Ərdoğan Azərbaycana görə Ermənistanla sərhədi bağlayardımı? - ŞƏRH

Yaxud, AKP hakimiyyəti ilə 1993-cü ildə Kəlbəcərin işğalı səbəbindən sərhədləri bağlayan Türkiyə hökuməti arasındakı fərq

Ölkə başçısı İlham Əliyevin Praqada Serj Sarkisyanın Türkiyənin ünvanına səsləndirdiyi ittihamlara cavabı Azərbaycan və Türkiyə mətbuatının gündəmində mühüm yer tutmaqdadır. Bu da təsadüfi deyil, çünki erməni prezident Türkiyəni Ermənistanla sərhədləri açmamasına görə ittiham edib. Bu sərhədlərin Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işgalına görə bağlanmasını xatırladan Azərbaycanın ölkə başçısi isə bir daha hər kəsi tarixə nəzər yetirməyə vadar etdi.

Bəli, məhz 1993-cü ilin aprel ayında ermənilər Kəlbəcəri işgal edəndən sonra Türkiyə Ermənistanla sərhədini bağladı. Bəziləri bunu bir qədər gecikmiş addım sayırdı ki, burda da həqiqət payı var. Lakin hər halda o zamankı Türkiyə hökuməti bütün beynəlxalq təzyiqlərə rəğmən bu addımı atdı. Və bugün sərhədlərin bağlı olması Azərbaycanın əlindəki azsayli təzyiq vasitələrindən biridir.

Ancaq bugün dildə Türkiyə-Azərbaycan qardaşlığından danışib, əməldə əsasən öz siyasi və iqtisadi maraqlarını önə çəkən AKP hökuməti ilə 1993-cü ildəki Türkiyə hökuməti birdirmi? O zaman Azərbaycan hələ önəmli neft ölkəsinə çevrilməmişdi və Türkiyə hökumətinə əlavə problemdən başqa heç nə vəd etmirdi.

Xatırladaq ki, həmin dövrdə Türkiyənin özündə də vəziyyət qarşıq idi. Elə Kəlbəcərin işğal olunduğu aprel ayında Turqut Özal qəflətən vəfat etdi (yaxud öldürüldü-red.) Ondan sonra Süleyman Dəmirəl prezident, Tansu Çillər isə baş nazir oldu. Lakin bu siyasətçilərin heç biri sərhədlərin bağlanması və Azərbaycanın milli maraqlarının təmin edilməsi məsələsində qətiyyən tərəddüd etmədilər.

İndi isə hazırki Türkiyə hökumətinə baxaq. AKP hakimiyyəti Türkiyənin başına gələn gündən Ermənistanla münasibətləri düzəltməyə və sərhədləri açmaga çalışır. Amma müsəlman qonşularla münasibətləri düzəltməyə bir o qədər də can atmır. Bunu dindar bir siyasi qüvvə kimi təqdim olunan AKP –yə yaraşdırmaq olduqca çətindir. Hətta bir neçə il əvvəl bu sərhədlər az qala açılmışdı da. AKP-nin hakimiyyət hərisliyi nə qədər bihuş etmişdisə, xaricdəki və daxildəki erməniləri, eləcə də onların havadarlarını razı salmaq üçün sərhədlərin açılması an məsələsinə çevrilmişdi. Ancaq insaf naminə deyək ki, Azərbaycandakı hakimiyyət dirəniş göstərəndən sonra bu məsələ təxirə salındı. Lakin aprelin 24-də Ərdoğanın qondarma erməni soyqırımı ilə baglı məlum müraciəti Türkiyə tarixinə elə bir iz qoydu ki, bunun “bəhrəsini” qardaşlarımız AKP hökuməti gedəndən sonra daha yaxından hiss edəcəklər. Bugünkü mənzərənin eybəcərliyi ondadır ki, Türkiyə ərazisində baş verdiyi iddia olunan qondarma erməni soyqırımını Azərbaycan daha çox yalanlamaga çalışır, nəinki hazırki AKP hökuməti! Bu o deməkdir ki, belələrinə bel baglamaq olmaz!

İstənilən halda, bu son müraciət və ümumilikdə Ərdoğanın erməni məsələsinə münasibəti onu deməyə əsas verir ki, 1993-cü ildə hakimiyyətdə Ərdoğan və onun partiyası olsaydı böyük ehtimalla sərhədlər bağlanmayacaqdı və bugün oldugu kimi seçkidə qalib gəlmək üçün istənilən qüvvə ilə razılıq əldə olunacaqdı. Bununsa onsuz da təklənən və haqqı tapdalanan Azərbaycana, eləcə də Türkiyənin özünə ziyanı kifayət qədər böyük olacaqdı. Təbii ki, siyasətdə daimi dostlar yox, daimi maraqlar var. Ancaq bu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə şamil edilməməlidir və bugün baş verənlər, yəni gah ermənilərə müxtəlif jestlər edilməsi, gah sərhədlərin minalardan təmizlənməsi, bütün bunlarla olduqca qeyri-səmimi qardaş təsiri bağışlayan AKP hakimiyyətinin vicdanına yazılır...

CƏLAL

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar