"Fransadan mənə təzyiqlər edilir"- Gülər Əhmədovanın şahidlərindən qəribə açıqlamalar

Sabiq deputat özünü pis hiss etdiyi üçün məhkəmədə iki dəfə fasilə elan olunub

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şahid Tavad Şirvanova ifadə verib. Şahid bildirib ki, Sevinc Babayeva ilə hüququ müdafiəçisi Novella Cəfəroğlunun ofisinə gedərək orada Elşad Abdullayevin qanunsuzluqları barədə hüquq müdafiəçisi Məmməd Zeynalovla söhbət ediblər: “Çəkiliş apardıq ki, əlimizdə sübut olsun. Elşad Abdullayev Sevinc Babayevanı müflis eləmişdi. Sevinc Babayeva da Gülər Əhmədovadan xahiş eləmişdi ki, bizim pullarımızı geri qaytarmaq üçün Elşad Abdullayevlə görüşüb, danışın”.

Gülər Əhmədova özünü pis hiss etdiyi üçün məhkəmədə fasilə yaranıb.

Daha sonra digər şahid Zülfiyyə Bayramova dindirilib. O, Sevinc Babayeva ilə Əvəz Zeynallının məhkəməsi zamanı tanış olduğunu deyib: “Sevinc Babayeva mənə yaxınlaşdı və telefon nömrəsini verdi. Daha sonra Elşad Abdullayevdən olan şikayətlərini mənə dedi. Tavat, Sevinc, Lyüdmila və mən Novella xanımının evinə getdik , orada “Sevinc danışır” videosunun çəkilişi aparıldı. Videoda Elşadın xəstə olduğundan və ona etdiklərindən danışdı. “Sevinc danışır” video çəkilişində Gülər Əhmədovanın heç bir müdaxiləsi olmayıb və orada onun adı belə çəkilməyib”.

Şahid qismində ifadə verən Lyüdmila Məmmədova ona hər tərəfdən hücumlar edildiyini bildirdi: “Mənə hücumlar edirlər. Deyirlər ki, danışma! Fransadan mənə təzyiqlər edilir. 1998-ci ildən Sevinc Babayeva ilə tanışam. Mənim evlərimi əlimdlən alıblar. Sevinc isə dedi ki, evləri qaytaracaqlar. Nəvəm Sevincin ölümünə görə havalanıb. 1994-cü ildə mənə dedilər ki, Elşad Azərbaycanı yıxacaq. “Seva danışır” videosunda biz öz dərdlərimizdən danışımışıq. Gülər Əhmədovanın Elşad Abduullayevdən pul almasına inanmıram. Operatoru Sevinc Babayeva gətirmişdi. Çəkiliş zamanı Sevinc Babayevaya heç bir təsir olmayıb”.

Şahidlərin çıxışından sonra Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini dedi və hakimdən vaxt istədi: “Sizdən xahişim var. Mənə vaxt verin ki, özümə gəlim. Həkimlərimlə görüşmək istəyirəm".

Gülər Əhmədovanın vəziyyəti pisləşdiyi üçün prosesdə yenidən fasilə elan edilib.

Fasilədən sonra G. Əhmədova məhkəmədən xahiş edib ki, çıxışa hazırlaşmaq üçün ona vaxt verilsin: “Məhkəmə prosesləri tez-tez keçirilir. Səhhətim buna imkan vermir. Mənə vaxt verin, hazırlaşım. Vəkillərimlə görüşmək istəyirəm. Bəlkə kiməsə adi iş günü kimi gəlir, amma mən hər gün eyni şeyi təkrar yaşayıram”.

Bundan sonra hakim prosesin sabah davam etdiriləcəyini elan edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar