SİLAHLI QÜVVƏLƏR DAXİLİNDƏ «MÜHARİBƏ» TƏBLİĞATI- Özəl

Səfər Əbiyev zabitlər arasında « hakimiyyət dəyişərsə, müharibə başlayacaq» təbliğatı aparanları hərbi hissələrə buraxmamağı tapşırıb

Azərbaycan hakimiyyətinin son illər özünün təbliğatında yararlandığı əsas tezislərdən biri də ölkədə Qarabağ problemini güc yolu ilə həll etməyə qadir olan ordunun formalaşdırılmasıdır. İqtidar təmsilçiləri yeri gəldi-gəlmədi, ordumuzun «lazım gəldiyi anda» Qarabağı və ətraf rayonları işğaldan azad etməyə hazır olduğunu bəyan edirlər.

Hər il büdcədən müdafiə sektoruna milyardlarla manatın ayrılması da silahlı qüvvələrimizi müharibəyə tam hazırlamaq niyyəti ilə əlaqələndirilir. Bu milyardların nə qədərinin təyinatı üzrə xərcləndiyini söyləmək çətin olsa da, mövcud hakimiyyətin torpaqları işğaldan azad etmək üçün həmin silahlardan istifadə etmək niyyətində olması şübhə doğurur. Hər halda hazırda hakimiyyət təmsilçiləri tərəfindən bəzi ordu hissələrində aparılan təbliğatla bağlı «AzRolitika.info»ya daxil olan məlumatlar belə söyləməyə əsas verir.

Məlumatda iddia edilir ki, bəzi ordu hissələrinə ezam olunan və zabitlərlə söhbət edən hakimiyyət emissarları hərbiçiləri hakimiyyətin dəyişəcəyi halda müharibənin başlayacağı ilə qorxutmağa cəhd edirlər. Bildirilir ki, yeni hakimiyyət özünü göstərmək üçün Qarabağı və ətraf rayonları müharibə yolu ilə işğaldan azad etməyə cəhd edəcək. Ancaq ermənilərin arxasında Rusiya durduğundan, bu cəhd böyük itkilərə gətirib çıxara bilər.

Yeri gəlmişkən, prezidentliyə namizədliyi qeydə alınan bəzi «müxalifət» namizədlərinin televiziya çıxışlarında müharibəyə çağırışların da arxasında orduda aparılan bu təbliğata zabitləri inandırmaq cəhdlərinin dayandığı ehtimal edilir. Bu «müxalifətçilərin» çıxışları ilə siyasi prosesləri izləmək imkanından məhrum olan zabitlərdə belə təsəvvür yaradılmağa çalışılır ki, hakimiyyət dəyişən kimi müharibə başlayacaq.

Mənbənin sözlərinə görə, emissarlar indiki hakimiyyətin qalacağı halda torpaqları dinc yolla qaytarılacağını bildirərək, zabitlərdən özləri ilə bərabər yaxınlarının və tabeçiliklərində olan əsgərlərin də İlham Əliyevin yenidən prezident seçilməsinə çalışmalarını tələb edirlər.

Maraqlıdır ki, bu cür təbliğatın cəbhənin ön xəttində yer alan hərbi hissələrdə deyil, əsasən arxada qərarlaşan silahlı qüvvələr daxilində aparıldığı vurğulanır. Xüsusən, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin zabitləri ilə bu istiqamətdə cddi iş getdiyi bildirilir.

Mənbə bunun bir səbəbini Milli Ordudakı, xüsusən cəbhə xəttində xidmət edən zabitləri belə təbliğatla inandırmağın perspektivsizliyinə bağlayır. Neçə illərdir düşmənlə üzbəüz dayanan zabitləri müharibə ilə qorxutmağın mümkünsüzlüyünü anlayırlar.

Digər bir səbəb kimi isə, nə qədər ilginc olsa da, müdafiə naziri Səfər Əbiyevin bu cür təbliğata qarşı olması göstərilir. Belə ki, Səfər Əbiyevin ordu daxilində belə təbliğatın yolverilməz olduğu, zərərli nəticələr verə biləcəyini söylədiyi, hətta bu fikirdə olanları hərbi hissələrə buraxmamağı tapşırdığı vurğulanır.

Bu fakt eyni zamanda belə zərərli təbliğatın arxasında ölkə başçısı İlham Əliyevin iradəsinin dayanmadığını söyləməyə əsas verir. Görünür kimlərsə İlham Əliyevin yenidən prezident olmasını onun özündən daha çox istəyir.

Mövzunu diqqətdə saxlayağıq.

Murad Məmmədov

AzPolitika. info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar