Azərbaycanda iki partiya birləşir – ADP və VİP İşçi Qrupu yaradıb

Azərbaycanın iki tanınmış siyasi təşkilatı – Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) birləşmək məsələsini müzakirə etmək üçün danışıqlara başlayıblar.

Azpolitika.info-ya daxil olan bu məlumatı VİP sədrinin müavini Ramil Hüseynov təsdiqləyib. R.Hüseynov deyib ki, VİP və ADP arasında danışıqlar aparılması üçün hər partiyadan 3 nəfər olmaqla İşçi Qrupu yaradılıb, gələn həftə bu qrupun iclası olacaq. İclasda partiyaların birləşməsi variantı da daxil olmaqla, əməkdaşlığın bir çox forması müzakirə mövzusu olacaq.

Bizə verilən məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu VİP sədri Əli Əliyevə təklif edib ki, partiyalar ADP adı altında birləşsin, Əli Əliyev növbəti sədr olmaq şərtilə hələlik sədr müavini olsun. Bu təklif İşçi Qrupunun iclasında dəyərləndiriləcək.

Qeyd edək ki, ADP hazırda “Qarabağ” blokunun tərkibində “Ümid” Partiyası ilə müttəfiqlik edir. Sərdar Cəlaloğlunun yeni müttəfiqlər axtarışına çıxması onun göstəricisidir ki, ADP və “Ümid”in müttəfiqliyi yaxın vaxtlarda sona çata bilər.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar