Həkimdən qriplə bağlı inanılmaz açıqlama

Uşaqlarda temperatur 38 dərəcədən çox deyilsə müdaxiləyə gərək yoxdur. Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq uşaqlarda bu problemlərlə daha çox rastlaşırıq.

Amma bizim əhalinin “soyuqdəymə” dediyi vəziyyətlə qrip eyni hal deyil. Qrip zamanı bir sıra əlamətin birdən özünü göstərməsi mümkündür. Halsızlıq, güclü baş ağrısı duyula, yüksək hərarət ola bilər. Bu əlamətlər olanda diqqətli olmaq lazımdır.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında pediatr, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev deyib.

Bu gün üçün qripin özəl müalicəsinin olmadığını deyən mütəxəssis bildirib ki, bununla bağlı xüsusi müalicələrin, eləcə də antibiotik qəbulunun heç bir əhəmiyyəti yoxdur: “Qrip virus infeksiyasıdır, adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var. Bu zaman əsas olan bol maye qəbuldur və əgər yüksək hərarət varsa, hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Digər dərmanların qəbulunun mənası yoxdur. Yalnız qrip ağırlaşacağı halda xəstəyə dəstək müalicəsi təyin olunur”.

Qrip zamanı burun damcısı kimi istifadə olunan dəniz sularının əhəmiyyəti barədə səslənən fikirlərə münasibət bildirən Ə.Quliyev, “Bəzən ailələr deyir ki, buruna okean, dəniz suyu töksək də, uşaq sağalmadı. Nəzərə almaq lazımdır ki, bu damcılar ağırlaşmaların qarşısını almaq, nəfəs almanı asanlaşdırmaq üçün tətbiq olunur, müalicə baxımından edilmir”, - deyib.

H1N1 (“donuz qripi”) virusuna qarşı peyvəndlər barədə danışan həkim qeyd edib ki, əvvəllər bu qripə qarşı peyvənd yarananda tək peyvənd şəklində olub və hamıya vurulması tövsiyə edilib. Amma indiki qrip peyvəndlərinin içində H1N1 virusuna qarşı peyvəndi də var. Yəni “donuz qripi” üçün ayrı, mövsüm qripi üçün ayrı peyvənd yoxdur. Onların ikisi də eyni iynə şəklində vurula bilər.

Mütəxəssis deyib ki, oktyabrın əvvəlindən başlayaraq, istəyən valideynlər 6 ayından etibarən uşaqlara qrip peyvəndləri vurdura bilir.

Qrip peyvəndinin qoruyuculuğu barədə suala cavabında Ə.Quliyev bildirib ki, bu gün vurulan peyvəndin yaratdığı qoruyuculuq 1-2 il sonra itə bilər: “Qrip virusları çox tez-tez dəyişdiyi üçün peyvəndlərin də dəyişməsi zərurəti yaranır. Normal halda isə qrip peyvəndinin hər il yenilənməsi tövsiyə olunur. Uşaqlarda səkkiz yaşına qədər ilk dəfə yarım, bir ay sonra da yarım doza vurulur, ondan sonrakı illərdə isə ildə bir doza vurulması kifayətdir. Qrip peyvəndi tam qorumasa belə, peyvənd vurulanda uşaqlar qripi daha yüngül keçirirlər”.

“Bütün uşaqlara qrip peyvəndi vurulmalıdırmı” sualına cavab olaraq Ə.Quliyev deyib ki, Amerika Pediatriya Akademiyası 6 ayından sonra bütün uşaqlara qrip peyvəndi vurulmasını tövsiyə edir: “Əgər ailə tərəddüd edirsə, o zaman xroniki xəstəliklərdən - ürək, ağciyər, böyrək və sairə xəstəliklərindən əziyyət çəkən, yəni qripi daha da ağır keçirən azyaşlılara ilk növbədə peyvənd vurulması tövsiyə olunur”.

Eyni zamanda, həkim uşaq kollektivlərində çalışan şəxslərə də qrip peyvəndi vurulmasını tövsiyə edib.

Qripdən qorunmaq barədə mövcud təsəvvürlər barədə danışan mütəxəssis bunları deyib: “İmmun sisteminin gücləndirən dərmanlar yoxdur ki, biz tövsiyə edək, insanlar xəstələnməsin, qrip olmasın, viruslara yoluxmasın. Evdə bir nəfər qripdirsə, digərlərinin də qrip olma ehtimalı 90 faizdir. Maska taxmaq olar, amma onun da qoruyuculuğu tam deyil. Eyni zamanda, buruna okean, dəniz suları tökmək olar. Amma uşaqları qripdən qorumaq üçün buruna hansısa krem çəkilməsi, şamlar qoyulması, guya immuniteti gücləndirəcək siropların verilməsi ilə qripdən qorunmaq mümkün deyil.

Sadəcə, qripi olan uşaq çoxlu maye içməli, evdə istirahət etməli, düzgün qidalanmalıdır. Qrip zamanı hər hansı ağırlaşmalar yaranarsa, o zaman antibiotik müalicəsinə başlamaq olar. Belə ağırlaşmalarla onsuz da çox az rastlaşırıq. 100 uşaqdan 80-ni qripi normal keçirir, hər hansı ağırlaşmalar olmur. Dünyada qripin müalicəsi yoxdur, ona görə də özümüzdən yeni müalicə icad edib, tətbiq etməyimiz mümkün deyil. Qrip ağırlaşmayıbsa, müalicəyə gərək yoxdur, ağırlaşma varsa, o zaman antibiotik müalicəsinə başlana bilər”.

Çox antibiotik qəbulunun fəsadları barədə danışan Ə. Quliyevin bildirib ki, bu zaman allergik reaksiyaların yaranması, mədə-bağırsaq florasının pozulması və bu kimi fəsadlar yaranır. Onun sözlərinə görə, bununla yanaşı, ən təhlükəli hal antibiotik çox istifadə olunan zaman antibiotikə qarşı rezistentliyin yaranmasıdır.

Uşaqlarda qrip zamanı hərarətin yüksəldiyi hallarda görülən tədbirlərin effektinə gəlincə, pediatr qeyd edib ki, normal halda viruslara qarşı cavab reaksiyası temperaturun yüksəlməsidir: “Müasir tibbi yanaşmalara görə uşaqlarda 38,5 temperatura qədər müdaxilə olunmamalıdır. Ola bilər ki, uşağa bu duruma qədər hərarəti salmaq üçün dərman verilməsin və birdən-birə temperatur yüksəlsin və qıcolma yaransın.

Hər kəs bilməlidir ki, qızdırmaya bağlı olan qıcolmalardan ölüm halı baş vermir. 6 ayından 6 yaşına qədər bütün uşaqlar hərarətin yüksəldiyi hallarda qıcolma keçirə bilər. Bu kimi hallarda uşağın dilini tutmaq, boğazına qaşıq salmaq cəfəngiyatdır, heç bir elmi əsası yoxdur. Sadəcə, həmin anda qusma baş verərsə, boğulma yaranmasın deyə uşağı böyrü üstdə çevirməyi məsləhət görürük. Bu zaman bədəni nəm əski ilə silmək lazımdır. Adətən bu, 4-5 dəqiqə davam edir və uşaq həmin haldan çıxır. Narahatlıq varsa, təbii ki, təcili yardıma müraciət oluna bilər.

Hərarət yüksələn zaman qızdırma salan iynələrdən, “smes” deyilən qarışıqlardan istifadə edilməsi qətiyyən tövsiyə olunmur. Müasir tibbi protokollarda belə bir müalicə vasitəsi yoxdur”.

Bu qarışıqların sonradan ciddi fəsadlara səbəb olduğunu açıqlayan Ə. Quliyev hərarət yüksələn zaman uşağı ilıq su ilə yuyundurmağı, temperatur yüksək olduğu müddətdə bu proseduru istənilən qədər təkrar etməyi tövsiyə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar