ONLAR MİLYONLARIN TALANMASINA GÖRƏ CAVAB VERƏCƏKLƏRMİ? - Korrupsiya var, cinayət işi yoxdur!

Hesablama Palatası hər kəsin bildiyi, ancaq sübut edə bilmədiyi bəzi HƏQİQƏTLƏRİ ortaya çıxardı

Ötən il İctimai Televiziya və Radio Yayımları Şirkətində 50 min manatlıq, «Yaddaş» Sənədli Filmlər Studiyasında 6 min, Azərbaycan Dövlət Rus Dram Teatrında isə 5 min manatlıq yeyinti faktı aşkarlanıb.

Səhiyyə Nazirliyinin strukturlarında talançılq və özbaşnalıq faktları...

Hesablama Palatasının auditi zamanı ən ciddi korrupsiya hallarından biri Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində müəyyən olunub. Kiçik bir mərkəzdə büdcə talanının həcmi 100 min manata yaxındar. Əsas mənimsəmə halları isə «Şəkərli diabet üzrə Proqram»ın, «Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı»nın, «Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»nın, «Yolxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»nın, «Xroniki böyrək çatışmazlığı üzrə Təbirlər Proqramı»nın icrası zamanı üzə çıxıb. Belə ki, büdcə vəsaitləri hesabına alınan preparatlar xəstələr üçün pulsuz paylanması nəzərdə tutulsa da, bu işlər həyata keçirilməyib. Bir tibb müəssisəsində bir şəkərli

diabet xəstəsinə düşən xərc şişirdilmiş, bir sıra müəssisələrdə isə bir xəstəyə düşən xərc müxtəlif olub.

2013-cü ildə HİV AİDS-nin qarşısının alınması və müalicəsi üçün nəzərdə tutulan dərman preparatları və vaksinlərin böyük əksəriyyətinin istifadə olunmadığı müəyyən edilib.

Səhiyyə Nazirliyinin Elm Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı müəyyən olunub ki, bir nəfərə düşən qida normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq məhsulların silgisinə yol verilib, işçilərin adına əlavə əməkhaqqı yazılıb. Avtomobillərin cari təmirdə olduğu halda, həmin günlərdə onların yanacaq sərfiyyatı haqqında qanunsuz sənədləşmə aparılıb. Həmçinin təyinatdankənar dərman, sarğı ləvazimatları və materialları silinib. Audit dövründə institutda təqribən 65 min manatlıq büdcə vəsaitini mənimsənildiyi üzə çıxıb.

Tender qaydalarına əməl edilməyib, böyük həcmdə pullar silinib

Hesabat dövründə 3 saylı Şəhər Klinik Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməməsi zamanı baş verib. Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə, əlbəttə ki, baş verən korrupsiya hallarının cüzi bir hissəsidir. Sabirabad Rayon Xəstəxanasında da balansda olan avtomobillərə normadan artıq ehtiyat hissələri silinib, mal-material qiymətlərinin inventarizasiyası zamanı əskikgəlmə və artıqgəlmə halları müəyyən edilib. Bununla büdcəyə dəyən zərər nə az, nə çox 47 min manat civarında olub.

«Aqrolizinq»də korrupsiya inkişafdadır- külli miqdarda yeyinti baş verib

Hesablama Palatasının auditi zamanı «Aqrolizinq» ASC filiallarında külli miqdarda vəsait mənimsənildiyi, ciddi qanun pozuntuları aşkar olunub. “Bizim Yol” qəzetinin məlumatına görə, hətta bununla bağlı ASC-nin Şəki filialının rəhbərliyinə cinayət işinin açılması üçün toplanan materiallar Respublika Baş Prokurorluğuna göndərilib.

Filialda ciddi qanun pozuntularının və nöqsanların olduğu qeyd edilsə də, konkret rəqəm açıqlanmır. Yalnız onu deyə bilərik ki, gübrə yeyintisindən 13 min manat büdcəyə bərpa edilə bilib. Yoxlamalar zamanı məlum olub ki, təkcə 2013-cü ildə dövlət vəsaiti hesabına alınan superfosfat gübrəsinin 70 faizi, 2 min ton azot gübrəsinin 1486 tonu mənimsənilib. Həmin gübrələr 115 fermerin adına yazılaraq silinib. Guya həmin fermerlər gübrənin pulunu ödəməkdə çətinlik çəkib və bununla borc adına qeydiyyata salınıb. Əvvəlki illərdə də qalan borcu böyük həcmdə debitor borc yaradıb.

Kənd təsərrüfatı texnikası üzrə filialın kredit borc yaranıb və illər üzrə artığı müəyyən edilib. Bəzi vəzifəli şəxslərə 1 illik lizinq yolu ilə verilən 17 ədəd texnikalar sonradan fililalın balansına qaytarılmayıb, hətta buna görə servis haqqı belə alınmayıb.

ASC-nin Horadiz Aqroservis Filialında da eyni tipli qanun pozuntuları müəyyən edilib. Gübrə satışından və kənd təsərrüfatı texnikalarının icarəsindən toplanan vəsait büdcədən gizlədilib. Filial tərəfindən büdcəyə dəyən zərər 110 min manatdan çoxdur.

1,3 milyon manatlıq korrupsiyanın başında kim durur?

Kənd Təsərrufatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində aparılan auditdə 1,3 milyon manat həcmində korrupsiya faktı aşkarlanıb. Bu qədər vəsait Xidmətin təkcə iki bölməsi- «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsi və investisiya xərcləri üzrə baş verib. Qurumda 14 «ölü ştat»ın mövcud olduğu, əməkhaqların artıq hesabalandığı, işçilərdən qanunsuz gəlir vergisi tutulduğu, normadan artıq yanacaq və təmir xərclərinin ödənildiyi göstərilir.

7 obyektin təmiri üzrə dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsa da, iş yerinə yetirilməyib. Gübrə və pestisidlərin alışı zamanı tender keçirilməyib.

Qurum tərəfindən zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının istifadəsinin Avropa İttifaqı, MDB dövlətlərində qadağan olunmasına baxmayaraq, Azərbaycanda hələ də istifadə edildiyi müəyyən edilib. Bu qədər yeyintiyə görə isə məsuliyyətə cəlb olunan şəxs olmayıb. Yalnız bir neçə əməkdaşa xəbərdarlıq etməkdə işin üzərindən sükuta keçiblər.

«Azəristiliktəchizat»da milyonlar talan edilib

«Qızınmadıq istisinə, kül olduq tüstünə» bu atalar sözünü isə «Azəristiliktəchizat» ASC-yə aid etmək olar. ASC əhaliyə mənzillərin qızdırılması ilə bağlı normal xidmət göstərmədiyi halda, büdcədən mənimsədiyi vəsait milyonlarladır. Hesalama Palatasının ötən il apardığı audit zamanı ASC-də 1,2 milyon manatlıq korrupsiya faktını üzə çıxarıb. Onun 35,7 mini ayrılan subsidiyalardan mənimsənilib. Qalan yeyinti isə təmir-tikinti xərcləmələrində baş verib.

 

BİRİNCİLƏR niyə məsuliyətə cəlb olunmur?

Qeyd edək ki, Hesablama Palatasının ortaya çıxardığı bu faktların hər biri cinayət məsuliyyəti yaradır. Maraqlıdır ki, bir dövlət orqanı müxtəlif nazirliklərdə apardığı yoxlamalar əsasında milyonlarla manat dövlət vəsaitinin talan olunduğunu rəsmən elan edir, hüquq-mühafizə orqanları susur. Xüsusilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bu fakrtlara reaksiya verməməsi təəccüb doğurur. Hansısa peşə məktəbində bir derektorun 2-3 min manat mənimsəməsi ilə bağlı cinayət işi açan, bununla bağlı böyük bəyanatlar yayan Baş Prokurorluğun milyonlarla manat dövlət vəsaitinin talan olunması qarşısında susqunluq nümayış etdirməsini başa düşmək çətindir. Bəlkə də ona görəki, bu qədər böyük talançılığa görə hansısa kiçik bir məmuru ittiham etmək mümkün deyil. Cinayət işi qaldırılarsa ilk növbədə məsuliyyətə BİRİNCİLƏR cəlb olunmalıdır.

Belə ki, Səhiyyə Nazirliyində baş verən açıq talançılıq faktlarına, dövlət xəttilə dərmanların alınmasında yol verilən şişirtmələrə, pulsuz paylanmalı olan dəmanların satılmasına, tenderlərin keçirilməməsinə, HİV AİDS-nin qarşısının alınması və müalicəsi üçün nəzərdə tutulan dərman preparatları və vaksinlərin böyük əksəriyyətinin istifadə olunmamasına görə, ilk növbədə nazir Oktay Şirəliyev cavab verməlidir. Ya bu işlərin başında durduğu üçün, ya da öz vəifəsinə məsuliyətsiz yanaşdığı üçün...

«Aqrolizinq» ASC filiallarında baş verən maxinsiyalar barədə məlumtlar isə yeni deyil. Filal rəhbərləri dəfələrlə dəyişilsə də talançılıq dayanmir. Deməli, problem «Aqrolizinq» ASC-nin rəhbəri Əli Bayramovdadır. Cinayət işinin açılması üçün Respublika Baş Prokurorluğuna göndərilən materialların araşdırılmsına da fikrimizcə məhz ondan başlanılmalıdır. Soruşulmaldır ki, ƏLİ

müəllim, nədən bütün filiallarda oxşar cinayətlər baş verir? Nədən filial direktorları dəyişir, amma talançılıq metodları dəyişmir? Bəlkə, ona görə ki, eyni mərkəzdən tapşırıq alırlar?

Kənd Təsərrufatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində aparılan auditdə 1,3 milyon manat həcmində korrupsiya faktı aşkarlanması isə sorgusuz-sualsız cinayət işinin açılmasını tələb edir. Bunun yeni nazir Heydər Əsədovun, yoxsa keçmiş nazir-indiki baş nazirin müavini olan İsmət Abbasovun zamanında baş verdiyi isə bu araşdırmalar zamanı ortaya çıxarıla bilər. Ancaq istənilən halda aşkarlanan qanunsuzluqlara görə məsuliyyəti BİRİNCİLƏRİN daşdığı şübhə doğurmur. Məsələn, Kənd Təsərrufatı Nazirliyində 7 obyektin təmiri üzrə dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsa da, işin yerinə yetirilmədyi bildirilir. Əgər vəsait təyinatı üzrə xərclənsəydi ya iş yerinə yetirlərdi, ya da nazirlik işini başa çatdırmayanları məhkəməyə verərdi. Deməli, heç vəsait ümumiyyətlə həmin istiqamətə yönəldilməyib, elə başdan mənimsənilib.

Yaxud qeyd olunur ki, gübrə və pestisidlərin alışı zamanı tender keçirilməyib. Aydındır ki, bu yalnız nazirin iradəsi ilə baş verə bilər. Eləcə də milyonların mənimsənilməsinin nazirliyin başında duranlardan xəbərsiz baş verməsinə inanmaq mümkün deyil.

"Azəristiliktəchizat" ASC-də baş verən korrupiya halları isə artıq parlamentdə də müzakirə olunub. Deputat Adil Əliyev qurumun sədri Yaşar Həsənovdan Korrupsiyaya qarşı mübarizə İdarəsi və Hesablama Palatasına şikayət də edib. Millət vəkili xatırladıb ki, 2012-ci il büdcə layihəsində ölkə ərazisinə istilik sistemi üzrə yaranan zərərin ödənilməsinə, istilik sistemi və təczihatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. Umumi 2005-2010 illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb: “Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm, sadəcə, cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən onların millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiya ilə mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram. İndi söz sizindir”.

Milət vəkilinin açıqladıqları ilə müqayisədə Hesalama Palatasının ötən il apardığı audit zamanı ASC-də 1,2 milyon manatlıq korrupsiya faktını aşkarlaması cüzi görünür. Ancaq digəl ki, heç kim milyonların talanmasına görə, ASC-nin sədri sədri Yaşar Həsənova "gözün üstə qaşın var" demir....

Bütün bu faktlar Hesablama Palatasının hər kəsin bildiyi, ancaq sübut edə bilmədiyi bəzi HƏQİQƏTLƏRİ ortaya çıxardığını söyləməyə əsas verir. Nədi bu HƏQİQƏTLƏR?

Birincisi, bütün dövlət qurumlarında açıq TALANÇILIQ hökm sürür!

İkincisi, bu talançılıq birbaşa BİRİNCİLƏRİN iradəsilə baş verir!

Üçüncüsü, ölkədə böyük talançılıqla məşğul olanlar, iri korrupsiya əməliyyatlarının BAŞINDA DURANLAR məsuliyətə cəlb edilmirlər.

Bir sözlə, korrupsiya ilə mübarizə şüardan o yana keçə bilmir.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar