"TƏLƏBƏ OLANDA ELÇİBƏYLƏ GÖRÜŞDÜM..." - Mixail Saakaşvili- Müsahibənin II hissəsi

"Qərb demokratiya məfhumundan bu və ya digər ölkələrə siyasi təzyiq vasitəsi kimi istifadə edir"

"Gürcüstanda mənə qarşı cinayət işinin qaldırılması üçün Putinlə razılaşma əldə olunub"

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvıli "Virtualaz.org" və "Haqqın.az" saytlarının rəhbəri Eynulla Fətullayevə müsahibə verib. Həmin müsahibənin birinci və ikinci hissəsini təqdim edirik.

(II HİSSƏ)

- Amma Azərbaycan da o qədər də sadə olmayan durumdadır. Belə ki, biz də Kremlin təzyiqləri ilə yanaşı həm də efemer demokratiya və insan haqları tələblərini irəli sürən Qərb təsisatlarının basqısı, sıxma-boğması ilə üz-üzəyik...

- Burada söhbət Qərbin ikili standartlarından gedir. İş gəlib Səudiyyə Ərəbistanına çıxanda Qərb demokratiya və insan haqları məsələsini nədənsə yada salmır. Səudiyyə Ərəbistanı və ya Qətər kimi ölkələrdə demokratiya və insan haqları məsələləri Qərb üçün o qədər də əhəmiyyətli və vacib deyil. Amma elə ki söhbət gəlib Azərbaycana çıxır, Qərb o dəqiqə demokratiya və insan haqları məsələsini yada salır. Onu da deyim ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti bütün yeni tarix boyunca ilk dəfə Səudiyyə Ərəbistanının əhəmiyyəti səviyyəsinə yüksəlib.

Lakin bu, o demək deyil ki, Azərbaycan demokratiyanı inkişaf etdirməməlidir. Sadəcə elə məqamlar olur ki, Qərb demokratiya məfhumundan bu və ya digər ölkələrə siyasi təzyiq vasitəsi kimi istifadə edir. Mən bu üsula əl atıb demokratiyadan təzyiq aləti kimi yararlanan xeyli adamı şəxsən tanıyıram. Mənə inanın, həmin adamlar Azərbaycandakı vəziyyətin incəlik və xüsusiyyətlərinə əsla bələd deyillər. Yenə deyirəm, sizdə demokratiyanın və siyasi azadlıqların inkişafı ölkənizin uzunmüddətli tərəqqisi baxımından yalnız Azərbaycan dövlətçiliyinin və xalqın maraqlarına uyğundur. Azərbaycana gəlincə isə burada müxtəlif qüvvələrin lobbiçilik cəhdləri və maraqları olub. Onların məqsədi də ölkənin siyasi rəhbərliyinə hansısa qərarları qəbul etdirmək olub.

- Yalta konfransından sonra bərqərar olmuş beynəlxalq təhlükəsizlik sistemi Krımın ilhaqı ilə çökdü. Siz hazırda ABŞ-da yaşayırsınız, həddən artıq nüfuzlu dairələrlə təmaslarınız var, çox məlumatlı insansınız. Bu yeni dünyada necə yaşamaq mümkündür? ABŞ dünya düzəninin yeni formatı barədə nəsə düşünürmü?

- Birləşmiş Ştatlar Krımın işğalından sonra çaşıb başını itirdi. Amerikada dünya siyasi sisteminin gələcək inkişafına dair iki doktrina var. Birinci doktrinanın tərəfdarı olan təcridçilər (izolyasionistlər) belə hesab edirlər ki, dünyadakı digər region və ölkələrlə məşğul olmaq, heç bir ölkəyə soxulmaq, müdaxilə etmək lazım deyil, çünki amerikalılar daimi müharibələrdən, insani və maddi itkilərdən yorulublar. İkinci doktrinanın tərəfdarları isə Avropa ilə məşğul olmağı əhəmiyyətsiz sayaraq ABŞ-ı öz diqqətini Çinə və Sakit okean hövzəsi ölkələrinə yönəltməyə çağırırlar. Ona görə də postsovet məkanı Vaşinqtonun nüfuz dairəsindən kənarda qaldı, çünki bu region Avropaya aid edilir. Bizim regionla bağlı məsələ sanki arxa plana sürüşdürüldü, ikinci dərəcəli məsələyə çevrildi. Lakin indi məlum olur ki, sadə amerikalılar çoxsaylı müharibələrin təsirlərindən öz siyasətçilərinə baxanda daha tez qurtulub özlərinə gəldilər. İctimai rəy sorğuları göstərir ki, amerikalılar ABŞ-ın Ukraynanı itirməsini istəmirlər. Bu da ABŞ siyasətçilərini məmnun edir.

Postsovet məkanı ABŞ-dan ötrü Avropanın bir hissəsidir. Amerikalılar hətta Ukraynanın, yaxud Azərbaycanın harada yerləşdiyini dəqiq bilməsələr də Rusiyaya böyük şübhə və inamsızlıqla yanaşırlar. Amerikalılar əmindirlər ki, ABŞ bu ölkələri dəstəkləməli və Rusiyanın geosiyasi manevr imkanlarını məhdudlaşdırmalıdır.

Bakıya gəlməzdən əvvəl mən sabiq dövlət katibi Hillari Klintonla uzun-uzadı söhbət etdim. Yeri gəlmişkən, xanım Klinton böyük ehtimalla növbəti prezident seçkilərində Demokratlar Partiyasının namizədi olacaq və onun qalib gəlmək şansları çox böyükdür. Hillari Klinton Azərbaycanın regiondakı rolunun əhəmiyyətini çox dəqiq və aydın başa düşür. O, bu yaxınlarda analitik mərkəzlərin birində postsovet məkanındakı vəziyyətə dair məruzə ilə çıxış etdi və çıxışında Azərbaycanın bölgədəki həlledici roluna xüsusi diqqət yetirdi. Hillari Klinton Riçard Morninqstarı Bakıya səfir göndərməsi ilə çox qürur duyur. Xanım Klinton əri Bill Klintonun Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçməsində həlledici rol oynaması ilə də fəxr edir. O, postsovet məkanı ölkələrinin problemlərindən çox yaxşı baş çıxarır və bu haqda yaxşı məlumatlıdır. Belə işbacaran və məlumatlı adamların ABŞ siyasətindəki rolunun güclənməsi bizə çox lazımdır. ABŞ-ın rolunu lazımınca qiymətləndirməmək olmaz. ABŞ yaxın illərdə daha güclü olacaq. Çünki onun nəhəng şist qazı ehtiyatları var. ABŞ-ın müvəqqəti çətinlikləri var idi. Amma böhrandan digər ölkələrə nisbətən daha tez çıxdı. ABŞ-ın qlobal resursları var. Bu ehtiyatları heç bir regional oyunçunun, o cümlədən Rusiyanın imkanları ilə müqayisə etmək olmaz. ABŞ hətta güclü inkişaf mərhələsində olan Çindən də çox üstündür.

- Belə çıxır ki, siz geoiqtisadi rıçaqların yeni dünya düzənində daha vacib alət olacağını düşünürsünüz?

- Əgər siz Putini nəzərdə tutursunuzsa, uzunmüddətli planda onun heç bir perspektivi yoxdur. Hətta ən zəif, yumşaq sanksiyalar da ona möhkəm zərbə vurmağa başlayıb. Rusiya Şimali Koreya, yaxud Əhmədinejad dövrünün İranı kimi bir şey deyil. Rusiyanın siyasi sinfi Qərblə nəfəs alır, Qərblə yaşayır, Qərbdə yaşayır, özünü Qərbsiz təsəvvür etmir. Putin deyə bilər ki, bu sanksiyalar Rusiyanın iqtisadi vəziyyətinə təsir etmir. Amma onun ətrafı artıq panikaya düşüb. Məncə, şist qazı inqilabı Rusiyanın yeni dünya düzənindəki rolunu kökündən dəyişəcək. Özü də təkcə Rusiyanın yox, həm də əhəmiyyəti getdikcə azalmağa başlayacaq Yaxın Şərqin...

-Siz hesab edirsiniz ki, Azərbaycanın da rolu azalacaq?

-Yox. Azərbaycanın rolu artacaq, çünki o, Avropanın enerji təhlükəsizliyini təmin etməlidir. Yəni Azərbaycanın rolu Səudiyyə Ərəbistanının rolundan daha mühüm və çəkili olacaq. İranın rolu artır, çünki bu ölkənin ətrafında beynəlxalq situasiya dəyişir. Azərbaycan sabitlik adasıdır və gələcəyi aydın olan ölkədir.

-Bəs Çinin rolunu necə görürsünüz? Məsələn, Boris Nemtsov hesab edir ki, Putin Çinin iqtisadi və siyasi dəstəyi olmadan heç vaxt bu cür əminliklə hərəkət edə bilməzdi...

-Birincisi, Rusiya öz valyuta ehtiyatlarını yuana çevirməyəcək. İkincisi, heç bir rusiyalı oliqarx və ya məmur Sibirdə və Şanxayda yaşamayacaq. Onlar üçün bu, “terra inkoqnita”dır (yasaq ərazi-red.). Onların hamısı Qərb sivilizasiyasına öyrəşiblər. Və digər tərəfdən, Rusiyanın bütün neftini və qazını Çinə yönəldəcəyi haqda səslənən bütün təhdidlər tamamilə mənasızdır. Çünki nəql infrastrukturunun tikintisi üçün Rusiyaya minimum 10 il lazım gələrdi. Bu, xırda şantajdır. Ona görə də mən bilmirəm ki, Putin nəyə arxayındır!

-Bir çox ekspertlər hesab edir ki, Ukrayna Rusiya üçün nə qədər böyük əhəmiyyət kəsb edirsə, Türkiyə də ABŞ üçün o qədər böyük əhəmiyyətə malikdir. Analitiklər əmindir ki, Qərb yaxın vaxtlarda prezident seçkiləri uğrunda yeni mübarizənin başlayacağı Türkiyəni elə-belə təslim etməyəcək...

-Mübarizə kimlərin arasında olacaq?

-Ərdoğan özü bəyan edib ki, o, ölkədə siyasi sabitliyi sarsıtmaq istəyən ABŞ-a və Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı mübarizə aparır...

-Əslində Ərdoğan son bəyanatında başqa cür danışırdı, onun tonu çox yumşalıb. Barak Obamanın hakimiyyətinin lap əvvəlindən Vaşinqtonla Ankara arasında çox dost münasibətlər yaranıb. Sonra problemlər meydana çıxdı və bu problemlər “ərəb baharı”, Türkiyənin Yaxın Şərqin liderinə çevrilməsi anlayışı ilə bağlı idi. Ancaq “ərəb baharı”ından sonra Yaxın Şərqdə vəziyyət dəyişdi, bundan əlavə Türkiyənin daxili problemləri meydana çıxdı. Ərdoğan böyük strateq kimi ABŞ-la toqquşmadan qaçacaq. Və onun son bəyanatları praqmatik yanaşmasından xəbər verir.

Əsas odur ki, Türkiyə öz daxili problemlərini həll etsin. Türkiyə sabit dövlət kimi bizim hamımıza lazımdır. Türkiyə bizim müasir dünyaya açılan pəncərəmizdir. Və Allah eləməsin ki, bu pəncərə sınsın və ya bağlansın.

-Siz zəmanəyə uyğun miqyaslı siyasətçisiniz. Və biz dəfələrlə bunun şahidi olmuşuq ki, böyük siyasətçilər öz xalqlarının çağırışı ilə yenidən hakimiyyətə necə qayıdırlar. Heydər Əliyevin və Eduard Şevardnadzenin tarixçəsi buna misaldır. Biz sizin böyük siyasətə yenidən səs-küylü qayıdışınızın şahidi ola biləcəyikmi?

-Mən Naxçıvanda olanda Heydər Əliyev muzeyinə baş çəkdim. Sonra İlham Əliyevlə öz təəssüratlarımı bölüşdüm. Mən ona dedim ki, indi Heydər Əliyevi daha çox başa düşməyə başlayıram.

Yeri gəlmişkən, mən tələbə olanda Bakıya gəlmişdim və Elçibəylə görüşdüm. Azərbaycanı bürüyən xaosun şahidi oldum. Mən İsgəndər Həmidovla da görüşdüm və gördüm ki, onun “boz qurdları” Bakı küçələrində avtomatla necə dolaşırlar.

-Sizdə isə “Mxedrioni”nin döyüşçüləri avtomatla dolaşırdılar...

-Tamamilə doğrudur. Gürcüstanda da eyni situasiya hökm sürürdü. Düzdür, əgər düzünü desək, bizdə daha betər idi. Və mən gözəl başa düşürəm ki, Heydər Əliyev hansı situasiyada idi və o, ölkə üçün nə etdi.

Mənim gedişimdən sonra Gürcüstanda nə dəyişdi? Praktiki olaraq proqressiv inkişaf dayandı. Çökmə baş vermədi, çünki dövlət hakimiyyəti institutları var. Gürcüstanın sürətli çöküşü baş verməyəcək, çünki bizim yaratdığımız institutlar hələ bir müddət inersiya ilə işləyəcək. Təbii ki, təvazökarlıqdan uzaq da olsa, mən və tərəfdaşlarım müasir gürcü dövlətçiliyini formalaşdırmışıq. Gürcüstanın yeni hökuməti hələ resurslar və entuziazmla dolu gənclər komandasından ibarətdir.

Mən hələ də özümü böyük siyasətdə hiss edirəm. Mənə senatorlar, nazirlər, indiki prezidentlər zəng edir... Yəni hələ elə hiss yoxdur ki, mən heç kimə lazım deyiləm və bir kənara atılmışam. Fəal işləyirəm, Ukrayna hadisələrində iştirak etmişəm. Bugünkü dünyada, facebookun olduğu bir vaxtda hadisələrə təsir göstərmək üçün vəzifənin olması vacib deyil. Mənim facebookdaki hər şərhimi 600-700 min adam oxuyur. Yəni biz başqa dövrdə yaşayırıq. Və məni siyasətdən birdəfəlik sildiklərini düşünənlər səhv edirlər.

Sizə Bdzina İvanişvili ilə son görüşümüzdən maraqlı epizod danışacağam. O, mənə deyəndə ki gürcü siyasətində sonumun çatdığı ilə barışmağın vaxtıdır, mən ona cavab verdim: “Never say never again” (“Heç vaxt “heç vaxt” demə). O, ingilis dilində danışmır, ancaq bu frazanı başa düşdü.

-Yəni siz böyük siyasətdən heç yana getməmisiniz?

-Əlbəttə ki, yox.

-Bəs onda Gürcüstana niyə qayıtmırsınız?

-Bir neçə səbəbə görə. Birincisi, mən həmişə təkrar etdiyim kimi Gürcüstanda həddən artıq çox və uzun müddət oldum. Mən yorulmadım, ancaq xalq məndən yoruldu. Və xalqa dincəlmək imkanı vermək lazımdır. Mən demişəm ki, ən azı bir il ölkədə olmayacağam. Hətta telekanalların efirində görünmək və müsahibə vermək də istəmirdim. Təəssüf ki, yaxud xoşbəxtlikdən Ukrayna hadisələri məni böyük siyasətə qaytardı. Mən fasilə elan etmək istəyirdim, öz üzərimdə işləmək, kitab yazmaq, akademik araşdırmalarla məşğul olmaq, keçmiş və gələcək haqda düşünmək fikrindəydim. Ona görə də 90-cı illərdə yaşadığım Nyu-Yorka qayıtdım. Və hər şeyi sıfırdan başladım. Yenə metro ilə gəzirəm, mağazada alış-veriş etməyə özüm gedirəm. Yəni yenidən enerji toplamaq zərurətini hiss etdim. Mən adi vətəndaş sinfindən çıxmışdım. Nə qədər olar? Sənin arxanca çamadanları daşıyırlar, mühafizə gəzir, çoxlu avtomobillər...

İkincisi, Avropa İttifaqının rəhbərliyi məni xəbərdar etdi ki, Gürcüstanda mənə qarşı cinayət işinin qaldırılması üçün Putinlə razılaşma əldə olunub. Və bu, baş versə, Gürcüstanın Avropaya inteqrasiyası ləngiyəcək. Onlar mənə dedilər ki, seçim sənindir - istəsən Gürcüstanda qala bilərsən və bununla da Avropaya inteqrasiya dayanacaq, hökumət isə Putinin əmrlərini yerinə yetirib səni təqib edəcək. Ya da situasiya dəyişənə qədər bir müddət ölkədən getməlisən. Mən bu məsləhətə qulaq asdım və ölkədən müvəqqəti getdim. Yeri gəlmişkən, onlar haqlı idi və ölkədən gedəndən az sonra mənə qarşı cinayət işi qaldırıldı. Ancaq Gürcüstan hökuməti Vaşinqtonun və Avropa İttifaqının ən yüksək dairələrindən sərt xəbərdarlıq aldı. Bir müddət sonra onlar yenidən mənə qarşı nəsə etmək istəyirlər, ancaq gürcü xalqı sonda buna imkan verməyəcək.

Gürcüstanda hamı bilir ki, mən heç vaxt korrupsiyaya bulaşmamışam. Çünki mənim vaxtımda korrupsiya yox idi və insanlar bunu başa düşür.

Siyasət sörfinqdir və siyasətçi həmişə dalğanın ləpəsinin üstündədir. Və mən bunu yaxşı bilirəm, çünki həm sörfinqlə, həm də siyasətlə məşğulam. Əsas odur ki, suyun altında qalmayasan. Bizim apardığımız islahatların sürətli tempi ağlıma bu fikri gətirdi ki, gün gələcək, dalğa məni bürüyəcək. Bəli, dalğa məni bürüdü, ancaq mən batmadım. Mən üzməkdə davam edirəm...

----------------

“UKRAYNADAN SONRA NÖVBƏ AZƏRBAYCANA ÇATACAQ" - Saakaşvilidən yeni xəbərdarlıq 

"Putin bu texnologiyanı Azərbaycana qarşı da tətbiq etməyə başladı. O, Moskvada yaşayan azərbaycanlı milyarderləri bir mərkəzə topladı..."

- Sizinlə o vaxt başdan-başa barrikadalardan ibarət olan Rustaveli meydanındakı görüşümüzdən 10 il keçdi. Gürcüstandakı “qızılgül”, Ukraynadakı “narıncı”, Qırğızıstandakı “tülpan inqilabları”ndan sonra əksər sovet xalqlarında tarixi inkişafla bağlı böyük ümidlər yaranmışdı. Hamı hansısa geosiyasi inqilabın baş verəcəyini gözləyirdi. Bu isə olmadı. Nə qədər qəribə olsa da hamının gözlədiyi bu geosiyasi inqilab haqqında indi siz danışırsınız. Geosiyasi inqilab arzusu 2004-cü ildə xalqların ümidlərini niyə doğrultmadı? Xalqlar niyə aldandı?

- Çünki müxtəlif ölkələrin və xalqların qarşısında tamamilə fərqli məqsəd və vəzifələr dayanırdı. Gürcülər özləri formalaşmış xalq olsalar da Gürcüstan tam formalaşmamış və oturuşmamış dövlət idi. Bizim “qızılgül inqilabı”nın məqsədi dövlətçiliyi qurmaq və möhkəm dövlət təsisatları yaratmaq idi. Gürcüstanda bir neçə əsr boyunca dövlət olmamışdı. Şübhə doğurmaayn fakt budur ki, gürcü dövlətçiliyini biz yaratdıq. Ukrayna bu gün Gürcüstanın 2003-cü ildə olduğu səviyyədədir. Ukraynada dövlət idarələrini, hətta bütöv şəhərləri niyə belə asanlıqla ələ keçirirlər? Ona görə ki, orada heç bir gerçək dövlət təsisatı yoxdur. 2003-də bizdə də elə idi.

Ukraynadakı “narıncı inqilab” digər məqsədinə - vahid milli mentalitetin yaradılması məqsədinə çatdı. Bu gün Ukraynanın Qərbində və Şərqində yaşayan ukraynalılar vahid millətdir. Bizdə inqilab başlayanda Ukraynadan üstün durumda idik. Əgər ukraynalılar indi, ikinci Maydan hərəkatından sonra dövlət təsisatları yarada bilsələr, deməli, onlar düzgün yolla gedə biləcəklər. İndi Rusiya hakimiyyətinin əsas məqsədi ukraynalıların bizim 10 qabaq Gürcüstanda edə bildiyimizi etməsinə - dövlətçiliyi yaratmasına imkan verməməkdən ibarətdir. Ona görə də mən sizin “bu inqilablar heç bir tarixi nəticəyə gətirib çıxarmadı” fikrinizlə razı deyiləm. Bəli, bizim Gürcüstandakı hakimiyyətimiz dəyişdi. Amma hətta “Biz hər şeyi dəyişəcəyik” şüarı ilə bizim yerimizə gələnlər də son nəticədə heç nəyi dəyişə bilmədilər. Niyə? Çünki dövlət təsisatları o qədər güclüdür, insanlar yeni qayda və prinsiplərlə yaşamağa o qədər öyrəşiblər ki, bu prinsiplərdən imtina etmək yeni hakimiyyəti dərahl sarsıdar. Əlbəttə, yeni hakimiyyət kimisə həbs edə, bu və ya digər şəxsə cinayət işi aça bilər. Amma o, dövlət qurumlarının fəaliyyətinə, gömrük, vergi, polis, səhiyyə, təhsil, sığorta və s. sisteminə təzyiq göstərə, onların fəaliyyətinə mane ola bilməz. Yəni bu sistem indi də bizim düşündüyümüz və yaratdığımız kimi işləyir. Ona görə də bizim başladığımız islahatların davamı olub və var, bu işlər davam edir. Heç nə izsiz ötüb keçmir.

Geosiyasətə gəlincə isə Putinin son addımları təkcə Qərbin zəifliyindən yox, həm də Rusiyanın özünün zəifliyindən irəli gəlir. Bu, siyasi iradələr arasındakı müharibədir. Putinin hücum etmək iradəsi var, Qərbin müqavimət göstərmək iradəsi isə yoxdur. Bu da yeni dövrün çağırışıdır. Mən elə bu gün (aprelin 30-da-red.) azərbaycanlı tələbələr qarşısında çıxış edib onlara dedim ki, biz sanki “Əli və Nino” dövrünə qayıtmşıq. Gəl ona ümid edək ki, yeni tarix XX əsrin faciəvi məhəbbət əhvalatı kimi faciəvi bitməyəcək.

- Sözünüzdən belə çıxır ki, Gürcüstanla Azərbaycanın öz müstəqillik dövrünü ötən əsrin əvvəllərində olduğu sayaq faciəvi şəkildə başa vura biləcəyi fikrini yaxın buraxır, bunu mümkün sayırsınız?!

- Ən azı bu prosesi başlayanlar bunu çox istəyirlər. Lakin bizim zəmanənin ən fərqli cəhəti budur ki, həmin qüvvələrin qarşısında dayanan əngəl yeni nəslin mövcudluğudur. Mən indicə Bakıda tələbələrin qarşısında çıxış etdim. O gənclərin əksəriyyəti SSRİ dağılandan sonra, müstəqillik illərində anadan olub. Müstəqil dövlət olmadan yaşamağı hətta heç təsəvvür belə etməyən yeni nəsil yetişib. Bu da tarixin təkərini geri döndərmək istəyənlərin qarşısında dayanan ən böyük əngəldir.

- Sizə elə gəlmirmi ki, Qərb özünün ilkin ideyasından - avtoritar Rusiya ətrafında “narıncı qurşaq” yaratmaq konsepsiyasından imtina edib? Bəlkə Qərb Rusiyanın özündə keyfiyyət dəyişiklikləri olmadan bütün postsovet məkanını dəyişməyin mürəkkəb olduğunu dərk edib?!

- Mən Qərbin özünün rolunu çox da şişirtməzdim. Biz öz gürcü inqilabımıza başlayanda amerikalılar bizə bu qarışıqlıqdan imtina etməyi məsləhət görürdü. Amma onlara qulaq asmadıq. Bir tərəfdən, Putin hesab edir ki, Maydan hadisələrini Mərkəzi Kəşfiyyat İdarəsi törədib. MKİ isə o biri tərəfdə başını qaşıya-qaşıya fikirləşir ki, necə oldu ki, QRU-nu (Rusiya Baş Kəşfiyyat İdarəsi-red.) gözdən qaçırdıq. Əslində isə nə QRU-nun, nə də MKİ-nin Ukraynadakı proseslərdə iştirakı olmayıb...

-Bəs onda bu nədir? Tarixi qanunauyğunluq?

- Yox, öz ölkəsinin maraqlarına birmənalı şəkildə tüpürən tərəf Ukrayna hakimiyyətidir. Məsələ hətta böyük ölçüdə xalq etirazlarına korrupsiyada və özbaşınalıqda da deyil. Məsələ ondadır ki, Ukraynada hətta özünün müstəqil ölkənin hakimiyyəti olduğunu hiss etməyən hakimiyyət mövcud idi. Yanukoviç özünü prezident kimi aparmırdı, o, sanki hansısa sexin rəisi idi. Ona görə də onun axırı belə oldu. Yanukoviç ikinci Maydanı özü qızışdırdı. “Narıncı inqilab”dan sonra buxar qazanından buxarı çıxmışdı və Ukrayna cəmiyyətində ikinci inqilab edə bilən qüvvə yox idi. Yanukoviç ölkəsini öz həyasız, kobud, yolverilməz siyasəti və milli maraqlara məhəl qoymayan siyasəti nəticəsində bu günə saldı.

Qərb isə bu situasiyanın yarana biləcəyini hesablamamışdı. Soruşursunuz ki, Qərb Rusiyanı dəyişdirmək istəyirmi. Budur, onlar indi Rusiyanı doğrudan da dəyişmək istəyirlər. Onlar Rusiya ilə məşğul olacaqlar. Status-kvo Qərbdə çoxlarını qane edirdi, Putin gözəl qane edirdi. Ancaq indi onlar başa düşdülər ki, ilk növbədə Rusiyanın özündə situasiyanı dəyişmək lazımdır. Putin bir şeydə səhv etdi. O, ABŞ-ın Suriyaya müdaxilədən imtina etdiyinə görə postsovet məkanına da müdaxilə etməyəcəyini düşünəndə yanıldı. Ancaq Putin başqa məsələni nəzərə almadı - Krım və Ukrayna bütün postsovet məkanı kimi Yaxın Şərqdə yox, Avropada yerləşir. Amerikalılar isə Avropada gedən proseslərə çox həssasdır. İkincisi, Putin ən əsas məsələni yaddan çıxardı - Qərb müəyyən mərhələyə qədər satqın və dözümlüdür, ancaq onun həyati əhəmiyyətli maraqlarına toxunanda tamamilə konsolidasiya olunmuş və sərt mövqedən çıxış edir.

Putin ukraynalıların artıq heç bir əhəmiyyəti olmadığını elan etməklə dünya düzənini dağıtdı. Avropanın sərhədlərinin toxunulmazlığından isə avropalı bürgerin rifahının səviyyəsi asılıdır. Avropa bürgerinin həyati əhəmiyyətli maraqlarına toxunmaq lazım deyil, əks halda o, özünü başqa cür aparacaq. Avropa bürgeri öz maraqlarına laqeyd yanaşmayacaq.

-Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən bir neçə ay əvvəl siz Azərbaycanda dövlət çevrilişi təhlükəsi barədə səs-küylü bəyanat verdiniz. Dediniz ki, bu çevrilişin ardınca xarici hərbi müdaxilə başlayacaq. Kreml əvvəlcə bu çaxnaşma və təlatümləri Azərbaycanda planlaşdırırdı?

- Rusiya Gürcüstanda nə etdi? “Qazprom”un ən iri səhmdarı qəfildən əlavə 2 milyard dollar alan gürcü oldu. Hansısa möcüzəvi formada Gürcüstandakı seçkilərdən az əvvəl o, rusiyalı ekspertlərin hesablamalarına görə, ən çoxu 1 milyard dollar edən aktivlərinin əvəzində 2 milyard dollar aldı. Yəni başa düşürsünüz də nə baş verir? O, öz səhmlərini görünməmiş qiymətə satdı. Hansı ki, ən nüfuzlu rusiyalı oliqarxlar belə buna nail ola bilmir. Bundan sonra bizdə hakimiyyət dəyişikliyi baş verdi. Putin öz arzusuna çatdı - Gürcüstanda mənim hakimiyyətimdən yaxa qurtardı. Baxmayaraq ki, o, 2008-ci il müharibəsindən dərhal sonra da buna nail ola bilməmişdi.

Putin bu texnologiyanı Azərbaycana qarşı da tətbiq etməyə başladı. O, Moskvada yaşayan azərbaycanlı milyarderləri bir mərkəzə topladı. Yeri gəlmişkən, onların sayı çoxdur və gürcü milyarderlərindən daha nüfuzludurlar. Azərbaycanlı milyarderlər reallıqla barışmağa məcbur oldu və Kremllə kompromisə getdi. Onlar öz qüvvələrini təşkil etməyə başladılar. Olduqca maraqlıdır ki, həmin qüvvələr öz toplantılarını Gürcüstanda keçirməyə başladılar. Bu, Rusiya pulları və maraqları ilə bağlı idi. Əgər biz demokratiyadan danışırıqsa, o zaman həmin adamların demokratiya ilə heç bir əlaqəsi yox idi. Ən azı ona görə ki, Putin Rusiyasında demokratiya yoxdur. Gürcüstanın indi çətinlikləri var, ancaq Azərbaycan öz müstəqilliyini itirsə, o zaman bizim ölkə də tükdən asılı vəziyyətə düşəcək. Əigər Putin Gürcüstanda etdiklərini Azərbaycanda da edə bilsəydi, o zaman bizim regionun ölkələri real müstəqilliklərini itirərdilər.

- Necə hesab edirsiniz, Putin Azərbaycanda hakimiyyəti dəyişdirmək cəhdlərini davam etdirəcəkmi?

- Mənim bildiyim qədər Rusiya öz vəzifələrini mərhələlərlə həll edir, müəyyən məqamda öz qüvvələrini və diqqətini ancaq bir ölkəyə yönəldir. Ona görə də nə qədər ki Putinin başı indi Ukraynaya qarışıb, Azərbaycanın vaxtı var. Ancaq Putin qərara alsa ki Ukrayna ilə bağlı bütün məsələlər öz həllini tapıb, o zaman növbə Azərbaycana çatacaq, onun Azərbaycanla məşğul olmağa böyük həvəsi yaranacaq. Niyə? Çünki Avropa Rusiyanın enerjidaşıyıcılarından imtina etmək qərarına çox yaxındır. Və bu, bütün Avrasiya məkanında mənzərəni dəyişdirəcək. Avropa öz enerjidaşıyıcılarına tələbatı nə ilə ödəyəcək? Bəli, zəruri resursların bir hissəsi Amerikanın şist qazı və sıxılmış qazı hesabına ödəniləcək. Ancaq bu yolda müəyyən çətinliklər var. Birincisi, proses bir neçə il vaxt aparacaq, ikincisi, ABŞ-ın Avropanı tam təmin etmək üçün resursları kifayət deyil. Ancaq Orta Asiyada və Azərbaycanda kifayət qədər ehtiyatlar var. Yəni Avropa Azərbaycan və Türkmənistan qazı olmadan yaşaya bilməz! Bu reallığı həm avropalılar, həm də amerikalılar dərk edir. Yeri gəlmişkən, Türkmənistanda güclü tərəddüdlər var. Ancaq mənim informasiyama görə, Türkmənistan artıq Azərbaycanla münasibətlərini inkişaf etdirməyə həvəslə razılıq verib. Nəhayət, onlar da başa düşüblər ki, indiki geosiyasi vəziyyətdə bu, yaşamaq üçün yeganə vasitədir.

Əgər Azərbaycan öz müstəqil siyasi xəttini davam etdirsə, Rusiya Avropanı şantaj edə bilməyəcək. Ona görə də Rusiya strateji planda Azərbaycan üzərində tam nəzarət yaratmağa çalışacaq. Bu, özlüyündə aydındır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan bütün bu 20 il ərzində həmişə müstəqil siyasi xətt yeridib və heç vaxt tərəddüd etməyib. Problem Rusiya ilə Qərb arasında seçim edərkən manevr edə-edə tərəddüd edən Orta Asiyadadır. Onlar məhz buna görə ciddi uğur qazanıblar. Diqqət edin, onların bütün kommunikasiya xətləri şimaldan keçib gedir. Bu ölkələr manevrlər üçün həmişə ayaq yeri saxlayır və qəti qərar verməkdən yayınırlar. Azərbaycan isə özünü təmin edən bir dövlət olaraq öz müstəqil siyasi və iqtisadi xəttini dəqiq müəyyən edib.

(davamı olacaq)

Eynulla Fətullayev, Zaur Rəsulzadə

Virtualaz.org

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar