Atasının bıçaqladığı oğul: “Məni vurdun, ancaq səni bağışlayıram”

BicaqOğlunu al qana bulayan ata məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb isə tərəflər arasında barışığın əldə olunmasıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu bıçaqlamaqda təqsirləndirilən Rafael Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hadisənin təfərrüatı haqda qeyd edək ki, ata ilə oğlu arasında baş verən qanlı olayın səbəbi spirtli içki olub. Belə ki, müttəhimlər kürsüsünə çıxarılan 61 yaşlı Rafael Mehdiyevin spirtli içkidən istifadə etməsinə onun oğlu R.Mehdiyev etiraz edərək bir neçə dəfə iradını bildirib. Tərəflər arasında sonuncu mübahisə isə qanla bitib.

“Axı mən evimdə içirəm”

Hadisə 2016-cı ilin 9 iyununda Binə qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Rafael Mehdiyev evdə spirtli içki içdikdən sonra yataq otağına keçərək yatıb. Yuxudan oyananda oğlu Rauf Mehdiyevin onun içki içməsi ilə bağlı həyat yoldaşı Svetlana Mehdiyeva ilə danışdığını və irad bildirdiyini eşidib.

Rafael Mehdiyev məhkəmədə ifadəsində bildirib ki, oğlunun yanına gələrək deyib ki, “Axı mən evimdə içirəm, heç kimə də narahatçılıq yaratmıram, niyə mənə qadağa qoyursan?” Atanın bu sözləri 34 yaşlı oğlunun xoşuna gəlməyib və mübahisə böyüyüb.

İçkini atsa da, nəfsinə qalib gələ bilməyib

Rauf Mehdiyev atasının sifətinə iki yumruq zərbəsi endirib, sinəsindən itələyərək divana yıxıb. Rafael Mehdiyev otaqda olan mətbəx bıçağını götürərək oğluna arxadan bir zərbə endirib.

R.Mehdiyev ifadəsinə onu da əlavə edib ki, içki içməsi ilə bağlı oğlu və həyat yoldaşı ona bir neçə dəfə irad bildiriblər. O, 3 ay içkini atsa da, nəfsinə yenidən məğlub olub.

61 yaşlı Mehdiyev oğlunu bilərəkdən bıçaqlamadığını və bu əməlinə görə peşman olduğunu da söyləyib: “Həmin anda əyilərkən ayağım keyləşmişdi. Müvazinətimi itirdim, zərbə nisbətən güclü alındı. Bıçaq oğlumun kürəyinə batdı. Dərhal bıçağı geri dartdım. Oğlum qışqırmağa başladı. Həyat yoldaşım qaçaraq otağa gəldi. Raufun kürəyindən qan axdığını görüb, özümü itirdim. İki-üç dəqiqə ərzində baş verən hadisədən sonra donub qaldım. Oğlum məni belə vəziyyətdə görüb, elə oradaca “eybi yox, sən məni bıçaqla vurdun, ancaq səni bağışlayıram” dedi. Bu əməlimdən çox peşmanam”.

Zərərçəkmiş Rauf Mehdiyev isə xəstə atasının araq içməsini qəbul edə bilmədiyini və dostlarının, tanışlarının atasını içkili görməsi ilə barışa bilmədiyini deyib.

“Özümü saxlaya bilmədim”

Atasını sərxoş görəndə utandığını deyən R.Mehdiyev dəfələrlə irad bildirsə də atasından bu cavabı alıb: “Özüm üçün içirəm, heç kimə mane olmuram, dava salmıram, hörmətsizlik etmirəm”.

Oğul da atasına qarşı bu cür hərəkət etməsindən peşmançılıq çəkdiyini məhkəmədə dilə gətirib: “Özümü saxlaya bilmədim. Atamın ünvanına bir qədər kobud ifadələr işlətdim. Anam isə məni sakitləşdirməyə çalışırdı. Mən irad bildirəndə atamın dediyi sözlərə əsəbləşərək, özümdən çıxdım. Ona iki yumruq vurdum. Sonra bu hadisə baş verdi. Atamdan heç bir tələbim, ona qarşı iddia və şikayətim yoxdur. Hadisədən sonra atamı bağışladım və barışdıq”.

Oğul günahkar olaraq özünü görür

O, ifadəsində atasının cəza almasını istəmədiyini və günahkar özünü bildiyini qeyd edib.

Məhkəmə cinayət təqibi ilə bağlı halları araşdırıb, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib və belə nəticəyə gəlib ki, Rafael Mehdiyevin əməli Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır.

Belə ki, təqsirləndirilən şəxs Mehdiyev Rafail Əbdülbağı oğlunun zərərçəkmiş şəxs Mehdiyev Rauf Rafail oğlunun sağlamlığına ağır dərəcəli bədən xəsarətini xüsusi amansızlıqla yetirməsi məhkəmədə sübutlarla təsdiq olunmayıb.

Məhkəmənin hökmü ilə Rafael Mehdiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar