“Xanımımın ölümünə bais olan həkimlər ən ağır cəzanı almalıdırlar”

“Medi Sina” klinikasının baş həkimi də daxil olmaqla əməliyyatı aparmış adamların hamısı nəzarətdədir”

“Baş Prokurorluq ekspertizanın rəyini gözləyir. Ekspertizanın rəyi bilinəndən dərhal sonra cinayət işi açılacaq”. Bunu Modern.az-a açıqlamasında jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümündən danışarkən deyib.

“Burda faktiki olaraq həkim səhlənkarlığı var. Ekspertizanın bu barədə ilkin rəyi var. Hətta mənim həmin həkimlərin bu cinayəti ört-basdır etməyindən məlumatım da var. Ekspertlər həkimlərin harda, hansı məqamda yanlışlığa yol verdiklərini və əməliyyat zamanı ağ ciyərin öz funksiyasını necə dayandırdığını araşdırır”.

Anar Niftəliyev həkimlərin məsuliyyətdən yayınma cəhdinə də aydınlıq gətirib. “Bu barədə izahat vermişəm. İstintaqa İsmayıl Rövşənov rəhbərlik edir. O mənə dedi ki, “Medi Sina” klinikasının baş həkimi də daxil olmaqla əməliyyatı aparmış adamların hamısı nəzarətdədir”.

Həyat yoldaşını itirmiş A.Niftəliyev səhiyyənin bu cür “qəssab”lardan azad olunacağına sadəcə, ümid edir.

“Həkimlərin heç biri ilə əlaqə saxlamıram. Saxlamaq da istəmirəm. Onlarla üz-üzə gəlmək mənim üçün çox ağırdır. Bu, eyni zamanda cəmiyyətimiz üçün çox böyük faciədir. Bu bizim səhiyyəmizin “qəssab”lardan ibarət olduğunu göstərir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu əməllərə göz yummayacaqlar. Həkimlər ən ağır cəzanı almalıdırlar”.

Xatırladaq ki, “Medi Sina” klinikasında keçirilən əməliyyatda A.Niftəliyevin xanımı Elnarə Tofiqqızı dünyasını dəyişib. E. Tofiqqızı Slavyan Universitetinin əməkdaşı olmaqla bərabər, ədəbi icmada geniş tanınan tənqidçi idi. O, eyni zamanda Milli Kitab Müsabiqəsinin ekspertlərindən biri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar