"Qoçu Əsgər"likdən "Hacı Əsgər"liyə...

heyderoguzHeydər OĞUZ

Naxçıvanda bir polis zabiti var idi - Əsgər. Zalımlığına görə, adına Qoçu Əsgər deyirdilər.

Xalq hərəkatı dövründə Qoçu Əsgər Quzu Əsgərə çevrilmişdi.

Cəbhənin ən cavan üzvü mən idim. Hər gün evimizdən çıxıb "Təzə bazar"ın yanından keçib, Cəbhəyə gedirdim. Qoçu Əsgər isə gününü "Təzə bazar"ın paralelindəki Taxta çayçıda oturmaqla keçirirdi. Mənim gəlişimi görüncə, Taxta çayçıdan çıxıb qırğı kimi üstümə şığıyır, əl verib görüşür, keyf-əhvalımı xəbər alıb, mənimlə qürur duyduğunu bildirirdi.

Sonra tale elə gətirdi ki, Heydər Əliyev Naxçıvanda hakimiyyətə gəldi. Onun əleyhinə yazdığım bir yazıya görə, məni Türkiyəyə oxumağa göndərməyi məsləhət bildi. Tələbəlik illərimdə Qoçu Əsgərlə əlaqəm kəsildi. Sən demə, adam aeroporta polis rəisi vəzifəsinə düzəlibmiş. Odur ki, Quzu Əsgərin yenidən Qoçu Əsgərə çevriliməsindən bixəbər idim.

Bir gün tətilə gələndə Saatlıda yaşayan dayımın ayağının kəsildiyini eşitdim. Anamı, xalamı götürüb onun ziyarətinə getmək istəyirdim. Dəmiryolunu ermənilər bağladığından, təyyarə ilə getmək yeganə çıxış yolu idi. Təyyarəyə isə bilet tapmaq mümkün deyildi. Tələb çoxaldığından 16 manatlıq bilet "qara bazar"da 200 manata satılırdı. Məndə də o qədər pul yox idi.

Nə başınızı ağrıdım, Ali Məclisin sədr müavini olan müəllimim, rəhmətlik Asif Kələntərlinin köməkliyi ilə 4 bron alıb aeroporta getmişdim. Amma növbə o qədər böyük idi ki, irəli keçib bilet ala bimirdim. Ətrafıma göz gəzdirərkən, Qoçu Əsgəri gördüm. Ona yaxınlaşıb salam verdim. Salamımı elə aldı ki, dərdimi ona deməkdən vaz keçdim. Axırda özü dilləndi:

-Vətəndaş, nə istəyirsən?

Qürur duyduğu adamdan vətəndaşa çevrildiyimi görüncə, xəyallarım çilik-çilik olub yerə töküldü. Bu mənim həyatımda ilk xəyal qırıqlığım idi. Amma çarəsizlikdən problemi ona izah etməyə çalışdım. Sözümü bitirməmiş, mənə dəyərli məsləhətlərini verdi:

- Get, növbədə dayan, heç kimdən artıq deyilsən!

Aeroportda polis işləyən bir başqa tanıdığım mənə yaxınlaşıb bronu və pasportları gizlicə aldı, bir müddətdən sonra biletləri mənə gətirib verdi və bu yaxşılığı etməsini ömrümün axırına qədər sirr saxlamağımı xahiş etdi. Mən də ona söz verdiyim üçün indi adını çəkmirəm.

Nə isə ki, bu cür çətinliklə dayımın ziyarətinə getdik.

Məzun olduqdan sonra Bakıya, indi yaşadığım evə köçdük.

Üzərindən uzun müddət keçmiş, Qoçu Əsgərdən qulağıma sədalar gəlməyə başlamışdı. Eşitdiyimə görə, Nehrəm kəndində etiraz aksiyasını dağıtmağa gedən Qoçu orda "quş buraxıb". Nehrəmliləri qıcıqlandırmaq üçün deyib ki, Andranikin qisasını onlardan alacaq. Qeyd edim ki, Nehrəm Naxçıvanın ötən əsrin əvvəllərində ermənilərə ciddi dirəniş gösərən əsas kəndlərdən biri olub.

Qoçu Əsgərin bu sözləri onsuz da tərs xarakterə sahib Nehrəmin ayaqlanmasına səbəb olub. Naxçıvan muxtar hökuməti məcbur qalıb Qoçu Əsgəri işdən qovub.

Bu hadisəsən sonra yazının qəhrəmanıyla Qaraçuxurda qarşılaşdım. Həmişə ət almağa gedəndə Qoçu, pardon, o, artıq Qoçu deyildi, Quzu Əsgərin hardansa peyda olub qabağımda dayandığının, hörmətlə əlimi sıxdığının, daha sonra "müəllim"i, yəni Rəsul Quliyevi soruşduğunun şahidi olurdum. Və hər dəfə də mənimlə "müəllim"ə atəşin salamlar göndərirdi. Halbuki, artıq mənim Rəsul Quliyevlə əlaqəm qalmamışdı. Bunu Quzu Əsgərə başa salmaq isə mümkün deyildi. Mənim "risovkalıq" etdiyimi düşünürdü. Odur ki, bir müddətdən sonra eyni həqiqəti təkrarlamağa lüzum görmədən, salamını Rəsul müəllimə çatdıracağımı deyirdim.

Qoçu Əsgər məndən azı 10 yaş böyük olduğundan həmişə düşünürdüm ki, salamlaşmaqda onu qabaqlayım. Buna isə uzun müddət nail ola bilməmişdim. Bir gün əlimə belə bir fürsət düşdü. Yenə ət almağa gedəndə bu adamın qarşıdan gəldiyini gördüm. Deyəsən, adam məni görmürdü. Çünki yolun o biri tərəfiylə gedirdi. Yaxınlaşıb "dostuma" salam verdim. Qoçu Əsgər yenə məni "tanımamışdı". Kim olduğumu xəbər alanda isə məsələni başa düşdüm. Dostum, deyəsən, yeni vəzifə almışdı. Bunu özündən də soruşdum. Bəli, dedi, hansısa idarədə müdir müavini təyin olunub.

Qoçu Əsgərdən yenə qulağıma sədalar gəlir. Deyirlər ki, o, indi hacıdır. Qoçuluğundan da əsər-əlamət qalmayıb. Mən də hər dəfə çölə çıxanda yan-yörəmə baxıram. Əminəm ki, qarşıma yenə çıxacaq. Amma yenə də ilk salamı özümün verməsini arzulayıram. Qismət olsa, təbii ki.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar