SALYANDAN SENSASİYALI ŞİKAYƏTLƏRİN İZİ İLƏ – İcra Hakimiyyətində görüş

Əməkdaşımız icra başçısı Tahir Kərimova qarşı ittihamları araşdırmaq üçün rayonda olub

“Azpolitika.info” mart və aprel aylarında Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun fəaliyyəti haqda rayon sahibkarlarının şikayətləri əsasında 2 tənqidi material yaymışdı. Martın əvvəllərində yayımlanan ilk materialdan sonra Salyan RİH başçısının müavini Rəşad Cəbrayılov redaksiyaya telefon açmış, suallarımıza cavab verməyə hazır olduqlarını bildirmişdi. Biz də sahibkarların şikayətləri əsasında hazırladığımız sualları Salyan RİH-nin rəsmi elektron poçtuna göndərmişdik. Lakin 1 aydan artıq vaxt keçsə də, suallar cavablandırılmadığından ikinci yazı da qarşı tərəfin mövqeyi olmadan yayıldı. Bundan sonra Salyan RİH Başçısı Tahir Kərimovun adından elektron poçtumuza daxil olan məktubda bildirilirdi ki, Azpolitika.info-da Salyan rayonu İcra hakimiyyətinin başçısının fəaliyyəti, görülən tədbirlərlə, aparılan abadlıq və quruculuq işləri ilə tanış olmadan qərəzli, böhtan xarakterli yazılar dərc edilir.

“Mən, Salyan rayon İcra hakimiyyətinin başçısı olaraq Sizi bir daha rayona dəvət edir, yazıda iddia olunan faktların birgə araşdırılmasını təklif edirəm”, deyə məktubun sonunda bildiriliridi.

Ötən həftə əməkdaşımız bu müraciət əsasında Salyan rayonunda olub.

Salyanın başçısı nələrdə ittiham olunurdu?

Bu haqda danışmazdan öncə xatırladaq ki, saytımızda yerli sahibkarların şikayətləri əsasında hazırlanan yazılarda cənab Tahir Kərimova qarşı bir sıra ittihamlar irəli sürülür, onun rayonda yüz hektarlarla əkin sahəsini ələ keçirdiyi, Muğanda min hektarlıq ərazidə fermer təsərrüfatı yaratdığı, balıqçılıq təsərrüfatlarından hər hektara görə 350 manat “vergi” tələb etdiyi və sairə bildirilirdi. Bundan başqa, başçının kimlərin torpaqlarını əllərindən aldığının siyahısı verilirdi.

Salyan RİH-də əməkdaşımızı başçının müavini Rəşad Cəbrayılov qarşılayıb və bir neçə digər vəzifəli şəxslərlə birlikdə sualları cavablandırmağa çalışıb. Baxmayaraq ki, bəzi məsələlər yerində araşdırılmalı, bəzi suallar isə Tahir Kərimovun şəxsən özünə aid idi...

Ancaq cənab Kərimov görüş üçün əvəlcədən hazırlanan, hətta videoçəkiliş də təşkil olunan İH-nin konfrans zalında bizimlə ayaqüstü salamlaşdıqdan sonra, qonaqlarının olduğunu bildirərək öz otağa keçdi.

Beləliklə, İH-dəki araşdırma xarakterli söhbətimizdə Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Salyan rayon Telekommunikasiya Qovşağının rəisi Faiq Nəcəfov, Torpaq Şöbəsinin müdiri Xudaverdi Kərimov (sonradan gəldi), “Qələbə” və “Ana Kür” qəzetlərinin baş redaktoru Rüstəm Məlikov, həmçinin bizə rayonun fermerləri kimi təqdim olunan Kamil Əzizov, Rizvan Babaşov və Gülməmməd Bəşirov içtitrak edirdilər.

Sualları başçının müavini cavablandırır...

İcra başçısının müavini Rəşad Cəbrayılov redaksiyamıza edilən şikayətlərdə qeyd olunan məsələlərin böyük hissəsinin həqiqqəti əks etdirmədiyini, Tahir Kərimovun rəhbərliyi altında rayonda xeyli abadlıq-quruculuq işlərinin həyata keçirildiyini söylədi. Bu haqda bir qədər məlumat verdikdən sonra suallarımızı cavablandırdı.

İlk sualımız belə oldu: Salyan rayonunda təxminən nə qədər balıqçılıq təsərrüfatı var, onlardan nə qədəri qanunidir? Bu təsərrüfatlardan əvvəlki illər hər hektarına görə 200-250 manat, bu il isə 350 manatdan “bələdiyyə vergisi”, “su pulu”, “rayonun abadlaşdırılması” adı altında pul tələb olunduğu haqda məlumatlar nə qədər əsaslıdır?

Bu sualı cənab Cəbrayılov belə cavablandırdı: “Əlbəttə ki, rayonda balıqçılıqla məşğul olan təsərrüfatlar var. Ancaq bu balıq göllərinin bir çoxu qanunsuz fəaliyyət göstərir. Buna görə də, bələdiyyələr tərəfindən onlara qarşı müəyyən tədbirlər görülür. Bələdiyyələrlə həmin balıq təssərüfatlarının sahibləri arasında bağlanan müqavilələrə əsasən, onlardan müvafiq qanunlara uyğun vergi toplanır. Rayon İcra Hakimiyyəti tərəfindən həmin balıq təsərrüfatlarından “rayonun abadlaşdırılması” adı altında pul yığılması halları olmamışdır”.

İcra başçısının müavini bələdiyyələr tərəfindən balıq göllərindən nə qədər pul yığılmasından məlumatsız olduğunu bildirdi. Həmçinin İcra Hakimiyyəti tərəfindən başqa adlar altında sahibkarlardan pul tələb edilmədiyini söylədi.

Tahir Kərimov əkinçiliklə məşğuldurmu?

İkinci sualımız Salyan RİH başçısı Tahir Kərimovun rayon ərazisində əvvəllər ayrı-ayrı rayon sakinlərinin istifadəsində olan 500 hektara yaxın ərazini ələ keçirdiyi, orda əkinçiliklə məşğul olduğu haqda iddialarla bağlı oldu. Qeyd edək ki, Azpolitika.info-ya təqdim olunan məlumatlarda əvvəllər həmin torpaqların ayrı-ayrı rayon sakinlərinin istifadəsində olduğu, lakin müxtəlif bəhanələrlə onlarla bağlanmış müqavilələrin dayandırıldığı, yeni müqavilələrlə bu torpaqların Tahir Kərimovun sərəncamına keçdiyi, onun buğda, arpa, yonca əkdiyi iddia olunur. Torpağı əlindən alınan vətəndaşların bir neçəsinin adı da saytımıza bildirilmişdi. Belə ki, Gözəlov Teyyubun 60 ha, Babaşov Mahmudun 40 ha, Babaşov Rizvanın 60 ha, mərhum Bəşirov Balammədin ailəsinə məxsus 70 ha, Əsgərov Əlizaminin 30 ha, Bəşirov İlhamın 40 ha, Əzizov Kamilin 80 ha və digərlərinın torpaqlarının əllərindən alındığı bildirilirdi.

Bununla bağlı R.Cəbrayılov bildirdi ki, qeyd olunan məlumatlar doğru deyil: “Rayon İcra Hakimiyyəti tərəfindən heç kimin torpağı əlindən alınmayıb. Adları göstərilən vətəndaşlardan bəziləri burda iştirak edirlər. Xahiş edirəm özləri bu haqda məlumat versinlər. Məsələn qeyd olunur ki, Əzizov Kamilin 80 ha torpağı alınıb. Kamil müəllim burdadı, buyursun cavab versin.”

Fermer, yoxsa icra nümayəndəsi?...

Bundan sonra özünü fermer kimi təqdim edən, ancaq sonradan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhəri üzrə ərazi icra nümayəndəsi olduğu məlum olan Kamil Əzizov danışmağa başladı. Əslən Naxçıvandan olan K.Əzizov bildirdi ki, BU HAQDA heç kimə məlumat verməyib (?-red) və heç kimdən də xahiş etməyib: “Mən 1997-ci ildən kəndli fermer təsərrüfatının rəhbəriyəm. Hal-hazırda torpaqlarım özümdədir, özüm də istifadə edirəm. Kimin şübhəsi varsa gedib baxa bilər. İkincisi də mənim adından kimə icavə verilir ki, harasa məlumat yaza? Mənim yazmağa savadım çatır. Özüm yazaram, özüm pozaram, şikayət edərəm. Mənim adımdan niyə yazıb, adımı dilə-dişə salırlar?”

Torpağı əlindən alınanların siyahısında adı keçən Bəşirov Balammədin oğlu Güləmməd Bəşirov da bildirdi ki, əraziləri özlərindədir: “Mənim atam bir il iki aydır rəhmətə gedib. Kimsə götürüb onun da adını yazıb. Ancaq bizim torpaqlarımız özümüzdədir. Kimsə bu haqda yazıb, xahiş edirəm ölcü kötürəsiniz. ”

Siyahıda adı olan Babaşov Rizvan da torpaqlarının özlərində olduğunu və heç yerə şikayət etmədiyini söylədi.

Həm fermer, həm də Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri üzrə ərazi icra nümayəndəsi olan Kamil Əzizov bildirdi ki, onun təsərrüfatından 150 nəfər dolanır: “30 nəfər ailə başçısı mənim təssərrüfatımda çalışır. Bunu necə əlimdən ala bilərlər? 150 nəfərin başını kəsmək olar? Ölkənin prezidenti var! Lazım olsa ona müraciət edərik. Ancaq belə bir problem olmaya-olmaya mənimlə rəbərlik arasında intriqa yaradılır.”

Muğan düzündəki 1000 hektarlıq təsərrüfat kimindir?

Sonraki sualımız isə birbaşa icra başçısının özü ilə bağlı oldu. Qeyd etdik ki, Tahir Kərimovun 2011-ci ildə rayona icra başçısı təyin olunduqdan sonra Muğan düzündə otlaq sahələri ilə birlikdə təxminən 1000 hektar ərazidə yataq saldığı, həmin yatağa 10-15 kilometr kənardan təxminən 2 milyon dəyərində su kanalı çəkdirdiyi, bu kanalın tikintisində Meliorasiya və Su Təsərrüfatı ASC-nin texnikasının il yarım işlədildiyi, hazırda fermada minlərlə baş kiçik və iri buynuzlu mal-qara saxlanıldığı haqda məlumatlar var:

“Bunlarla bağlı nə deyə bilərsiniz? Bütün bu işlər hansı vəsait hesabına həyata keçirilib və məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanunvericilikdə bir araya necə sığdırılıb?”

Bununla bağlı Rəşad Cəbrayılov bildirdi ki, nə həmin sahə, nə də ordakı təssərrüfatlar Tahir Kərimova məxsus deyil. Muğan çölündəkı həmin otlaq sahələri Kamil Əzizova aiddir və yatağı da o salıb.

Biz həmin əraziyə Akkuşa cayından təxminən 2 milyon dəyərində su xətt çəkilməsinə, bu kanalın tikintisində Meliorasiya və Su Təsərrüfatı ASC-nin texnikasının il yarım işlədilməsinə aydınıq gətirilməsini xahiş etdikdə isə, söhbətə həm fermer, həm də Rayon İcra Hakimiyyəti başçısının Səlyan şəhəri üzrə ərazi icra nümayəndəsi olan Kamil Əzizov müdaxilə etdi. Və ziddiyyətli fikirlər səsləndirdi. Eyni zamanda müxtəlif müdaxilələr oldu. Ona görə də yazının bundan sonrakı hissəsini sual-cavab formasında təqdim edirik:

Kamil Əzizov: Üzr istəyirəm, həmin o təssərrüfat mənimdir... O təssərrüfat mənim təsərrüfatımla qonşudur. Gedəyin...

- Sizin təsərrüfatınızla qonşudur, yəni sizin deyil?

Kamil Əzizov: Hə da... Deyirəm həmin deyilən yer mənim təsərrüfatımla qonşudur. O mənə aid olan söhbətdir... (? –red.) “Qüdrət Səmədov” kolxozu olan vaxt, ondan da qabaq “Nizami” adına kolxoz olub... Orda kolxozun su kanalı olub. Həmin o kanal qədimdə - 50 il, 60 il bundan qabaqkı kanalların yerindədir. Şəxsən mən müraciət etmişəm...

-Axı biz həmin kanal salınarkən çəkilən kadrları görmüşük, yeni çəkilib...

Kamil Əzizov: Mən təssərüffat adamıyam. Hər halda təssərrüfatı bilirəm...

- Meliorasiya və Su Təsərrüfatı ASC-nin texnikasından da istifadə olunub...

Kamil Əzizov: Ola bilməz... Orda kanal vardı...

- Yenə deyirəm, biz o kanalı görmüşük, kanal yeni çəkilib. Bunu sübut edən çəkilişlər var.

Bu zaman nə qədər qəribə olsa da, söhbətə Salyan rayon Telekommunikasiya Qovşağının rəisi Faiq Nəcəfov müdaxilə etdi: “Siz ittiham yox, sual verə bilərsiniz. Sizə səlahiyyət verilməyib ki, İcra Hakimiyyətinin konfrans zalında kimi isə ittiham edəsiniz. Sual verdiniz, cavab da aldınız.”

- Əvvala, biz heç kimi ittiham etmirik. Sadəcə bu cavab həqiqəti əks etdirmir. Biz həmin kanal görmüşük, yeni çəkilib.

Kamil Əzizov: Siz təssərrüfat adamı deyilsiz deyə bilmirsiniz. O kanal lillənir deyə ildə azı 3 dəfə təmizlənir...

- Deyirsiz yəni kanalı siz çəkdirmisiniz?

Kamil Əzizov: Bəli-bəli, mən çəkdirmişəm. Həmin vaxt kolxoz sədri işləmişəm, şəxsən mən çəkdirmişəm. Məndən də qabaq Qüdrət Səmədov çəkdirib.

- Nə qədər xərc çəkmisiniz?

Kamil Əzizov: Kolxoz hesabına çəkmişik onu...

- Neçənçi ildə?

Kamil Əzizov: Hardasa 1997-ci ildə (Diqqətli oxucu yəqin yada saldı ki, Kamil Əzizov özünü təqdim edərkən 1997-ci ildən kəndli-fermer təsərrüfatının rəhbəri olduğunu bildirmişdi.). O kanal 60-cı illərdən olub.

- Nə qədər xərc çəkmişdiniz?

Kamil Əzizov: Müəllim, bizim özümüzün şəxsi texnikamız olub (?-red.). Kolxozun vəsaiti hesabına çəkdirmişik. Orda 1000 hektardan çox kolxozun suvarılan sahələri olub.

97-ci ildən bu yana o kanallar bərpa olunub. Gedəyin orda hamı sizə deyəcək ki, bu kanallar nə vaxtdan burdadır. Yeni çəkilən kanal yoxdur.

- Muğan çölündəki o fermaların da Tahir Kərimova məxsus olduğu bildirilir...

Kamil Əzizov: Orda düz 28 ferma var... Biri də mənimdi...

Rəşad Cəbrayılov: Tahir Kərimovun adına ferma yoxdur. Müxtəlif fermerlərə məxsusdur.

Qusardakı “Alpin-Qusar”ın sahibi kimdir?

- Qusar rayonunda yerləşən və 2010-cu ildə 2 hektar ərazidə tikilən və təxminən 1 milyon manata başa gələn “Alpin-Qusar” istirahət mərkəzinin, həmçinin 12 hektar alma, 8 hektar üzüm bağının Tahir Kərimova məxsus olduğu haqda məlumatlar var. Bununla bağlı nə deyə bilərsiniz?

Rəşad Cəbrayılov: Tahir Kərimovun adına belə bir istirahət mərkəzi yoxdur. Ordakı bağlar da Tahir Kərimova məxsus deyil.

- Bakı yaxınlığında, Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodunu özəlləşdirən firmanın təsisçiləri kimi Tahir Kərimov və akademik Arif Paşayevin adı çəkilir. Bununla bağlı nə deyə bilərsiniz, həmin zavodun Salyan RİH başçısı Tahir Kərimova aidiyyatı varmı?

Rəşad Cəbrayılov: Tahir Kərimov vaxtilə Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodunun rəhbəri olub. Özəlləşmədən sonra da Tahir Kərimovun orda payı var. Ancaq Tahir Kərimovun adına deyil. Orda Arif müəllimin adının hallandırılması da düzgün deyil. Arif müəllim böyük bir ziyalıdır, Azərbaycanda tanınmış şəxsdir. Onun adını başçı ilə hallandırmaq doğru deyil. Hər hansı bir adam şikayət edəndə bir onu yoxlayın, durub Arif müəllimlə Tahir müəllimi müqayisə edir... Arif müəllim alim adamdır, başçı ilə onun nə münasibəti ola bilər?

- Salyanda rayonun abadlaşdırılması adı altında sahibkarlardan son 3 ildə pul toplanıldığı bildirilir. Bu pullar hansı məqsədlə yığılır?

Rəşad Cəbrayılov: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun abadlaşdırılması üçün pul ayırib. Abadlaşmaya layihə üzrə müəyyən küçələr də düşüb. Ancaq sahibkarlara məxsus obyektləri təmir etməyə nə icra hakimiyyətinin vəsaiti var, nə də ayrılan vəsait o istiqamətdə sərf edilə bilər. Sahibkarlarla söhbət aparılır ki, küçə boyu imkansız ailələrə məxsus evlər dövlət tərəfindən təmir olunur. Siz də müvafiq layihəyə uyğun öz obyektlərinizi təmir edin. İstəyirsən özün elə, istəyirsən tikinti şirkəti tap, hardan gətirirsən gətir, ancaq sənin dükanın abadlaşmalıdır. Çünki rayonun görkəminə, imicinə xələl gətirir. Və buna görə də sahibkarlar öz dükanlarını təmir ediblər. Sahibkarlardan İcra Hakimiyyəti tərəfindən bu günə qədər vəsait toplanmayıb.

Salyanda min hektarlarla ərazini icarəyə götürən xanım kimdir?

İcra başçısının müavini Rəşad Cəbrayılova suallarımızı yekunlaşdırdığımız ərəfədə rayon Torpaq şöbəsinin müdiri Xudaverdi Kərimov gəlib çıxdı. Və bəzi cavabsız qalan suallarımızı ona ünvanladıq. Torpaq şöbəsinin müdiri rayonda dövlət fonduna aid torpaqların uzunmüddətli müqavilə əsasında ayrı-ayrı sakinlərə, eyni zamanda Salyana aidiyyatı olmayan şəxslərə icarəyə verilməsi, bu zaman hər hektara görə 200 AZN tələb olunduğu haqda iddialara münasibət bildirdi. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafik qərarına görə, rayon rəhbərliyi dövlət fonduna aid torpaqların 5%-dən artığını başqa məqsədlər üçün istifadə edə bilməz. Salyanda isə bu torpaqların böyük hissəsinin ayrı-ayrı şəxslərin istifadəsinə verildiyi bildirilir.

Xudaverdi Kərimov: Dövlət fonduna aid torpaqlardan hazırda vətəndaşlar istifadə edir. Fond torpaqlarının 99 faizi ilkin istifadəçilərdədir. Hansı ki, onlara uzunmüddətli icarəyə verilib. İcarə vaxtı bitənlər də gəlir, yeniləyirik. 15 il müddətinə həmin vətəndaşların istifadəsinə verilir. Dövlət fonduna aid torpaqlarda başçıya aid yer yoxdur. Hamısı yerli camaatın istifadəsindədir...

- Hazırda dövlət fonduna aid torpaqların nə qədərindən istifadə edilir?

Xudaverdi Kərimov: Demək olar ki, hamısından. Ancaq əksəriyyəti örüş üçün istifadə edilir. Əkin yeri kimi 3-5 faizindən istifadə olunur.

- Muğan düzündəki torpaqlar dövlət fonduna aidddir, yoxsa fermerlərə?

Xudaverdi Kərimov: Dövlət fonduna aiddir hamısı...

- Bəs orda fermalar tikilib...

Xudaverdi Kərimov: Fermalar əvvəllər - kolxozların dövründə tikilib. Onlar hamısı vətəndaşlar tərəfindən əmlak kimi alınıb, bu gün də istifadə olinur.

- Hazırda Muğan düzündə 40 hektar ərazdə tikilən damba kimə məxsusdur? Və bu damba tikilməsinə necə icazə verilib? Tahir müəllim özü də bildirmişdi ki, MTN-dən göndərilən məktubda dambaların torpağı erroziyaya uğratdığı qeyd olunub...

Xudaverdi Kərimov: Hazırda Salyan rayonu ərazisində heç bir yerdə yeni damba salınmır. Tərəfimizdən nəzarət var buna. Ümumuyyətlə, dambalarla bağlı yoxlamalar keçirmişik. Nazirlər Kabinetinin qərarına əsasən biz yerlərdə torpaqdan təyinatı üzrə istifadəylə bağlı yoxlamalar keçirdik. Dambalar yararsız torpaq sahələrində salınıb. Əlavə damba salınmasına tərəfimizdən rast gəlinməyib. Buna nəzarət olunur...

- Bəs əvvəldən tikilən bəzi dambaların sökülməsi nə ilə bağlı idi?

Xudaverdi Kərimov: Bəzi vətəndaşlar qanunsuz zəbt etdikləri ərazilərdə damba salmışdılar. Onlarla bağlı tədbir görüldü. Hardasa 30 ha ərazidə dambalar söküldü, təyinatı üzrə istifadəyə qaytarıldı. Kənd təssərrüfatı məhsulları istehsalı məqsədilə camaata verildi.

- Başqa rayonlardan olan şəxslərə Salyan torpaqlarının böyük həcmdə uzunmüddətli icarəyə verilməsi halları var. Bu nə ilə bağlıdır?

Xudaverdi Kərimov: Əvvələr olub. Hansı ki, Bakı vətəndaşı olub, başqa rayonlardan olub, gəlib burda icarəyə yer götürüblər. Bir də ki, Nazirlər Kabinetinin qərarı ilə qışlaqlar başqa rayonlara təhkim olunmuşdu - Qusar rayonunun, Qubanın torpaqları vardı. O torpaqlar qaytarildi Salyan rayonuna. Ancaq həmin istifadəçilər durur yerində, biz məcbur olub icarə müddətini artırırıq.

- Məsələn deyirlər, Neftçaladan bir xanım var (Bu xanımın adı bizə məlumdur və deyilənə görə min hektardan artıq ərazi məhz bu xanımın adına sənədləşdirilsə də, əslində torpaqlardan istifadə edən başçıdır-red), Salyanda böyük əraziləri icarəyə götürüb...

Xudaverdi Kərimov: Bəli, var. Əvvəlcədən də olubdu...

- Deyirlər həmin ərazilər əslində Tahir müəllimin istifadəsindədir...

Xudaverdi Kərimov: Xeyr, Tahir müəllimlə bağlı heç bir təsərrüfat yoxdur.

- Salyanda 2 hektar ərazini əhatə edən istixanaların icra başçısı Tahir Kərimova məxsus olduğu deyilir. Bu məlumat həqiqəti əks etdirirmi?

Xudaverdi Kərimov: İstixanalar müxtəlif vətəndaşlara aiddir. Əksəriyyəti özlərinin mülkiyyətində olan torpaqlardadır. Sadəcə, orda kənd təsərrüffatı məhsullarının istehsalı ilə bağlı müraciət edirlər. Müraciətə baxılır, əgər torpaq sahəsi məqsədəuyğundursa, icazələr verilir. Orda pomidor, xiyar və sair məhsullar becərilir. Ancaq rayon rəhbərliyinə aid istixanalar mövcud deyil.

Beləliklə, Salyan İcra Hakimiyyətində araşdırma xarakterli söhbətimizi başa vururuq. Söhbət nə dərəcədə səmimi alınıb, buna qiymət verməyi salyanlıların ixtiyarına buraxırıq.

İ.İsmayılbəyli

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar