NATO RUSİYA İLƏ MÜHARİBƏ ÜÇÜN 4 ZƏRBƏ QRUPU HAZIRLAYIR - Putin isə Qərbi nüvə silahı ilə təhdid edir

Böyük Britaniya gələn il Rumıniyada qırıcı təyyarələr yerləşdirməyə söz verib. ABŞ isə “soyuq müharibə”dən sonra ilk dəfə Rusiya sərhədləri yaxınlğında müxtəlif təyinatlı hərbi hissələr yerləşdirməyi planlaşdırır. Bu məqsədlə NATO hərbi hissələrinə aid çoxlu sayda əsgər, tank və artilleriya qurğularını Polşaya yollayacaq. NATO-ya daxil olan digər ölkələr - Almaniya, Kanada və digər müttəfiqlər də Rusiya sərhədlərinə hərbi dəstələr göndərməyə hazırlaşırlar”. “AzPolitika.info”nun məlumatına görə, bu fikirlər “Reuters”də dərc olunan geniş məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: “Bütün bunların detalları, qanadlı raketlərlə təchiz edilmiş Rusiya gəmiləri Baltik dənizinin Danimarka və İsveç arasındakı hissəsinə daxil olan bir vaxtda, Brüsseldə NATO xarici işlər nazirləri tərəfindən müzakirə olunub. NATO 40 min nəfərlik çevik hərəkət korpusuna söykənən, hər biri 4000 əsgərdən ibarət dörd zərbə qrupu təşkil etməyi planlaşdırır. Bu say vəziyyətdən asılı olaraq artırıla da bilər.

İspaniya bildirib ki, Rusiya ondan Aralıq dənizindəki gəmilərinin İspaniyanın Şimalı Afrikada yerləşən Seute anklavında yanacaq doldurmasına icazə verməyi xahiş edib. London və digər müttəfiqlər isə Madridi xəbərdar ediblər ki, bu gəmilər Suriya sahillərinə yan alırlar.

Hazırda Suriyanın Hələb şəhəri Bəşər Əsəd qoşunları, Rusiya aviasiyası və iranlı döyüşçülər tərəfindən mühasirəyə alınıb. “Admiral Kuznetsov” aviadaşıyanın da iştirak etdiyi səkkiz gəmidən ibarət heyət, artıq xeyli sayda Rusiya hərbi gəmisinin dayandığı Suriya sahillərinə yaxınlaşırlar.

Yens-Stoltenberq

NATO baş katibi Yens Stoltenberq bildirib ki, alyansın Baltik ölkələrində və Şərqi Avropada əlavə dörd min nəfərlik kontingentini yerləşdirməsi, Rusiyanın hərəkətlərinə qarşı hərtərəfli ölçülmüş bir cavabdır.

Stoltenberq deyib: “Rusiya bu ay ərzində nüvə başlıqları daşıya biləcək “İskander” raketlərini Kalininqrad şəhəri yaxınlığında yerləşdirərək, ABŞ-la plutonium silahının ləğvi ilə bağlı əməkdaşlığını dayandırıb”

“İskander” raketləri Polşadakı və Pribaltika ölkələrindəki bütün hədəfləri vurmaq qabliyyətindədir. Nə Moskva, nə də NATO rəsmiləri Kalininqradda yerləşdirilmiş raketlərin nüvə başlıqları ilə təchiz olunub-olunmaması barəsində heç nə söyləmirlər.

Alyansın lider ölkələri, Qərbin bir hissəsinə çevrilmiş Pribaltika respublikalarını və vaxtilə sovet blokuna daxil olmuş Şərqi Avropa ölkələrini, 2014-cü ildə Krımın Moskva tərəfindən ilhaqından sonra yaranmış təhlükə fonunda qorumaq üçün , bu ilin iyun ayında əlavə tədbirlər görəcəklərinə söz veriblər.

Pentaqon rəhbəri Eşton Karter deyib ki, ABŞ gələn ilin iyun ayına qədər Polşanın şərqinə döyüş hazırlığı vəziyyətinə gətirilmiş 900 nəfərdən ibarət batalyon göndərəcək. Həmçinin Şərqi Avropaya tank və ağır texnikadan ibarət dəstələr yollanılacaq.

Eşton Karter bildirib:”Bütün bunlar ABŞ-ın önləyici tədbirlərin görülməsi potensialına sadiq qaldığının siqnalıdır.”

Böyük Britaniya müdafiə naziri Maykl Fellon isə söz verib ki, may ayından başlayaraq, 800 nəfərdən ibarət britaniyalı, fransız və danimarkalı əsgərlər Estoniyada yerləşdiriləcək.

Bundan əlavə Qara dənizdə patrul uçuşları həyata keçirmək üçün Rumıniyadakı aviabazalardan Britaniyanın “Typhoon” qırıcıları havaya qalxacaqlar. Əməliyyatlara həmçinin Türkiyə də qatılacaq.

Bu yayda Avropa Birliyindən çıxmağı qərara almış Böyük Britaniyanın müdafiə naziri bildirib: “Hərçənd ki, biz AB-ni tərk edirik, lakin NATO-nun Şərq və Cənub cinahında təhlükəsiziliyin təmin olunmasına böyük səy göstərəcəyik.”

Moskva ilə Qərb arasındakı gərginlik, Krımın ilhaq edilməsindən və Rusiyaya qarşı sanksiyaların tətbiqndən sonra artıb. Lakin əlaqələrin kəskin pisləşməsi, ABŞ və Rusiyanın vasitəçiliyilə Suriyada hazırlanan barışığın pozulmasından sonra baş verib. Amerika tərəfindən Moskvanın ona qarşı kiber hücumlar təşkil etməsi ittihamı isə vəziyyəti daha da ağırlaşdırıb. Vaşinqtonun fikrincə, Moskva bu kiber hücumlarla ABŞ-dakı prezident seçkilərini pozmaq istəyir.

Bununla belə Avropa Birliyinə üzv ölkələrin liderləri ötən həftə keçirilən yığıncaqda Rusiyanın Hələbi bombalamasına qarşı vahid cavabın verilməsi məsələsində razılığa gələ bilməyiblər. Çünkü Moskvanın əsas ticarət əməkdaşı olan İtaliya yeni sanksiyaların əleyhinə çıxış edib.

Rusiya prezidenti Vladimir Putin isə Qərbi nüvə silahı ilə təhdid edir. Moskvanın oktyabr ayının əvvəlindən plutoniyumun ləğvi ilə bağlı ABŞ-la olan müqaviləni dayandırması da bununla bağlıdıır. Putin bununla açıq şəkildə ona işarə vurur ki, Vaşinqton nüvə silahının azaldılmasına o zaman razılaşacaq ki, Qərb Suriya və Ukrayna məsələsində ona güzəşt etsin.”

V. Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar