HACIBALA ABUTALIBOVA QARŞI ŞOK CİNAYƏT İTTİHAMI - İfşa

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı saxta sənədlə 21 vətəndaşın "kupçalı" torpağını əlindən alır

Son dövrlər ictimaiyyət arasında ciddi narahatlıq yaradan, vətəndaşları dövlətdən narazı salan məsələlərdən biri də ölkədə mülkiyyət hüququnun kobud şəkildə tapdanması hallarının kütləvi xarakter almasıdır. Bəzi vəzifəli şəxslərin qanunları ayaqar altına ataraq öz maraqları namınə vətəndaşların hüquqlarını pozması, səlahiyyətlərindən sui-istifadə edərək insanların özəl mülkiyyətlərinə təcavüz etməsi ölkədə cox geniş sosial narazılıqların baş qaldırmasına səbəb olur.

Təsdüfi deyil ki, Prezident İlham Əliyev son dövrlər kecirdiyi müşavirələrin, çıxış etdiyi toplantıların istisnasız olaraq hamısında məmur özbaşınalığının yolverilməzliyi barədə bəyanatlar verir, bu tələbə əməl etməyənlərə qarşı sərt tədbirləri görəcəyi haqda xəbərdarlıq edir. Son günlər bu xəbərdarlıqlardan nəticə çıxarmayan bəzi məmurların aqibəti də hamıya məlumdur.

Ancaq belə görünür ki, bəzi məmurların “iştahı”, daha çox varlanmaq istəyi onlara Prezidentin tapşırıqlarından nəticə çıxarmağa imkan vermir. Belə məmurlar öz əməllərilə nəinki vətəndaşları dövlətdən narazı salır, onların hakimiyyətə inamını sarsıdir, həm də açıq şəkildə Prezidentə qarşı saymazlıq nümayış etdirirlər. Və təəsüf ki, ölkənin hüquq-mühafizə orqanları, ədaləti bərpa etməli olan məhkəmələr də bəzən bu məmurların əlində vətəndaşları susdurmaq üçün alətə çevrilir. Çox vaxt buna nail də olurlar.

Hacıbala Abutalıbov niyə 21 şəxsin mülkiyyətini “Araz İnşaaat LTD” MMC-yə verir?

Ancaq susmayanlar, haqqını sonadək müdafiə etmək əzmində onlar da tapılır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa müdaxiləsi ilə mülkiyyətləri zorakılıqla əllərindən alınan 21 nəfər Azərbaycan Respublikası vətəndaşı da belələrindədir. Cəfərov Aləmşah Məmmədəli oğlu, Şirinov Aslan Kamil oğlu, Cəlilov Ruslan İzahat oğlu, Əhmədli Ədalət Mikayıl oğlu və dıgərlərinin imzası ilə ölkə mətbuatına, o cümlədən “AzPolitika.info” saytına göndərilən məktubdan məlum olur ki, Hacıbala Abutalıbovun əməlləri barədə ölkə prezidenti İlham Əliyevə və digər aidiyyatı orqanlara da müraciət ünvanlayıblar.

Mediaya göndərilən məktubdan və ona ələvə edilən dövlət qurumları tərəfindən verilmiş sənədlərin surətindən belə məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qanunsuz və saxta sərəncamı ilə 21 şəxsin mülkiyyətində olan 2 hektara yaxın torpaq sahəsinin onların əlindən alınaraq “Araz İnşaaat LTD” MMC-yə verilməsinə cəhd olunur. Hansı ki, bu MMC-nin də Hacıbala Abutalıbovun ailə üzvlərinə məxsus olduğu, daha dəqiqi qardaşının və Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı olduğu bildirilən Rəcəb Hüseynovun şərikli şirkətləri olduğu bildirilir.

Məhz bu səbəbdən də “Araz İnşaaat LTD” MMC qanunsuz və zorakı yollarla 21 şəxsin mülkiyyətində olan torpaq sahəsini faktiki olaraq işğal edib. Hazırda isə H.Abutalıbov və “Araz İnşaat LTD” MMC bu “işğalı” qanuniləşdirmək, vətədaşların mülkiyyət hüququ Daşınmaz əmlakın Reyestrindən çıxarışla tanınmış torpaqlarını zorakı yolla, saxtalığı şübhə doğurmayan bir sənəd əsasında məhkəmələrə təzyiq vasitəsilə əlləridən almaq, özününküləşdirmək istəyir.

Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamındakı 4,2 ha necə 7,3 ha oldu?

Bunun necə həyata keçirilməsi ilə bağlı məktubda bildirilir: “Bakı şəhəri, Zığ bələdiyyəsinin 2002-2004-cü illərdəki sərəncamları ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivinin cənub hissəsində fərdi yaşayış evlərinin tikintisi üçün bizə kiçik ölçülərdə torpaqlar verilmişdir. 2 saylı Bakı İqtisad Məhkəməsinin 03 iyul 2012-ci il tarixli qərarı ilə Zığ bələdiyyəsinin sərəncamları əsasında bizə ayrılmış torpaqların sahəsinin planı və ölçüsünün tərtib edilməsi, habelə həmin sərəncamlar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktların qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə olunmuşdur.

Bundan sonra toplanmış sənədlər tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş, burda rəsmi qeydiyyata alınmış və bizə reyestrdən çıxarışlar verilmişdir.

Lakin rəsmi dövlət sənədi ilə bizim mülkiyyətimiz olduğu təsdiq olunmuş torpaqlarımız üzərində müəyyən işlər görmək istəyərkən, “Araz İnşaat LTD” MMC-nin sahiblərindən biri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rəcəb Hüseynov əraziyə gəlmiş, işçilərimizə və daha sonra mülk sahibləri kimi bizlərə qarşı zorakılıq etmiş, təhqirlər yağdıraraq torpaqların ona məxsus olduğunu bildirmişdir. Əlimizdə mülkiyyət şəhadətnamələri olmasına baxmayaraq, əraziyə gəlmiş Suraxanı rayon Polis İdarəsinin əməkdaşları da onun tərəfini tutaraq bizi ərazidən uzaqlaşdırmışdır.

Bundan sonra “Araz İnşaat LTD” MMC Suraxanı rayon Məhkəməsində iddia qaldıraraq məhkəmə qərarı ilə bizim mülkiyyətimizin üzərində həbs qoydurmuşdur.

Lakin bizim apellyasiya şikayətimiz əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2014-cü il tarixli qərardadını ləğv etmişdir. Hazırda iş Ali Məhkəmədədir”.

Qəribə də olsa məhkəmələrin vətəndaşların qanuni mülkiyətində olan torpaqları əllərindən alaraq onun qardaşının nəzarətində olan şirkətə verməsini təmin etmək üçün Hacıbala Abutalıbov şəxsən özü də bu prosesə qarışıb.

Belə ki, Hacıbala Abutalıbov şəxsən Zığ bələdiyyəsinin sərəncamlarının ləğv olunması üçün məhkəmə iddiası qaldırıb və işə baxan hakimlərə təzyiq edərək məqsədinə nail olmaq istəyir.

Ancaq daha qəribəsi və təəcüblüsü odur ki, Hacıbala Abutalıbov vətəndaşların mülkiyyətini əllərindən almaq və qardaşının şirkətinə vermək üçün DÖVLƏT SƏNƏDİNİ SAXTALAŞDIRMAQDAN, yəni açıq-aşkar CİNAYƏTƏ yol verməkdən də çəkinməyib.

Bununla bağlı saytımıza təqdim olunan sənədlərdən və məhkəmə qətnamələrindən məlum olur ki, Hacıbala Abutalıbovun əməllərində Respublika Prokurorluğu tərəfindən dərhal araşdırılmalı olan cinayət tərkibi var. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yaşayış binalarının tikintisi üçün 4.2 ha torpaq sahəsi icarə əsasında “Araz İnşaat LTD” MMC-nin istifadəsinə verilmişdir. Bu torpaq Zığ bələdiyyəsinin sərəncamları əsasında şikayətçilərə verilmiş torpaqlarla qonşu ərazidə yerləşir. Lakin 2013-cü ildə ortaya belə bir sənəd çıxarılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 517 saylı, 30.12.2010-cu il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd etdiyimiz 126 saylı, 20.05.2005-ci il tarixli sərəncamına qismən dəyişiklik edilərək, ayrılmış TORPAQ SAHƏSİNİN MÖVCUD ÖLÇÜLƏRİ DƏQİQLƏŞDİRİLƏRƏK, 7.3 ha müəyyən edilmişdir.

Və beləliklə də bu sərəncamla əllərində rəsmi mülkiyyət sənədləri olmasına baxmayaraq, 21 vətəndaşın torpaqları da qarışıq əlavə 3 hektar “Araz İnşaat LTD” MMC-yə, yəni Hacıbala Abutalıbovun yaxınlarına məxsus şirkətə verilmişdir.

Hacıbala Abutalıbovun sərəncamının saxtalığı necə ifşa olundu?

Lakin maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bu sərəncamı 2010-2013-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Daşınmaz Əmlakın reyestrində qeydiyyata alınmamışdır. Bunu həmin dövlət qurumları rəsmi sənədlərlə təsdiq etmişlər.

Bu faktlar Hacıbala Abutalıbovun sonradan ortaya çıxan cərəncamının qanuniliyini şübhə altına alır və onun saxta olduğunu söyləməyə əsas verir.

Maraqlı faktlardan biri də odur ki, “Araz İnşaat LTD” MMC 2005-ci ildə ona ayrılmış 4.2 ha torpaq üzərində icarə müqaviləsində nəzərdə tutulmuş işləri görməyib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetiməyib, hətta torpağın icarəsinə görə dövlətin vergisini ödəməkdən belə yayınıb. Bunu 2011-ci ildə Vergilər Nazirliyinin MMC-ni məhkəməyə verərək qalib gəlməsi fakti da təsdiqləyir.

Bu halda H.Abutalıbov yaşayış binalarının tikintisi üçün “Araz İnşaat LTD” MMC-yə icarəyə verdiyi 4.2 ha torpaq sahəsini geri almaq əvəzinə, “DƏQİQLƏŞDİRMƏ” apararaq bu MMC-yə əlavə olaraq 3 hektardan artıq torpaq vermişdir! Hansı ki, bu torpaq da onlarla vətəndaşın şəxsi mülkiyyətində olub.

Bu zaman H.Abutalıbovun hansı qanun və məntiqlə hərəkət etdiyini müəyyən etmək mümkün deyil.

Elə vətəndaşların məktubunda da ölkə prezidentindən və aidiyyatı dövlət qurumlarından bu məqama diqqət yetirilməsi xahiş olunur: “Bizlərin əlində Azərbaycan dövləti adından verilmiş mülkiyyət sənədləri, qarşı tərəfin əlində isə Dövlət Torpaq və Xəritəçəkmə və Əmlak Komitələri tərəfindən təsdiqlənməyən, bunlarda qeydə alınmayan saxta bir sərəncam var. Lakin Hacıbala Abutalıbov Azərbaycan dövləti adından verilmiş sənədlərə məhəl qoymayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edir, yüksək rütbəli dövlət məmuru olduğunu unudaraq öz yaxınlarının vəkilinə çevrilir, əlaqədar digər dövlət orqanlarında qeydiyyata alınmamış saxta sərəncamla 21 nəfər Azərbaycan vətəndaşının qanuni sənədli mülkiyyətini zorla onların əlindən almağa cəhd edir”.

Abutalibovun adından təhdid: “Şikayətlərinizdən əl çəkməsəniz özünüzü və ailə üzvlərinizi faciə gözləyir”

Məktubdan o da məlum olur ki, bəzi HAKİMLƏR də H.Abutalıbovun açıq cinayət xarakterli bu əməlinə ortaq olublar. Sitat : “H.Abutalıbov isə qulluq mövqeyindən sui-istifadə edərək Azərbaycan məhkəmələrinə təzyiq edir ki, mübahisə onun qardaşının şirkətinin xeyrinə yekunlaşsın. Bu təzyiqə dözməyən Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədov tamamilə qanunsuz bir qərar vermişdir.

BŞİH-in hüquqşünasi Cəlal Bağırov məhkəmə zalında bizə bildirdi ki, “özünüzü yormayın, kiminlə döyüşdüyünüzü bilmirsiniz. Əgər siz bu şikayətlərinizdən əl çəkməsəniz özünüzü və ailə üzvlərinizi faciə gözləyir”. Daha sonra isə müxtəlif şəxslərin adını hallandırır ki, Hacıbala Abutalıbovun arxasında onlar dururlar”.

Məktubdan o da məlum olur ki, Hacıbala Abutalıbov hərəkətlərinin qanunsuz olduğunu bildiyindən, məhkəmələri qeyri-qanuni qərarlar çıxarmağa təhrik etmək üçün işə başqa səlahiyyət sahiblərini də qoşub: “H.Abutalıbovla yanaşı onun qardaşının kürəkəni Vüqar Seyidov da bu məsələdə yerli polisə və məhkəməyə, eyni zamanda Suraxanı İcra Hakimiyyətinə təzyiq yolunu tutmuşdur. Təsadüfi deyil ki, Suraxanı İcra Hakimiyyəti 4 aydan artıq müddətdə heç bir səbəb göstərmədən bizim tikinti layihələrimizi təsdiq etməkdən imtina etmişdir.”

Ümidlərini prezidentə bağlayan vətəndaşlar Hacıbala Abutalıbovun əməllərinə son veriləcəyinə inamlarını ifadə etməklə yanaşı, mediadan faktın üzərinə getməyi xahiş edirlər: “Bir məmurun iradəsi 21 vətəndaşa dövlət adından verilmiş mülkiyyət sənədindən, məhkəmələrdən, qanunlardan, Konstitusiyadan, nəhayətdə bunların hamısının sahibi olan DÖVLƏTİN iradəsindən üstün ola bilərmi? Hacıbala Abutalıbov özünü bütün bunların fövqündə tutaraq dövlət mülkiyyəti olan hektarlarla torpağı öz ailə üzvlərinin şirkətinə verməklə kifayətlənmir, bizim mülkiyyət hüququmuzu da tapdayaraq keçmək istəyir.

Lakin biz bütün varlığımızla inanırıq ki, məhkəmələr Hacıbala Abutalıbovun təzyiqlərinə dözməsələr də, ölkə prezidenti, cənab İlham Əliyev bu ədalətsizliyə imkan verməyəcək!

Mediadan bizim səsimizi ona catdırmağı, Prezidentdən isə bu işi öz nəzarətinə götürməsini xahiş edirik”

Qeyd edək ki, may ayının 2-də bu mübahisəyə Ali Məhkəmədə baxılacaqdır. Ali Məhkəmənin Hacıbala Abutalıbovun saxta sərəncamını əsas götürərək vətədaşların qanuni mülkiyyətini əlindən alacağına inanmasaq da, bu işin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması vacibdir. Çünki ortada konkret cinayət və bundan əziyyət çəkən insanlar var.

Bizə təqdim olunmuş çoxsaylı sənədlər əsasında faktla bağlı araşdırmalarınızı davam etdirəcəyik.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar