Cəmil Həsənlinin qardaşı: “Kim istəməz qardaşı prezident olsun” - Müsahibə

Milli Şuranın prezidentliyə namizədi professor Cəmil Həsənlinin qardaşı Saday Həsənov ata ocağında - Cəlilabad rayonunun Alar kəndində yaşayır. Burada 2 saylı tam orta məktəbin tarix müəllimidir. Saday Həsənov “Media forum” saytının suallarını da Alar kəndindəki evində cavablandırıb.

- Ailədə necə övlad olmusunuz?

- On bir qardaş-bacıyıq. Beş qardaş, altı bacı. Şükür Allaha, hamımız yaşayırıq. Böyüyümüz Valehdir. Həcc ziyarətində olub, hacıdır. Sonra bir bacımız var. Ailəmizin üçüncü övladı Cəmildir. Dördüncü övlad da mənəm. Cəmildən başqa hamımız Alar kəndində anadan olmuşuq. Cəmil Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Həmin dövrdə atamız orada işləyib.

- Böyük ailə necə dolanırdı? Çətinliklər çox olurdu?

- Atamız Böyük Vətən müharibəsində iştirak etmişdi, döyüşlərin birində yaralanmışdı, qıçında güllə yarası vardı, müharibə əlili idi. Qoçaq adam idi, əlil olmasına baxmayaraq işdən qalmazdı. Sonuncu iş yeri yol tikintisində briqadirlik oldu. Kəndimizə yol çəkilirdi, orada briqadir idi. Alar kəndinin yollarının asfaltlanması, abadlaşması atamın əməyinin nəticəsində mümkün olub. Kolxozun maşınları Masallıdan qum daşıyırdı, burada camaat qumu əli ilə yollara boşaldırdı.

Çoxuşaqlı, sadə ailə olmuşuq, atam pensiya almaqla yanaşı işləyirdi. Anam evdə cəhrə əyirirdi, bacılarım xalça toxuyurdu. Dolanışığımızın bir hissəsini onunla ödəyirdik. Anamız çox zəhmətkeş idi. Atamız çox yaşamadı, 60 yaşında vəfat etdi. Ürəyi xəstə idi, sonra böyrəklərində xəstəlik yarandı, Bakıda əməliyyat olundu. Həkimlərin bütün cəhdlərinə baxmayaraq dünyasını dəyişdi. Həmin dövrdə mən hərbi xidmətdə idim. Cəmil isə universitetdə sonuncu kursda oxuyurdu.

Böyük qardaşımız Valeh bir müddət Türkmənistanda yaşadı. O da ailəyə kömək edirdi. Atamız dünyasını dəyişəndən sonra ailənin əsas yükü anamızın və Cəmilin üzərində idi.

- Cəmil müəllimin uşaqlığı, kənd həyatı necə keçib? O zamanları necə xatırlayırsınız?

- Qardaşım olduğuna görə demirəm, amma həqiqətən də Cəmil uşaqlıqda çox zəhmətkeş olub. Dərsə qayıdandan sonra heyvanları otarmağa gedirdi. İnək otaranda da əlindən kitab düşməzdi. Cəmil orta məktəbdə oxuyan dövrdə böyük qardaşımız Valehə yeni həyətyanı torpaq götürmüşdük, orada bütün işlərin hamısını Cəmil görürdü. Açığı, mən o qədər də təsərrüfatçı olmamışam. Amma Cəmil təsərrüfat işlərini çox bacarıqla görürdü, buna həvəsi vardı. Bununla yanaşı dərslərini əla oxuyurdu, bütün qiymətləri beş idi. Çox zəhmətkeş idi, bizə də hər zaman deyirdi ki, zəhmət çəkməkdən, işin ağırlığından qorxmayın, öz əməyinizlə dolanın.

Hələ orta məktəbdə oxuduğu dövrdən ailəmizin dolanışığının bir hissəsi, ağırlığı Cəmilin çiynində olub. Sonrakı dövrlərdə də aldığı maaşın yarısını ailəyə göndərirdi. Atamız vəfat edəndən sonra ailəmizin dolanışığını Cəmil təmin edirdi. Bacı-qardaşlarından qayğısını əsirgəməzdi, hər zaman kömək edirdi. Kənd yeridir: toyu, yası var. Baxmayaraq ki, aldığı maaş o qədər də çox olmurdu. Amma həm öz ailəsini dolandırırdı, həm də bizə kömək edirdi.

- Kənddən çıxıb şəhərdə oxuyan tələbələrin çoxuna evdən kömək gəlir. Cəmil Həsənli tələbə olanda ailənizin ona pul göndərməyə imkanı çatırdımı?

- Çətinlik, ehtiyac içində təhsil alıb. Anam cəhrə əyirirdi, bacılarımla birlikdə xalça toxuyurdu. Ayda bir-iki xalça toxuyurdular, onu satırdıq, qardaşımıza pul göndərirdik. Həm də özü tələbə təqaüdü alırdı. Cəmil çox bədxərc deyildi, dolanışığını elə nizamlayırdı ki, təqaüdü yetirdi, bizi çox xərcə salmırdı. Bundan başqa tələbə olanda işləyirdi. Layihə İnstitutunda gecə qarovulçu dayanırdı, maaş alırdı. Bütün bunları ona görə edirdi ki, ailəyə yük düşməsin.

- Cəmil Həsənli qısa müddətə olsa da, Prezident Aparatında işləyib, on il deputat olub. Onda necə, bacı-qardaşlarına kömək edirdi?

- Əlbəttə, edirdi. Aldığı maaşdan müəyyən qədər bizə kömək edirdi. Bacı-qardaşlardan heç kimi diqqətdən kənarda qoymazdı. Bir ay mənə, o biri ay başqa qardaşımıza, ya bacılarımızdan birinə kömək edirdi. O qədər də çox maaş almırdı ki, hər ay hamıya kömək edə bilsin. İmkanı nəyə çatırdı, onu edirdi.

- Cəmil Həsənlinin ailə qurması necə oldu?

- 1977-ci ildə ailə qurdu. Həyat yoldaşı uzaq qohumumuzdur, Bakıda yaşayırdılar. Öz seçimi ilə, sevib ailə qurub.

- Cəmil müəllim kəndə tez-tez gəlir?

- Gəlir. Əvvəllər daha tez-tez gəlirdi. İndi bir az işləri çoxalıb, çox vaxt xaricdə ezamiyyətlərdə olur. Ay yarımdan, iki aydan bir Alara gəlir, qohum-əqrəbaya baş çəkir, xeyirdə, şərdə iştirak edir.

- Övladlarını da gətirirmi?

- Gətirir. Övladları balaca olanda da həmişə kəndə gətirirdi, tətillərini burada keçirirdilər.

- Sizcə, Cəmil Həsənli prezidentliyə namizəd olmaqla düz etdi?

- Kim istəməz qardaşı prezident olsun. Hər şeydən əvvəl bu, böyük bir tituldur. Hətta seçilməsə belə, prezidentliyə namizəd olması da böyük fəxrdir. Amma müəyyən çətinliklər də bizi narahat edir, qayğımız, nigaranlığımız artıb.

- Nədən nigaransız?

- Prosesin özü uzun və çətin başa gəlir. İTV-də debatlara hamı baxır, orada müəyyən sözlər deyilir, qardaşıma şər-böhtan atırlar, ona layiq olmadığı münasibət göstərirlər. Bunlar da bizə təsir edir. Qayğımız, nigaranlığımız bununla bağlıdır.

- Rayonda, kənddə “Cəmil Həsənli düz etdi namizəd oldu” deyən çoxdur, yoxsa əksini düşünənlər?

- Hər halda “düz etdi” deyən çoxdur. Heç nəyi şişirtmirəm, həqiqətən belədir.

- Qardaşınız prezident olsa, ondan ilk istəyiniz nə olacaq?

- Şəxsi istəyimiz yoxdur. İstəyimiz odur ki, xalqın yaxşı yaşaması üçün iş görsün, bunun üçün çalışsın. Biz də xalqın bir nümayəndəsi kimi normal yaşayaq. Ən əsası isə işğal altında olan torpaqlarımızın azad olunması üçün əlindən gələni etsin, ərazilərimizi geri qaytarsın. Vətənimiz yaralanıb, 20 faiz torpaq itirmişik. Belə bir vəziyyətdə yaxşı yaşamaq da mümkün deyil, insan rahatlıq tapmır, yediyi-içdiyi canına yatmır.

- Kəndinizdə hansı problemi həll etməyini gözləyirsiniz?

- Böyük kəndimiz var, Cəmil müəllim də problemləri bilir. Amma biz yalnız öz kəndimiz üçün nəsə istəyə bilmərik. Görülən iş hər bir rayon, şəhər, kənd üçün olmalıdır. İstəməzdim ki, bizim kənddə nəsə etsin, başqa kəndlər kənarda qalsın. Prezident bütün xalqın prezidentidir, gördüyü işlər hamı üçün olmalıdır. Əgər bir kənd üçün iş görsə, digərləri kənarda qalsa, bu, ədalətsizlik, saxtakarlıq olar.

- Təbliğat kampaniyasında iştirak edirsiniz?

- Yox, etmirəm. Kiməsə deyə bilmərəm ki, mənim qardaşıma səs ver. Bunu camaat özü istəməlidir. Özümüz kiməsə nəsə demək istəmədik. Kənddir, insanlar müxtəlif cür düşünürlər, hər kəsin bir əqidəsi var, nəsə danışırlar. Biz bütün qohumlara demişik ki, heç kimə cavab verməyin. Kim istəyir İlham Əliyevə, yaxud Sərdar Cəlaloğluna səs verir, bu onun öz haqqıdır. Demişik ki, kimsə Cəmil Həsənlinin əleyhinə danışanda durub heç nə deməyin. Şükür, cənub bölgəsində təbliğat yaxşı gedir, insanlar çalışırlar. Əgər camaat, xalq istəyirsə, inşallah, səs verəcək.

- Namizəd olandan sonra Cəmil Həsənli sizə nəsə tapşırıbmı?

- Xeyr, heç bir söz deməyib, tapşırıq verməyib.

- Namizəd olandan sonra görüşmüsünüz?

- Bəli, görüşmüşük. Amma namizədliyi barədə heç nə demədi.

- Belə fikirlər səslənir ki, Cəmil Həsənli namizəd olmaq istəmirdi, buna məcbur olub. Qardaş kimi sizə giley-güzar etmədi?

- Yox, etmədi. Bir işlə bağlı məsləhətləşsə də, son qərarı özü verir. Müxalifət Rüstəm İbrahimbəyovun namizəd olmasını istəyirdi, amma alınmadı. Belə olanda bir nəfər namizəd olmalıydı. Vəziyyətdən çıxmaq, Milli Şuranın yaşaması üçün bu vacib idi. Amma Rüstəm İbrahimbəyov da deyib ki, əvvəldən namizədi Cəmil Həsənli olub.

- Qardaşınız namizəd olandan sonra hakimiyyət orqanlarının təzyiqi ilə üzləşməmisiniz?

- Xeyr, heç bir təzyiq olmayıb. Yalan danışmağın nə anlamı var? İstər rayon icra hakimiyyətindən, istərsə də kənd icra nümayəndəliyindən bizə heç nə deməyiblər.

- İctimai Televiziyadakı debatların birində qarşıdurma oldu, Cəmil Həsənliyə su qabı atdılar. Nə hisslər keçirdiniz?

- Hamı nigaran oldu, etiraz etdi. Biz daha çox narahat olduq, qardaşımıza qarşı ədalətsizlik olur, o, haqsız hücumlara məruz qalır. Axı Cəmil Həsənli sizə nə edib ki, bu qədər haqsız danışırsınız?! Çox həyəcan keçirdik. Hamı su qabı atanı qınadı. Amma Cəmil deyil, başqası da olsaydı, onun üstünə düşəcəkdilər. Qardaşımın ona edilən hərəkəti təkrarlamaması düz idi. Elə bir hərəkət Cəmilə yaraşmazdı. Əslində bununla Cəmil xalqda onlara qarşı daha da etiraz yaratdı. Özləri də gördülər ki, belə hərəkətlərlə, təhqirlə Cəmili sındıra bilməzlər. Onun böyüklüyü hər şeyə səbirli yanaşmağı, onunla qarşı-qarşıya oturanların hamısının səviyyəsini bilməyidir. Şükür Allaha, böhran qurtardı.

- Debatdan sonra zəng etdiniz?

- Etdim, hal-əhval tutduq. Dedi ki, yaxşıyam, narahat olmayın.

- Dediniz ki, Cəmil Həsənli debatda ona olan hücuma eyni formada cavab vermədi. Uşaqlıqda da belə idi?

- Bəli, uşaq vaxtı da hər şeyi düşünən, ölçüb-biçən adam idi. Qarşısındakını yaxşı tanımağı bacarır, bilir ki, o düz deyir, yoxsa səhv, məqsədi nədir. Uşaq vaxtı da belə vəziyyətlərdə səbirli davranırdı.

- Cəmil müəllim deputat olanda sizin yanınıza xahişə gələnlər çox olurdu?

- Cəmil müəllim elə adamdır ki, o, nə qədər uğur qazansa da, ucalsa da, tanınsa da, heç zaman davranışını, insanlara münasibətini dəyişmir. Onda heç zaman dəyişiklik olmaz. Özü üçün sadə yaşayış tərzi seçib və hər zaman belə yaşayıb. Var-dövləti, geniş imkanı olmayıb. Baxmayaraq ki, bunu edə bilərdi, yaxşı var-dövlət yığmaq uçun imkanları olub. Amma bu yolu seçməyib. Vallah, bizə də hər zaman deyib ki, birdən “qardaşım deputatdır” deyib kiminsə qarşısında lovğalanarsınız, kiməsə güldən ağır söz deyərsiniz, xətrinə dəyərsiniz. Həmişə deyib ki, elimizlə, camaatımızla mehriban dolanın, sadə olun, heç kim arasında ayrı-seçkilik etməyin. Özü də hər zaman belə edib, biz də onun dediyi kimi davranmışıq.

Cəmil müəllim yalnız o məsələlərə müdaxilə edirdi ki, həmin adam tam haqlı olsun. Kimsə nəsə günah etsə, onun məsələsinə qarışmazdı. Heç mən özüm də əmin olmadığım işi ona deməmişəm. Haqlı şikayətlərə isə canla-başla yanaşıb, gücü çatan qədər kömək edib.

- İnsanların prezidentliyə namizəd Cəmil Həsənlinin qardaşına münasibətində bir dəyişiklik varmı? Sizinlə yaxınlıq etmək istəyənlər varmı?

- Yox, belə bir hal müşahidə etməmişəm, kimsə gəlib mənə nəsə deməyib, qardaşım prezidentliyə namizəd olduğuna görə kiminsə bizimlə yaxınlıq etməsinin şahidi olmamışam.

- İmkanı olan insanlar adətən şəhərə üz tuturlar. Qardaşınız prezident olsa, Bakıya gedəcəksiniz, yoxsa ata yurdunu tərk etmək niyyətiniz yoxdur?

- Bizim taleyimizə bu kənd yazılıb. Mənim 57 yaşım var, indən sonra yerimi dəyişmək niyyətində deyiləm. Baxmayaraq ki, əvvəlki illərdə bir müddət Bakıda yaşamışam. Amma orada qala bilmədim. Kənd məni çəkib gətirdi. Gedirəm, bir gündən artıq qala bilmirəm, darıxıram. Bu yaşdan sonra ora uyğunlaşa bilmərəm. Prezidentin qardaşı kənddə yaşasa, nə olar ki? Bu da Allahın qismətidir. Çətin gündə kənddə yaşamaq daha asandır. Heç olmasa, bir toyuğumuz olur, kəsib yeyirik.

- Namizəd olana qədər kənd cavanları, yeniyetmələr Cəmil Həsənlini tanıyırdı?

- Hamı tanıyır. Məktəbdə uşaqlar sual verirlər, soruşurlar. Onlara deyirəm ki, çox xoşdur ki, bu yaşınızda dövlətimizin, xalqımızın gələcəyi haqda düşünürsünüz, ürəyinizdə belə təpər var, amma sizin səs verməyə yaşınız çatmır.

- Uşaqlar nə soruşurlar?

- Deyirlər ki, prezidentliyə bizim də namizədimiz var. Soruşurlar ki, Cəmil müəllim prezident seçilə bilərmi? Mən də cavab verirəm ki, seçilmək sizin valideynlərdən, hər bir vətəndaşdan asılıdır. Əgər seçkiyə gedib səs verərlərsə, inşallah, seçilər. Səsverməyə getməslər, biz heç nə edə bilmərik.

Sual verirlər ki, qardaşınızı çox istəyirsiniz, prezident seçilsə, burada qalacaqsınız, yoxsa Bakıya köçəcəksiniz. Deyirəm ki, narahat olmayın, heç yerə gedən deyiləm, burada bir yerdə çalışacağıq. İndiki uşaqlar xeyli inkişaf ediblər, gözüaçıqdırlar, müəyyən məsələlərə, televiziyada olanlara etiraz edirlər. Deyirlər ki, niyə belə olur? Mən də cavab verirəm ki, bu seçkidir, hər cür hadisə ola bilər. Burada dözüm, dəyanət hər şeydən üstündür, səbirli olmaq lazımdır.

İnsanlara da demək istəyirəm ki, seçkidə haqq tərəfdə olsunlar. Nəyi haqq, kimi haqlı hesab edirlərsə onu seçsinlər. Əsas odur ki, seçkiyə getsinlər. Kimi haqlı bilirlər ona səs versinlər.

Cemil-02

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar