Milli Şura seçkidə “exit-poll” keçirəcək şirkəti ifşa etdi

Bakıya oliqarxlardan birinin pulu ilə gətirilmiş AJF-nin nəticələrini tanımayacağığını bildirdi

Sentyabrın 25-də Milli Şura bəyanat yayıb. Bəyanatda 9 oktyabr prezident seçkisində “exit-poll” keçirməyə hazırlaşan “Arthur J. Finkelstein and Associates” (AJF) şirkətinin seçkidən öncə apardığı sorğunun 24 sentyabrda açıqladığı nəticələrinin keçiriləcək “exit-poll”un əsl niyyətini ortaya qoyduğu bəyan edilir: ”ABŞ şirkətinin Şimali Koreya və Belarus üslubunda gördüyü bu işin nəticəsi sorğunun və gələcək “exit-poll”un əsl niyyətini ortaya qoyur.

Sorğuya görə, seçkilərdə daim iştirak edənlərin 90,5 faizi hakim partiyanın namizədi, indiki prezident İlham Əliyevi dəstəkləyir. Halbuki bu qədər yüksək göstərici bütün dünyanın saxtalaşdırılmış saydığı, demək olar, alternativsiz keçən ötən prezident seçkilərində də İlham Əliyevin adına rəsmiləşdirilməmişdi. Bu sorğunun niyyəti hakim partiyanın namizədinin xeyrinə yüksək rəqəmlər elan etməkdirsə, deməli, onun keçirəcəyi “exit-poll”un məqsədi də iqtidarın nəzarətində olan MSK-nın elan edəcəyi saxta nəticələrə zəmin hazırlamaqdır".

Musavat.com-un məlumtına görə, bəyanatda bildirilir ki, AJF şirkəti bütün dünyada ödənişli əsaslarla hansısa namizədə kömək edən, ona təşviqat hazırlayan firma kimi tanınır. Seçkilərin saxtalaşdırmasına yol verilən ölkələrdə onun müstəqil işləməsi halları olmayıb: “Mütəxəssislər təsdiq edir ki, bu şirkətin ”exit-poll" keçirmək təcrübəsi və tərəfsiz işləmək imici yoxdur. AJF Bakıdakı fəaliyyətinin maliyyə tərəfləri ilə bağlı da açıqlama verməyib. Bir çox yerli QHT təmsilçisi artıq bu qurumun fəaliyyətini şübhəli adlandırıb. Şirkəti Azərbaycana hakimiyyətə bağlı APA informasiya agentliyi dəvət edib. Hamıya aydındır ki, indiyədək heç vaxt prezident İlham Əliyev barədə tənqidi material yaymayan, daim onu təşviq edən və müxalif mövqeyə qarşı isə ardıcıl təbliğat aparan bir qurum müstəqil və İlham Əliyevin xeyrinə olmayan sorğu nəticələrinin ortaya çıxmasına imkan verməz. Onun əməkdaşlıq etdiyi yerli Tərəqqi İnstitutu isə ictimaiyyətə tanış deyil".

Milli Şura bəyan edir ki, AJF-nin keçirdiyi sorğuları obyektiv saymır və onun keçirəcəyi “exit-poll”un nəticələrini də tanımayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar