərf etdiyim vaxta çox heyfim gəldi…

(Ayna.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar