“ELMİ KƏŞFLƏRİMİN ƏSAS MƏNBƏYİ QURANDIR...” - "Biliyi ayələrdən götürmüşəm" (Müsahibə - II HİSSƏ)

"Nyuton və Keplerdən sonra mən kainatın üçüncü qanununu kəşf etmişəm"

"Bu nəzəriyyələrimin gec-tez Azərbaycana Nobel gətirəcəyinə şübhə emirəm"

Azərbaycanda son illər elmə münasibətin yüksək səviyyədə olmadığı heç kimə sirr deyil. Söhbət yalnız hökumətin elmin inkişafına lazımı diqqət yetirməməsindən, bu sahəyə ayrılan vəsaitlərin büdcənin “küncündə” yer almasından, cox aşağı səviyyədə olmasınadan gətmir. Razılaşaq ki, cəmiyyətimizin elmə, elm adamlarına baxışı da heç də ürəkaçan deyil. Acı bir həqiqətdir ki, cəmiyyətin böyük kəsimi bu gün adi toy müğənnisinə, bazar alverçisinə belə ömrünü elmi araşdırmalara, tədqiqatlara verən alimlərdən, bilim adamlarından daha çox diqqət yetirir, hörmət göstərir. Təbii ki, bu cür münasibət elm ictimaiyyətinə də təsirsiz ötüşmür. Bu üzdəndir ki, alimlərimizin bir qismi bu gün elmlə deyil, elmin parodiyası ilə məşğul olurlar. Digər qismi də ya pulsuzluqdan, şəraitsizlikdən apardığı tədqiqatları başa catdıra bilmir, ya da xaricdə işləməyə üz tuturlar. Nəticədə Azərbaycan elmi fundamental tədqiqatlardan uzaq düşür, dünya elminə töhfə verəcək elmi əsərlər, kəşflər ortaya çıxarmaqda çətinlik çəkir. Bəlkə də buna görədir ki, bu gün ictimaiyyətin böyük kəsimi ya Azərbaycanda kiminsə Nobel mükafatına layıq əsərlər, kəşflər ortaya çıxarmasına inanmır, ya da ümumiyyətlə bunun nə qədər ciddi bir hadisə olduğunu anlamır.

Elə nəzəriyyəsi Nobel mükafatının son mərhələsinə qədər irəliləyən Sərdar Cəlaloğluna münasibət də bunun göstəricisi oldu. Ölkədə siyasi partiya rəhbəri kimi (ADP sədri) tanınan Sərdar Cəlaloğlunun yeni nəzəriyyəsinin Nobel Komitəsində gizli səsverməyə çıxarılmasına nəinki geniş ictimaiyyət, hətta elm cameəsi belə laqeyd münasibət göstərdi. S.Cəlaloğlu “AzPolitika”ya geniş müsahibəsində bu məsələlər barəsində danışıb.

(

- Belə iddialar da var ki, fizika ilə, kosmosla bağlı laboratoriya, kosmosu müşahidə aparmaq üçün müvafiq avadanlıqlar olmadan necə nəsə kəşf etmək olar? Həm də buna böyük vəsait sərf olunmalıdı...

- Bu da səhv yanaşmadır. Nəzəriyyə yaratmaq üçün laboratoriya lazım olmur. Hansısa sahədə yeni qanun irəli sürmək yalnız böyük vəsaitlər hesabına başa gəlmir. Nyutona kimsə pul verib? Və ya Arximed qanunu kəşf edəndə laboratoriyası olub? Ən böyük fizika qanunlarının kəşfi üçün laboratoriyaya ehtiyac olmayıb. Sadəcə müşahidələr, elmi təfəkkür olub, mən də müşahidələr aparmışam. Ümumiyətlə, nəticələr təcrübədən əldə edilir, yeni elmi nəzəriyyələr isə səbəblərdən əldə olunur. Təcrübə səbəb deyil, nəticədi. Məntiqdə də var. Xüsusidən ümumiyə, ümumidən xüsusiyə. Bugünkü dünyəvi elmlər, sizin dediyiniz laboratoriya elmləri xüsusidən ümumiyə istiqamətlənib. Mən fəlsəfə ilə məşğulam. Ona görə də, ən ümumi qanuni hadisələrdən, idrak hadisələrindən gəlib xüsusini tapa bilirəm. Bunu üçün də laboratoriya lazım deyil. Yəni bir var təcrübəyə əsaslanan empirik elmlər, bir də var nəzəri elmlər. Nəzəri elmlərin mənası budur ki, beyindən çıxan elm. Mən yazmamışam ki, hansısa maddə kəşf eləmişəm. Yazmışam ki, kosmik dəyişmələr haqqında nəzəriyyə vermişəm. Laboratoriya nəzər verir adama? Bəzi nəzəriyyələrin praktikada sübutu var. Mənim nəzəriyyələrimin təsdiqi təcrübədən əldə edilmiş məlumatlardı. Mənim laboratoriyam beynimdəki fikirlərimdi. Kosmosla bağlı mülahizələr, tutaq ki, ulduzların arasını ölçmürük ki, bunlar hamısı nəzəri hesablamalardı. Ulduzların əmələ gəlməsi, məhv olması, bunlar hamısı nəzəridir. Mən də nəzəriyyə vermişəm və həmin nəzəriyyə də demək olar ki, alimlər tərəfindən qəbul olunub.

- Nobel mükafatı üçün təqdim etdiyiniz nəzəriyyənin mahiyyəti nədir? Qısa şəkildə izah edə bilərsinizmi?

- Kosmosun quruluşu ilə bağlı iki nəzəriyyə var. Biri Kepler tərəfindən irəli sürülüb. Keplerin nəzəriyyəsində 3 qanun mövcuddur. 1-si budur ki, hər bir göy cismi bəlli bir trayektoriya üzrə hərəkət edir. Həmin trayektoriya isə göy cisminin çəkisi ilə bağlıdır. Çəkisi böyük olan daha böyük trayektoriya ilə hərəkət edir. 2-ci kəşfi Sahə qanunudur ki, bu qanuna görə, hər bir göy cismi müəyyən bir trayektoriya ilə hərəkət edərkən bəlli bir sahə yaradır və buna cazibə sahəsi deyirlər. 3-sü Harmoniya qanunudur: müxtəlif trayektoriya üzrə hərəkət edən göy cismləri bir-birinə mane olmur.

Kosmosun quruluşu ilə bağlı ikinci nəzəriyyə Nyutonun Ümumdünya Cazibə qanunudur. Nyutona görə, kainatın harmoniyasının səbəbi Ümumdünya Cazibə qanunudur. Yəni ayrı-ayrı orbitlərdə hərəkət edən göy cismləri cəzbetmə gücüylə bir-birini tənzimləyir. Bu da kainatın dayanıqlığını və kainatda baş verən təkrarlanma hadisələrinin əsasını təşkil edir.

Bundan çox əvvəllər - eramızdan 4 min il əvvəl isə Heraklit demişdi ki, kainatda hər şey dəyişilir. Ancaq indiyə qədər heç bir alim bu dəyişikliyin səbəbini izah etməyib. Axı kainat necə və nə səbəbə görə dəyişilir? Bax mən də bunu kəşf etmişəm. Yəni, Nyuton və Kepler kainatda təkrarlanma qanunlarını kəşf ediblər, mən isə kainatda dəyişilmələrlə bağlı qanunu. Ona görə də nəzəriyyəmin adı “Kosmik dəyişilmələr haqqında nəzəriyyə" adlanır. Son 10 ildə aparılan araşdırmalar sübut edib ki, kainatda bir genişlənmə prosesi gedir. Amma heç kim təhlil etmir ki, genişlənmə ümumi sistemlər üzrədir, yoxsa sistemlər arasındadır. Günəş sistemindəki dayanıqlıq göstərir ki, bu proses sistemlər arasında gedir. Sistemin daxilində isə heç bir genişlənmə yoxdur. Əgər sistemlər arasında genişlənmə baş verirsə, onda onlar arasındakı cazibə qüvvəsi də azalmalıdır. Çünki məsafə ilə cazibə qüvvəsi bir-birinə tərs mütənasibdir. Sistemlərarası cazibə qüvvəsi azaldıqca, sistemlərdaxili cazibə qüvvəsi artmalıdır. Bu zaman isə sistemin dayanıqlığı pozulmalıdır. Amma biz görürük ki, sistem dayanıqlıdır. Nyutonun Ümumdünya Cazibə qanununa görə, əgər həm cismlərin cazibə qüvvəsi, həm də orbitdəki hərəkəti sabitdirsə, onların kütləsi azalmalıdır. Göy cismlərinin kütləsinin azalması onların ölçülərinin kiçilməsi deməkdir. Ümumiyyətlə, tədqiqatlar göstərir ki, yalnız göy cismləri deyil, kainatda nə mövcuddursa kiçilir. O cümlədən yerin ölçüləri, hətta günün uzunluğu belə. Bütün canlıların boyu qısalır, vaxtilə mövcud olan nəhəng heyvanların, bitkilərin yerini onlardan qat-qat kiçikləri tutur. Dağlarda da getdikcə kiçilmə, dağılma baş verir. Mənim nəzəriyyəm həm də bu kiçilmənin elmi izahını verir. Eyni zamanda nəzəriyyəm Günəşin niyə partlamasına, Yerdə niyə zəlzələlər, vulkanlar olmasına aydınlıq gətirir. Bəzi göy cismləri (astroid kimi) necə meydana gəlir? Niyə yerdə qeyri-texniki səbəblərdən aeroqəzalar olur? Bermud üçbucağında nə baş verir, dağlar, bitkilər, canlılar getdikcə niyə kiçilir və s. kimi suallar mənim nəzəriyyəmin tədqiqat sahəsinə daxildir.

- Maraqlıdır, niyə kiçilir?

- Mən kainatın getdikcə kiçilməsinin səbəblərini araşdırmışam. Göstərmişəm ki, göy cismlərinin kütləsinin azalması cismlərin tərkibindən nəyinsə əskilməsindən asılıdır. Məsələn, Günəş kimi plazma öz kütləsini enerji şəklində itirir. Yer kimi nüvəsi plazma, kənarı bərk cismlər əvvəl vulkan püskürməsi, sonra zəlzələ baş verməsi ilə ölçüsünü kiçildir. Soyuq ulduzdursa, yəni nüvəsində plazma yoxdursa, məcburdur ki, parçalansın, özündən bir hissə ayrılsın, asteroid kimi qəlpələnsin və beləcə əvvəlki sabitliyi qorusun. Bu sabitləşdirici bir qanundur. Qısa şəkildə belə deyə bilərik: Nyuton və Keplerdən sonra mən kainatın üçüncü qanununu kəşf etmişəm. Bu, kainatdakı dəyişilmələrın hansı qanunauyğunluqlara tabe olduğu barədədir. Və bunu elmi-nəzəri şəkildə ortaya qoymuşam.

- Yəni Siz vulkan, zəlzələ kimi hadisələrin səbəbinin yerlə bağlı olmadığını, kosmik dəyişiklərlə bağlı olduğu fikrini irəli sürüsüz?

- Bəli. Mən bu hadisələrin və başqa proseslərin səbəblərini nəzəri olaraq izah eləmişəm. Biriləri də buna görə yazır ki, əgər Sərdar Cəlaloğlunun dediyi düzdürsə, desin ki, vulkan nə vaxt püskürəcək. Bu artıq qeyri-cidi yanaşmadır. Ya da elmin, nəzəriyyənin nə olduğunu bilməmək deməkdi . Sən mənə kainatın genişlənməsini dəqiq şəkildə ölçülərini ver, mən zəlzələnin saat neçədə olacağını deyim. Məgər Nyuton gedib ölçmüşdü ki, Günəşlə Yerin arasında məsafə nə qədərdi, cazibə qüvvəsi var, ya yox? Sadəcə ümumi şəkildə deyir ki, bu bundan asılıdır. Bəzi elmi biliklər var ki, onlar nəticədən alındığına görə nəticənin üzərində işləməlisən. Ya da modelləşmə aparmalısan. Mən nəzəriyyə irəli sürmüşəm, bunun üzərində işlənilərsə, praktiki əhəmiyyəti olan cox ciddi nəticələr əldə olunar.

- Nəzəriyyənizin praktiki əhəmiyyəti nədən ibarətdir?

- Bu nəzəriyyə indiyədək elmin izah edə bilmədiyi bir çox məsələlərə aydınlıq gətirir. Əlbəttə, insan kainatda baş verən dəyişikliklərin qarşısını ala bilməz. Ancaq bu dəyişiklikləri öyrənməklə, bəşəriyyətin ziyan çəkdiyi bir çox hadisələrin nə zaman baş verməsini əvvəlcədən proqnozlaşdrmaq olar. Zəlzələlər, vulkanlar, günəşdə partlayışlar olur, yerdə bioloji aktivlik dəyişilir və sair. Bunların təsirlərini qabaqcadan proqnozlaşdırmaqla, öyrənməklə tədbir görmək, ciddi ziyanlardan, kütləvi ölümlərdən qaçmaq olar. Mənim nəzəriyyəm bunu müəyyənləşdirməyin yolunu göstərir. Və yaxud da yerin istilik balansının dəyişilməsinin, buzlaqların əriməsinin və sair səblərini izah edir.

Həmçinin neçə illərdir mübahisə gedir, “Bermud üçbucağı”ndakı hadisələr niyə baş verir. Qəflətən baş verən təyyarə qəzalarının səbəbləri qaranlıq qalır. Mənim nəzəriyyəm bunların izahını tapmağa imkan verir.

Digər bir praktiki əhəmiyyəti bioloji aləmdə baş verən dəyişikliklərin öyrənilməsi ilə bağlıdır. Qeyd etdiyim kimi, bu gün həm bitkilərin aləmi, həm canlıların, o cümlədən insanların ölçüləri kiçilir. Eyni zamanda dağlarda getdikcə kiçilmə-dağılma baş verir. Bunun öyrənilməsinin çox ciddi elmi əhəmiyyəti var. Bu dağların kiçilməsi nəticəsində bitki aləminin yayılması məhdudlaşmağa başlayıb. Bunun əsasında insanların da, heyvanların da yaşam sahəsi getdikcə daralmağa başlayıb.

Başqa bir əhəmiyyəti bu gün çox geniş müzakirə olunan kürəsəl istiləşmənin səbəbləri ilə bağlıdır. Alimlərin hamısının diqqəti havanın çirklənməsindədir. Amma kürəsəl istiləşmənin baza səbəblərindən biri yerin ölçülərinin kiçilməsidir. Yerin ölçülərinin kiçilməsi nəticəsində meridianlar kiçilir. Onda yerin istilik balansı şimala doğru hərəkət edəcək. Bunun nəticəsində buzlaqlar əriyəcək, içməli su ehtiyatı azalacaq, təbii fəlakətlər artacaq. Yəni, mən kürəsəl istiləşmənin kosmik dəyişiklərlə, yerin ölçülərinin kiçilməsilə bağlı olduğunu sübut etmişəm. İndiyədək bu fikri heç kəs verməyib. Mənim nəzəriyyəm imkan verir ki, insanlar bu dəyişikliklərə, necə deyərlər, hazırlaşsın. Bunun üçün bizə təbii ki, bəzi ciddi astronomik ölçmələr aparmaq lazımdır. Məsələn, biz deyirik kainat genişlənir. Genişlənmənin intensivliyi, xarakteri öyrənilməlidir. Gələcəkdə riyazi modelləşdirmə mümkün olsa, bunun əsasında qapalı sistemlərdə kiçilmələrin gedişatını riyazi modelləşdirə bilsək, biz çox dəqiq şəkildə zəlzələnin də, vulkanın da nə vaxt, harda baş verəcəyini müəyyən edə bilərik...

- Yəni sizin fikrinizcə bunu modelləşdirmək olar?

- Siz kosmosda baş verən bir dəyişilməninin dinamikasını dəqiq müəyyən edərsinizsə, onda bunu modelləşdirmək problem olmayacaq.

- Sizcə, bu dəyişilmənin dinamikası sabitdir? Düşünürsünüz ki, dəyişilmənin sürətində bir qanunauyğunluq var?

- Dəyişilmə müxtəlif sürətlərdə ola bilməz. Bunun üçün o dəyişilməni zəruri edən paradiqmalar dəyişilməlidir. Biz bilirik ki, Quranda da deyir ki, Yerdə hər şeyi nəsə hərəkət elətdirir. Bəs ulduzları nə hərəkət elətdirir? Hərəkətverici qüvvə nədir? Məsələn, Günəşi hərəkətə gətirən nədir? Bunun haqqında düşünürsən?

- Mən Allaha inanıram və ona görə də İlahi qüvvə deyirəm...

- Ay sağ ol, İlahi qüvvə. O qüvvə stabil qüvvədir. Bir mənbədən olduğuna görə, başqa bir qüvvənin ona təsir etmək imkanı yoxdur. Yəni kainatın genişlənməsi də sabit hadisədir, kainatda baş verən hadisələr də sabit hadisələrdir. Ümumiyyətlə, kainatda 2 cür hadisə var: təkrarlanan hadisələr və bir də dəyişilən hadisələr. Dəyişilmə və təkrarlanma. Kainatın genişlənməsi təkrarlanmadır. Bir də var dəyişilmələr. Təkrarlanmalar dəyişən hadisələrin səbəbi kimi çıxış edir. Dəyişilmə nəticədi. Yəni kosmosda gedən proseslər sabitdir. Bu proseslər nəticəsində yerdə dəyişikliklər baş verir. Bu dəyişilmələrdə biz həmin sabit prosesləri öyrənməklə hesablaya bilərik. Sadəcə bunun üçün daha nəhəng elmi tədqiqatlar lazımdır. Kosmosun genişlənməsi ilə bağlı mülahizələr yenidir. Gələcəkdə dəqiq müəyyənləşdirəcəklər ki, bu genişlənmənin intensivliyi necədir, perspektivi necədir və s. Bunlar artıq riyaziyyatçıların, riyazi modelləşdirmə ilə məşğul olanların işidir. Əminəm ki, bu cür hesablamalar aparmaqla, zəlzələlərin də, vulkanların da, günəş partlayışlarının zamanı və yerini proqnozlaşdırmaq mümkün olacaq.

- Sərdar bəy, Sizin bu nəzəriyyələri yaratmaqda əsas mənbə nə olub?

- Qurani-Kərim. Biliyi Qurandan almışam, ayələrdən götürmüşəm. Sonra ayə əsasında düşünməyə başlamışam. Və ayın yerə təsiri, dənizlərin qabarması-çəkilməsi hadisəsindən yola çıxaraq bütünlükdə kosmosda dəyişikliklərin səbəbini özüm üçün aşkarlamışam, onu qanun şəklinə, düstur şəklinə salmışam və hazırlayıb Nobel Komitəsinə göndərmişəm, vəssalam.

Bir var təcrübə. Təcrübə dediyim kimi son nəticələr haqqındadı. Bir də ali başlanğıc. Ali başlanğıc təcrübədə dərk olunan deyil. Ali başlanğıcla bağlı biliklər Qurandadı, Tövratdadı, İncildədi. Mənim 2 nəzəriyyəm Qurandan, biri Tövratdan götürülüb. Tövratdan əldə etdiyim biliklərlə üzvi maddənin əmələ gəlməsi ilə bağlı nəzəriyyəni müəyyənləşdirmişəm. Kosmik dəyişikliklərlə bağlı və Mütləq Nisbilik nəzəriyyəsini Qurandan əldə etdiyim biliklər əsasında hazırlamışam.

- Nəzəriyyənizlə bağlı Azərbaycanda münasibət ürəkaçan olmadı. Gələcəkdə bunula bağlı nə fikirləşirsiniz?

- Mən nə qədər etinasızlıq, nə qədər mənəvi terror olur-olsun, Allahın mənə verdiyi biliyi çatdırmaq istiqamətində fəaliyyətimi davam etdirəcəyəm. Bunu özümə bir borc bilirəm. Artıq iki nəzəriyyəm Ümumdünya Bilik Bankına daxil olub. Bir nəzəriyyəmi Nobel Komitəsi də mənim işim kimi qəbul edib və müzakirəyə çıxarıb. Minlərlə alimin ekspertizasından keçib. Bu mənim nəzəriyyələrimə dünyanın tanınmış alimlərinin nə qədər böyük önəm verdiyini göstərir. Əminəm ki, yaxın gələcəkdə bu nəzəriyyələrimə görə Nobel mükafatını da əldə edəcəyəm. Çünki “Nobel”in Əsasnaməsinə görə, mənim təqdim etdiyim kimi nəzəriyyələr – hansı ki, praktiki işlər deyil – bir neçə ildən sonra da mükafata layiq görülə bilər. Səbəbi də budur ki, belə elmi nəzəriyyələri praktiki sınaqdan keçirirlər. Təcrübələr özünü doğrultsa, mükafatlandırma məsələsinə yenidən baxırlar. Bu təcrübələr ən müasir elmi laboratoriyalarda, tədqiqat mərkəzlərində aparılır. Şübhə etmirəm ki, belə tədqiqatlar mənim nəzəriyyələrimin əhəmiyyətini ortaya çıxaracaq. Hazırda digər nəzəriyyələrim üzərində işləyirəm. Bu nəzəriyyələrimin gec-tez Azərbaycana Nobel gətirəcəyinə şübhə emirəm.

Xanalı Eynullayev

İsmayıl İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar