MOBİL TELEFON BİZNESİNİ KİM MƏHV EDİR? – 3 böyük inhisarçı şirkətin sahibi eyni adamdır!

Mobil telefon bazarındakı inhisarçılıq və vergi yükü bu sahədə çalışan minlərlə insanı çörəksiz qoyur

Ölkə başçısının kiçik biznes və ümumilikdə biznesin inkişafı, bu sahəyə qayğı ilə baglı tapşırıq və göstərişləri ayrı-ayrı nazirlik və məmurlar tərəfindən icra olunmamaqdadır. Əksinə, bu göstərişlərin əksini gerçəkləşdirmək üçün hər şey edilir. Belə sahələrdən biri də mobil telefon bazarıdır. Son 1 ildə bu sahədə inhisarçılıq o qədər güclənib ki, bu sferada çalışanların öz bizneslərini qapadıb qaçmaqdan başqa çıxış yolu qalmayıb. Burada həmin sahibkarların çiyninə qoyulan ağır vergi yükü də mühüm rol oynayır. Belə ki, sahibkarlardan “partnyorluq sazişi” adı altında real qazancları ilə tərs mütənasiblik təşkil edən elə məbləğlər tələb olunur ki, bunu ödəmək imkan xaricindədir. Özü də vergi orqanlarında yaşanan bu tendensiya təkcə mobil telefon bazarı deyil, digər sahələrdə də müşahidə olunur və çox ciddi iqtisadi, hətta ictimai fəsadlar törədə biləcək səviyyəyə çatıb.

Əvvəlcə onu qeyd edək ki, Azərbaycana mobil telefon idxal edən və bu sahəni əldə saxlayan əsas şirkətlər “Mobitel”, “İnteqral” və “Kaspian”dır ki, bunların da hər 3-nün eyni adama məxsus olduğu deyilir. Ancaq bu, başqa söhbətin mövzusudur. Əsas məsələ odur ki, kimin əlində olmasından asılı olmayaraq, bu sahədəki inhisarçılıq kiçik magazaları olan və özü ilə bərabər 3-5 işçinin də ailəsinə çörək aparmasına şərait yaradan iş adamları çıxılmaz vəziyyətə salınib. Belələrinin minlərlə olduğunu, işçiləri ilə birgə isə 10 minlər təşkil etdiyini unutmayaq.

Artıq 1 ildən çoxdur ki, Azərbaycana ayrı-ayrı iş adamları müstəqil şəkildə telefon idxal edərək satmaq imkanından məhrum olunub. Səbəb də ki, məlumdur – monopolist! Ona görə də bütün pərakəndə satış mağazaları telefonları eyni yerdən və eyni qiymətə almağa məcburdur. Ancaq məsələ ondadır ki, bu vəziyyətdə udan bir yanda idxalda inhisarçılığı ələ alan tərəf, digər yanda isə pərakəndə satışla məşğul iri magazalar şəbəkəsi olan “WORLD TELEKOM” , NLT və bu kimi digər şirkətlərdir. Belə ki, topdan satışla məşğul olan inhisarçı həmin magazalar şəbəkələrinə kiçik sahibkarlardan daha sərfəli bonus, qiymət vəs. güzəştlər verir. Nəticədə uduzan və sıradan çıxan xırda sahibkarlar və onların biznesidir. Ancaq uduzan yalnız onlar deyil, həm də rəqabət mühiti dağıdıldığından baha qiymətə telefon almaga məcbur edilən istehlakçılarımız, iş yerini itirən satıcı və menecerlərdir. Həmçinin, yeni işsizlər ordusunun yaranması, vergi tutma bazasının məhdudlaşması və ən əsası, ölkə başçısı səviyyəsində qoyulan tələblərə riayət olunmamaqla, hakimiyyətin etibarının zədələnməsi də unudulmamalıdır.

Bir sözlə, daha bir kiçik biznes sahəsi inhisarçılıq və vergi boyunduruğu altında əzilərək məhv edilməkdədir. Və hökumət bunun qarşısını almasa işsizlər və narazılar ordusunun sırası biraz da genişlənəcək...

CƏLAL

“Azpolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar