Cəmil Həsənlinin yeni fundamental əsəri

Moskvanın iki məşhur nəşriyyatı “Nauka” və “Flinta” dünya şöhrətli azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Sovet hakimiyyəti illərində Azərbaycanın xarici siyasəti. 1920-1939” adlı fundamental monoqrafiyasını eyni vaxtda dərc ediblər.

Bu nəşr Azərbaycan Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikası diplomatiyasının tarixi” üçcildli nəşrin dərci çərçivəsində həyata keçirilir. Bu seriyadan olan ikinci kitab sovet hakimiyyəti illərində Azərbaycanın xarici siyasətinə həsr olunur və 1920-ci ildən 1939-cu ilədək olan dövrü əhatə edir. Oxuculara təqdim olunan kitabda müəllif Rusiya Federasiyası, ABŞ, Fransa, Türkiyə, Gürcüstan və Azərbaycanın arxivlərindən götürülmüş zəngin sənədlər əsasında sovet hakimiyyəti qurulduqdan sonra yeni şəraitdə Azərbaycan diplomatiyasının formalaşmasını və qurulmasını araşdırır, sovet Rusiyasının öz Şərq siyasətini həyata keçirməsində Azərbaycanın forpost kimi rolunu işıqlandırıb, 1921-ci il martın 21-də Sovet Rusiyası və Türkiyə arasında Moskva müqaviləsinin imzalanması, 1921-ci il martın 13-də sovet Rusiyasının iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında Qars müqaviləsinin imzalanması zamanı onun Rusiya-İran, Rusiya-Türkiyə münasibətlərindəki yerini və önəmini açıqlayır.

Turan-nın məlumatına görə, C.Həsənli öz kitabında Rusiya imperiyasının süqutundan sonra Azərbaycanla Ermənistan arasında yaranmış Qarabağ probleminin həllində və 1918-ci ildə Cənubi Qafqaz ölkələrinin yaranmasında gənc Azərbaycan diplomatiyasının roluna xüsusi yer ayırıb. Bu məsələnin daha dərin təhlili üçün müəllif Qarabağ tarixinə ekskurs edir, türk əhalinin (azərbaycanlılar) üstünlük təşkil etdiyi Qarabağ xanlığının Rusiya imperiyası ərazisinə birləşdirilməsi, erməni əhalinin İrandan və Türkiyədən Azərbaycanın tarixi regionlarına köçürülməsi ilə bağlı çar siyasətinin həyata keçirilməsi prosesini göstərir. Bu proses demoqrafik dəyişikliyə, yerli azərbaycanlı və gəlmə erməni əhali arasında etnik qarşıdurmanın kəskinləşməsinə səbəb olub. Professor C.Həsənlinin ilk dəfə olaraq elmi dövriyyəyə buraxdığı çoxsaylı tarixi sənədlər, o cümlədən Qafqaz administrasiyasının rəhbəri Qriqori Sergeyeviç Qolitsının (1838-1907) 1900-cü ildə çar II Nikolayın əmri ilə çağırılmış xüsusi müşavirənin iclasındakı çıxışlarının mətni bundan aydın xəbər verir.

“Biz Zaqafqaziyanı fəth edəndə yerli erməni əhalinin sayı 45000-dən çox deyildi, indi Qafqazda ermənilərin sayı 150000-dən çoxdur”, - öz vəzifəsinə 1986-cı ilin dekabrında təyin edilmiş G.S.Qolitsın bildirib.

Bakıda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan hökumətinin diplomatik fəaliyyətinin araşdırılması ilə yanaşı müəllif Azərbaycan emiqrasiyasının siyasi-diplomatik fəaliyyətinə, 1920-ci il aprel hadisələrindən sonra onun ADR-in müstəqilliyinin bərpası uğrunda mübarizəsinə böyük diqqət yetirir, Azərbaycan emiqrasiyasının İstanbul və Paris mərkəzlərinin yaradılmasından danışır.

Xatırladaq ki, üçcildli “Azərbaycan Respublikası diplomatiyasının tarixi” seriyasından birinci kitabı da C.Həsənli yazıb və 2010-cu ildə Moskvada adı çəkilən nəşriyyatlar tərəfindən “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti. 1918-1920” adı ilə dərc olunub. Bu kitab həmin il ingilis dilinə tərcümə olunub və ABŞ-da “Foreign Policy of the Republic of Azerbaijan, 1918-1920: The Difficult Road to Western Integration” adı altında nəşr edilib. Kitab nəşrə Con Hopkins Universiteti yanında Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi İnstitutu tərəfindən hazırlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar