“Səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq” - Deputat

“Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, Şəhidlər xiyabanına gedərək şəhidlərin qarşısında baş əyməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan bəzi ermənilər Azərbaycana qarşı loyal mövqedədirlər: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, səngərdə dayanan erməni ilə mülki ermənini ayıraq. Bu yaxınlarda İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar